“Daim irəli getməyə
alışmışam”
“Məni doğma vətənimlə biznes deyil, mədəniyyət, yaradıcı tellər bağlayır”
O, musiqi ilə 15 yaşından məşğul olmağa başlayıb. O zaman hələ yaradıcılıq planları yox idi. Sadəcə oxuyurdu. Qəlbinin səsini və arzularını musiqi ilə qarşısındakı insanlara çatdırırdı. Kiçik yaşlarından musiqiyə həvəsli idi. Xüsusən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasında idi. 2006-cı ildə ingilis dilində “Still” adlı ilk albomu çıxır və eyniadlı mahnı hitə çevrilir. Albomda həm də bəstəkar kimi özünü göstərir. 2007-ci ildə musiqisevərlərə təqdim olunan “İncredible” albomundan “Don't Cry” mahnısı “Sıfır kilometr” (“Nulevoy kilometr”) filminin saundtrekində yer alır. Emin 2010-cu ildə artıq musiqisini Avropaya tanıtmaq qərarına gəlir və “Wonder” albomunu Britaniyada satışa çıxarır.
Bu gün isə... Bu gün o, sevilən və birincilər sırasına daxil olan populyar estrada müğənnisidir. Deyir ki, yeni uğurlar, çoxlu sayda musiqi mükafatları əldə edənə qədər oxuyacağam. Çünki mənim dinləyici və pərəstişkarlarım var. Onların sevgisinə, diqqətinə görə var qüvvəmlə özümü sənətə həsr edəcəyəm. Mən daim irəli getməyə alışmışam.
Rusiyada Azərbaycanı təmsil edən ulduz
Noyabrın 29-da Azərbaycan estrada musiqisi həvəskarları üçün yaddaqalan günlərdən biri oldu. İlk dəfə Azərbaycan əsilli müğənni Emin Ağalarov Rusiyanın “Zolotoy Qrammofon” illik mükafatına (“Na krayu” albomundan “Ya luchşe vsex jivu” mahnısına görə) layiq görüldü. 35 yaşını qeyd edən Emin üçün 2014-cü il unudulmaz hadisələrlə yadda qaldı. Ad gününü silsilə konsertlərlə qeyd edən müğənni doğma Bakını da unutmayıb. Dekabrın 4-də paytaxtın ən böyük konsert salonu olan “Cristall Holl”da konsert proqramı ilə çıxış edən müğənnini səhnədə sənət yoldaşları tək qoymadılar. Tanınmış estrada ulduzları Qriqori Leps, Ani Lorak, Stas Mixaylov və digərləri də paytaxt tamaşaçılarını öz performansları, Eminlə duetləri ilə sevindirdilər.
Eminlə dekabrın 3-də “Cristall Holl”da məşqlər
zamanı görüşdük. Bizi böyük səmimiyyətlə
qarşılayan müğənni suallarımızı da elə
səmimi, rəsmiyyətdən uzaq və sadə
cavablandırdı.
- İlk albomunuzun
işıq üzü görməsindən 8 il
keçib, Emin öz istəklərinə nail ola bilibmi?
- Deyərdim
ki, mən hələ yolun başlanğıcındayam. Hələ çox işlər görməliyəm.
Bu baxımdan 2014-cü il xüsusi il oldu. Bir ildə iki musiqi mükafatına layiq
görüldüm. “Zolotoy Qrammofon” və
“World Music Award”. Hər ikisi böyük
mükafatlardır və mən ilk azərbaycanlıyam ki, bu
mükafatlara layiq görülmüşəm. Bu səbəbdən
2014-cü il mənim üçün
uğurlu oldu.
- Hər
zaman peşəkar prodüserlə
çalışırsınız. Müğənninin
özü, yoxsa prodüseri yaradıcılığında əsas
rol oynayır?
- Əlbəttə, ilk növbədə müğənni
özü. Ona görə ki, müğənni özü
seçim edir. Hansı mahnını
oxuyacaq, necə hərəkət edəcək. Prodüser isə bu yolda istiqamət verir. Son qərar isə yenə də müğənninindir.
Hər bir müğənni özünə
cavabdehdir.
-
Janrınız da, ifanız da fərqlidir. Necə
düşünürsünüz, dinləyiciləri daha
çox janrla, yoxsa ifanızla cəlb edirsiniz?
- Məncə,
bunlar ayrılmazdır. Səs, ifa, janr, səhnədə
professionallıq və s. Bütün bu cəhətlər
müğənninin xeyrinədir. Müğənni
səhnədə bütün silahlardan istifadə etməyi
bacarmalıdır.
Atalar və
övladlar...
- Konsertlərinizin
birində zaldan “Mən yaxşı oxudummu?” deyə
soruşmuş, sonra da əlavə etmişdiniz: “Əgər
yaxşıdırsa, bunu atama da deyin”. Həmişə
ilk tənqidçiniz atanızdır?
- İlk olmasa da, o, həyatımda məni tənqid etməyə
haqqı çatan insanlardan birincisidir. Ata kimi o məni
tez-tez belə tənqidlərə məruz qoyur. Düşünürəm ki, hər bir valideynin
övladı üzərində bu haqqı var. Səhnədə
olduğum zaman atam mənə görə həyəcan
keçirir, sevinir, fəxr edir. Mən onun
yeganə oğluyam və istəyir ki, onu pərt etməyim.
- Bayaq
balaca Əli və Mikayıl da səhnədə idilər. Hərəkətlərindən
görünürdü ki, musiqini duyurlar. Ata
kimi övladlarınız barədə nə demək istərdiniz?
- Onlar
çox istedadlıdırlar. Gələcəkdə
istərdim ki, onlar özləri öz yollarını
seçsinlər və mən də bu yolda onları dəstəkləyim.
Özümə isə arzulayıram ki, mən də
övladlarıma öz atam kimi nümunə ola
bilim. Necə ki, atamı hər zaman özümə
nümunə bilmişəm. Ailədə oğul
üçün nümunə ola biləcək
ata mühüm amildir.
- “Mən sadəcə Eminəm” deyirsiniz. Sadə Eminin
daxili dünyasının mürəkkəblikləri
varmı?
-
Düzünü desəm, yox. Mən həyatda
da, səhnədə də, daxili dünyamda da
gördüyünüz kimiyəm. Bir
sözlə, dəyişilməzəm.
- Biznes və
sənət. Vaxtı necə
bölürsünüz?
-
Bütün insanlar kimi işə və ailəyə
ayrılan vaxt dəqiqliyi ilə. Sadəcə məndə
iki deyil, üç punkt var. Ailə, biznes və sənət.
Üçünə də vaxt ayırmaq
imkanım olur.
-
Fanklublar, pərəstişkarlarla əlaqəniz varmı?
- Bəli.
İlk növbədə İnstaqram şəbəkəsinin
aktiv istifadəçisiyəm. Moskva və
Bakıdakı fanklublar bundan xəbərdardırlar. Onlarla birbaşa əlaqədəyəm. Bəzən çıxışlarımı ilk
olaraq onlar paylaşırlar.
-
Dekabrın 2-də avtoqraf-sessiyanız təşkil edildi. Bir az təəssüratlarınızı
bölüşərdiniz?
-
Çox isti və möhtəşəm bir gecə idi. Səni yüzlərlə insan gözləyir. Hamıya vaxt çatmır. Buna görə bir
az narahat oluram, istəyirəm ki, hər kəs
ən xoş təəssüratla ayrılsın.
Unudulmaz
müəllim
- Bir
çox müğənnilər müəyyən yaş həddindən
sonra səhnəni tərk edirlər...
- Burada hər
şey sadədir. Yaxşılardan nümunə
götürmək lazımdır. Müslüm Maqomayev
kimi dahi sənətkar hiss etdi ki, artıq bəsdir. Nə vaxt görsəm ki, artıq istədiyim kimi
çıxış edə bilmirəm, təbii o zaman gedərəm.
İnanıram ki, bu, tezliklə baş verməz.
-
Müslüm Maqomayevlə bağlı xatirələriniz
çoxdur...
-
Çox söz demək olar. O, unikal insan idi. Sovet
İttifaqının tarixində ən yüksək zirvəyə
çatan sənətkar idi. Həm də ətrafdakılara
öz hərəkətləri, mədəniyyəti ilə ən
böyük nümunə idi. Hədsiz
populyarlığa və tanınmasına baxmayaraq, öz
ciddiliyini, alicənablığını qoruyub
saxlayırdı. Heç bir qeyri-adilik ona
təsir edə bilmədi. O hər zaman qonaqlarını
düşüb küçədə qarşılayar,
sağlığına badə qaldırılanda qalxıb ayaq
üstə dinləyərdi. Mənəviyyatı
və mədəniyyəti yüksək olan nadir insanlardan biri
idi. Bax bu sənətçidə vacib
xüsusiyyətdir.
- Sizə
öz mahnılarınızı ifa etmək daha
maraqlıdır, yoxsa digər bəstəkar
mahnılarını?
- Çətin
sualdır. Mən təzəlikcə digər
müəlliflərin bəstələrini oxumağa
başlamışam. Bu mənim xoşuma gəldi.
Çünki müəllif kimi mən təkrarlana
bilərdim. Amma bu yenilik mənim
yaradıcılığıma əlavə şrtixlər,
repertuarıma və ifaya da rəngarənglik gətirir.
-
Yaradıcılığa başlayanda Moskvada, yoxsa Azərbaycanda
populyarlığınızı müəyyən
etmişdiniz?
- Musiqi ilə
məşğul olmağa başlayanda ağlıma da gəlməzdi
ki, məşhur olaram. Bunu ancaq arzulaya bilərdim.
Əsas mənim bəstələrimdir. Bu da çox inanılmaz oldu ki, bəstələrim
və ifam tezliklə sevilməyə başlandı. Bu mənə verilən böyük dəyərdir.
Tamaşaçılar tərəfindən sevilməyimə
minnətdarlıqla yanaşıram.
Sevimli məkan
- Hər
zaman deyirsiniz ki, sizin üçün ən sevimli məkan və
sevimli səhnə “Sea Breeze”dir...
- Bəlkə
də ona görə ki, oranı özüm yaratmışam. İstəyirəm, orada daha bir hotel tikdirim. Orada keçirilən yay tədbirləri daha
irimiqyaslı olsun, dünyanın hər yerindən orada
musiqiçilərin çıxışına imkan
yaransın, konsertlərin sayı çox olsun. Bakıda
az olduğumdan bu, bir az çətindir. Bu layihə qəlbimin ən əziz istəyidir.
Bəri başdan deyim ki, bu biznes deyil,
yaradıcılıq layihəsidir. Boya-başa
çatdığım doğma Xəzərin sahili, bu
miniatür, yığcam “Sea Breeze” mənə çox əzizdir.
Mən Azərbaycanda biznes fəaliyyəti ilə
məşğul olmaq istəmərəm. Burada
yalnız yaradıcılıq olacaq. Məni
öz doğma vətənimlə biznes deyil, mədəniyyət,
yaradıcı tellər bağlayır.
- “Cristall Holl”dakı konsertlə bağlı nə deyərdiniz?
- Bu, həyatımda
ən böyük şoulardan biridir. Moskvadan
50-yə yaxın texniki işçi bizimlə Bakıya gəlib.
Bütün mahnılar üçün yeni
aranjirovkalar işlənib. Çətin,
canlı və maraqlı bir konsert proqramıdır. Bakıdan sonra bu proqramı Moskvada və Piterdə təqdim
edəcəyəm. Unudulmaz Müslüm
Maqomayev deyərdi ki, mən həmişə yeni proqramı
Bakıda təqdim edirəm. Çünki
Bakı səhvləri bağışlaya bilən yeganə məkandır.
- Azərbaycanda
keçirilən mühüm tədbirləri izləyirsinizmi?
-
Vaxtım olduğu qədər mütləq izləyirəm. İzləməsəm belə bütün hadisələrdən
xəbərdar olmağa imkanım olur. Burada
komanda işləyir və onlarla daima əlaqədəyəm.
- Ad
gününüzdə gözlədiyiniz hədiyyə olubmu?
- Bu bir qədər
qeyri-təvazökar səslənə bilər, amma mənim
demək olar maddi cəhətdən heç nəyə
ehtiyacım yoxdur. Mənim üçün pulla
alınan hədiyyə o qədər də əhəmiyyətli
deyil. Bu səbəbdən də artıq
bir neçə ildir öz ad günlərimi konsertlər təşkil
etməklə qeyd edirəm. Ən
böyük hədiyyə isə bu konsertlərə gələn
insanların sevgisi və dolu tamaşaçı
zalıdır.
- Söhbətimizin
sonunda azərbaycanlı pərəstişkarlara
sözünüz...
- İlk növbədə sağ olsunlar ki, vardırlar. Onlar yoxdursa,
artist də yoxdur. Hamıya həyatda ən
sadə və ən vacib olan üç şey -
cansağlığı, məhəbbət və xüsusən
də övladlarının sağlam olmalarını
arzulayıram.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 5
dekabr.- S. 8.