Şeir sevən balalar
Sumqayıt şəhər
Mərkəzi uşaq kitabxanasında Azərbaycan
uşaq ədəbiyyatının görkəmli
nümayəndəsi İlyas
Tapdığın 80 illik yubileyi
münasibətilə “Şeir sevən balalar” adlı ədəbi-bədii gecə keçirildi.
Tədbiri kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova açaraq iştirakçılara İlyas Tapdığın həyat və yaradıcılığı, Azərbaycan uşaq ədəbiyyatındakı mövqeyi haqqında məlumat verdi. Bildirdi ki, son altmış ilin uşaq poeziyasını İlyas Tapdığın yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. Onun “Bulaq başında”, “Meşənin mahnısı”, “Çiçəklərim, güllərim”, “Arxalı dağlar” şeir və poemalar kitabları bir neçə nəslin yaddaşında həkk olunan poeziya örnəkləridir. Uşaqlar üçün yazmağın çətinlikləri çoxdur, məsuliyyəti ondan da böyükdür və İlyas Tapdıq bu çətinlikləri və məsuliyyəti çox yaxşı duyur. O, şeirlərində uşaqları təkcə dünyanın bilməcələri ilə tanış olmağa deyil, həm də gələcəyə qanadlandırır.
Sumqayıt şəhərində məskunlaşmış Qubadlı rayon Mahruzlu kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi Məxmər Hüseynova şairin poeziyası və tərcüməçilik fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi.
Tədbirin bədii hissəsində Qubadlı rayon Mahruzlu kənd tam orta məktəbinin IV sinif şagirdləri İlyas Tapdığın şeirləri və şeirlərinə bəstələnmiş mahnıları ifa etdilər, maraqlı səhnəciklərlə tədbirə xüsusi rəng qatdılar.
Sonda iştirakçılar “İlyas Tapdıq və uşaq aləmi” adlı kitab sərgisi ilə tanış oldular.
Leyla Məmmədli,
Sumqayıt şəhər
Mərkəzi uşaq kitabxanasının multimedia mütəxəssisi
Mədəniyyət.- 2014.- 5
dekabr.- S. 11.