Həsrətin nəğməsi
şirin olarmış...
Burdan bir atlı keçdi,
Atın oynatdı keçdi.
Gecəni lərzə saldı,
Günü oyatdı keçdi...
O, zaman-zaman “Burdan bir atlı deyil,
burdan min atlı keçdi. Atın izləri torpaqda,
daşda, qayalarda, üfüqlərdə qaldı.
Heyf, bizim nəsil o zirvələrə qalxa bilmədi. Ətəklərə endik, düzlərə
çıxdıq, nəticədə
zirvələri də
itirdik, düzləri də. Ancaq o atlılar hələ də zirvələrdədir”,
- deyib ağrı ilə ürəyini boşaldır...
Həqiqət isə budur: Ordan min-min atlı,
piyada yol aldı, köç etdi. Didərginlik, köçkünlük dadaraq, doğma torpaqdan qoparılan iri bir ağacın
kökü kimi sarsıldılar bu torpaqda. Nə kök ata, nə də yaşıllanıb qol-budaqlana
bildilər. Bəlkə elə
saralmış yarpaqlarını
yorğun budaqlarından
qoparmamaq, əbədiyyətini,
mənsubluğunu qoparıldığı
kökə, torpağa
hopmaqla yenidən pöhrələnib yaşıllanacaqları
günə ümidləndilər.
Şair-dramaturq, gözəl ziyalı,
özü kimi yurd həsrətli həmvətənlərinin ağrı-acısını
ustalıqla duyub səmimiyyətlə qələmə
alan Hidayətin
bu arzusu müqəddəs olduğu
qədər də inandırıcıdır. Bəlkə elə
o arzular hələ də içlərinə
dəfn etdikləri ağrılarla qoparıldıqları
torpağın qoxusunu
ciyərlərinə çəkmə
fürsətidir. Ya da oraların ağırbatman
kişisinin buralarda sözünə ehtiyac, təsəllisinə möhtaclıq.
Yəqin
həm də ürəkdolusu özünə
qayıdış, dünənin
yaddaş vərəqləməsi,
“hardan gəldik, hara gedirik” kimi
nisgilli el yanğısıdır.
Ola bilər tamaşaçı
kimi mənim duya bilmədiyim başqa səbəblər
də gətirmişdi
onları bu məkana. Amma səmimi gəliş idi bu...
2 dekabr. Soyuq, yağışlı, küləkli, didərginlik
qədər sazaqlı
gündə Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bir Vətən harayı, itirilmiş torpaq nisgili at oynadırdı.
Salonu dolduran qələbəlik
sanki müəllifin “Üz tutaq tarixin
dərin qatlarına.
Üz tutaq İrəvan dediyimiz o ulu torpaqlara. O zamanlar ki hələ sovetin bayrağı erməni başı üzərindəydi. Hələ erməni
şovinizmi yenicə ayaq açırdı.
Ancaq bizim üçün vacib olan o ulu
torpaqlarda yaşayan həmvətənlərimizin erməni
şovinistlərinə qarşı
apardıqları intellekt
mübarizəsidir. İrəvan, 1968-ci il” girişi ilə başlayan təqdimat-tamaşasına bir
ağızdan “Mən
də o eldənəm”
demək istəyirdi.
Beləcə, səhnəyə
can atır, gözlərinin
görüb qulaqlarının
şahidlik etdiyi, birbaşa yaşadıqlarına
yazıçı təxəyyülü,
vətəndaş yanğısı,
şair lirizmi ilə mükəmməl ədəbi-bədii
don geyindirən müəllifə
bu möhtəşəmlikdə
minnətdarlıq edirdilər.
Didərgin taleli C.Cabbarlı
adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrının
133-cü mövsümündəki növbəti premyerasında
da tamaşaçı
sevgisi və diqqəti onları tərk etmədi. Şair-dramaturq Hidayətin “Burdan
min atlı keçdi”
əsəri əsasında
hazırlanan ikihissəli
tarixi-xronoloji dram alqışlarla
qarşılandı.
Bu məqamda diqqətimdən
yayınmayan bir detalı xüsusilə vurğulamaq istəyirəm. Səhnədə baş verənlərə
diqqət kəsilən
tamaşaçılar hər
hansı dialoq və adi epizoda
da mütləq alqışla reaksiya verir və ya
o səhnədən hayqıran
gerçəyi öz
aralarında təkrarlayırdılar.
Bu da müəllifin
fakta münasibətindəki
şəffaflıqdan, ustalığından
soraq verirdi.
Teatrın dövlət sifarişi
ilə hazırladığı
tamaşaya Hüseyn Ərəblinski adına
Sumqayıt Dövlət
Dram Teatrının baş
rejissoru, Əməkdar
artist Firudin Məhərrəmov
quruluş vermişdi.
XX əsrin sonlarında Qafqazda münaqişələrin
alovlanması məqsədilə
gizli siyasət yürüdənlərin əməllərinə
qarşı ulu öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin
Qərbi azərbaycanlıların
erməni şovinistləri
ilə gərgin mübarizəsini əsas ideya kimi irəli
sürən əsər
Azərbaycan xalqının
başına gətirilən
bəlaların mükəmməl
təsviri, unikal səhnə həlli idi. Mənfur qonşularımızın illər,
əsrlərlə gizli-aşkar
apardığı şovinist
siyasət, qeyri-insani davranışlar, bu fonda havadarlarının
verdiyi dəstəklər
sayəsində azərbaycanlıların
əzəli və əbədi torpaqlarından
köçürülməsi zəncirvarı şəkildə
təqdim olunurdu. Bu kontekstdə müəllif
məsələnin izahında
çoxşaxəli təsvir
metodlarından ustalıqla
bəhrələnmişdi.
Müəllifin bu tələbini aydın duyan rejissor tempi salmadan verdiyi mizanlarda tamaşaçını həyəcanda
saxlaya və onu əslində məsələnin əsl
mahiyyətinə varmağa
vadar edirdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin səhnədə bədii
obrazını yaradan teatrın direktoru, Əməkdar mədəniyyət
işçisi İftixar
Piriyev bütün həyəcanını boğaraq
dahi liderin səhnə təcəssümünü
ustalıqla yarada bilmişdi.
Ümumilikdə aktyorların oyununda dövrün tanınan insanlarının səhnə
həlli bayağı
yamsılamadan çox-çox
uzaq idi. Hiss olunur
ki, rejissor bu traktovkasında hər aktyorun öz yükünü aydın bölə bilmişdi. Bu baxımdan
Kamran Bağırov (Əmrulla Nurullayev), Suslov (Nazir Rüstəmov),
Liqaçov (Xalq artisti Məzahir Süleymanov), partiya komitəsinin katibi (Oqtay Mehdiyev) obrazları çoxşaxəli
detallarla zənginləşdirilərək
verilmişdi.
O cümlədən erməni
millətinin təmsilçilərini
səhnədə ifa edən aktyorların oyun manerası diqqət çəkirdi. Erməni xisləti, türkə nifrət, nifaqçılıq
və daim pis əməllər qorxaq prototiplərin dəyişən dialoqlarında
daha inandırıcı
alınmışdı. Məsələn, Anton Koçinyan (Məhərrəm Musayev) məkrli və xudbin idisə, özündən müştəbeh
və ifrat şovinist Robert Xaçaturyan
(Əhliman Ərşadlı)
bir başqa təəssüratlı idi.
Eləcə də aktyor Əjdər Zeynalov axmaq məmur obrazının unikal həlli olan Ermənistan mədəniyyət nazirinin
obrazını duymaqda
çətinlik çəkməmiş,
xüsusən Ədiblə
(Natiq Həziyev) dialoqlarında xislətini,
hiyləgərliyini saxta
gülüşü ilə
boyaya bilmişdi.
Erməni prototiplərdə Əməkdar
artist Vaqif Kərimovun
oyunu isə sadəcə alqışlanmalıdır. Əsərdə iki erməni obrazını - həm yaltaq, axmaq məmuru,
həm də alçaq planlarının
qurbanı olan polis rəisi Şaxmazasyanı
bir-birinin təsirinə
düşmədən ustalıqla
ifa etdi. Xüsusən polis əməkdaşı, sadəcə azərbaycanlı
olduğuna görə
kapitan rütbəsi
ala bilməyən Lətif
Nəsibovla (Elçin
Hacıyev) olan səhnəsində əsl
simasını, xislətini
nümayişdən çəkinməyən
erməni obrazını
yarada bilmişdi.
Tarixi drama bəzi erməni işbilənlərin
komik ola
biləcək xislətləri,
ənənəvi yaltaqlıq
və qorxaqlıq xüsusiyyətlərini qabartmaqla
gülüş də
qatan rejissorun erməni baş leytenantı (Niyaməddin Səfərəliyev) və
Təlimatçı (Rövşən
Cəfərov) obrazları
tamaşanın uğurlu
gedişinə öz töhfəsini verdi.
Gənc
Tamaşaçılar, Şuşa və Sumqayıt teatrlarının
fərqli amplualı aktyorlarının bir səhnəni bölüşməsi
də təqdirəlayiqdir.
Bu məqamda bir qədər də quruluşçu rəssam
işinə nəzər
salmaq yerinə düşərdi. Səhnədə bütöv Azərbaycanın
xəritəsini verən
rəssam (Vahid Mürsəliyev) hadisələrin
cərəyan etdiyi zamanın mənzərəsini
sadə və anlaşıqlı, mizanı
ağırlaşdıran, aktyorlara
mane olan dekordan qaçmaqla verməyə
çalışmışdı. Daim həyəcan, tamaşanın
tempinə hesablanan musiqi də (musiqi tərtibatı Çingiz Xəlilov) tamaşaçını həyəcanda
saxlaya bilirdi.
Ümumilikdə yüksək vətənpərvərlik
ruhu aşılayan səhnə əsəri bir neçə saat ərzində bizə bir daha
Qərbi Azərbaycanda
yaşamış soydaşlarımızın
tarix boyu erməni millətçilərinə
qarşı qəhrəmancasına
apardıqları mübarizə
və ulu öndərimiz Heydər Əliyevin zamanında torpaqlarımıza qarşı
qaldırılan iddiaları
cəsarətlə dəf
etməsi, nəhayət,
Qarabağ tilsiminə
gedən yolda barışmaz mövqeyi və mübarizəni yığcam, təsirli və ən əsası səmimi və gerçək boyalarla ifadə edə bildi.
Son olaraq səhnədə ümummilli liderin gələcək nəsillərə miras deyimlərindən birini İftixar Piriyev ustalığında səsləndirildi: “Azərbaycan xalqı heç vaxt yad torpaqlara göz dikməmişdir. Fəqət tarix boyu torpaqlarımızın böyük bir hissəsi təcavüzkarlar tərəfindən işğal olunmuşdur. Xalqımız itirilmiş torpaqlarımızı özünə qaytaracaq və ərazi bütövlüyünü mütləq bərpa edəcəkdir”. Salon gurultulu alqış və bu ifadəyə inamla silkələndi.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 5
dekabr.- S. 6.