İncəsənətimizə töhfə verənlər

 

SoltanOsman Hacıbəyov qardaşlarının yubiley gecəsi

 

Dekabrın 3-də Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyi, Bakı Musiqi Akademiyası və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə Soltan Hacıbəyovun 95 və Osman Hacıbəyovun 90 illik yubileylərinə həsr olunan konsert keçirildi.

 

Tədbiri Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova açaraq SoltanOsman Hacıbəyov qardaşlarının mədəniyyət və incəsənət tariximizdə xidmətlərindən danışdı.

Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə görkəmli sənətkarların həyat və yaradıcılıqlarından söz açdı. Bildirdi ki, Soltan Hacıbəyov (1919-1974) Azərbaycan musiqi mədəniyyəti tarixinə istedadlı bəstəkar, pedaqoq kimi daxil olub. Şuşada dünyaya göz açan Soltan Hacıbəyovun bəstəkar kimi formalaşmasında xalq musiqisinin böyük təsiri olub. İlk əsərləri xorsimfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gülmusiqili komediyasıdır. 1945-ci ildə Türkmənistan OperaBalet Teatrı bəstəkara “Kəminə və Qazı” operasını yazmağı sifariş edir. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvanda hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla ifadə edir. Bəstəkar uşaqlar üçün əsərlər də (“Oynaq topum”, “Bənövşə”, “Bahar gəldi”, “İsgəndər və Çoban” (opera) və s.) yazıb. S.Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında müəllimlikdən rektorluğa qədər böyük bir yol keçib, Dövlət Filarmoniyasının bədii rəhbəri, direktoru işləyib.

Zümrüd Dadaşzadə Osman Hacıbəyovun (1924-1979) teatr tariximizə verdiyi töhfələrindən də söhbət açdı. Bildirdi ki, onun gözəl müşahidə qabiliyyəti olub. Ona rol həvalə olunanda maraqlı xarakterlər, tipajlar axtarıb tapmağı bacarıb. Gənc Tamaşaçılar Teatrının səhnəsində bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb. Çıxışlar görkəmli sənətkarların həyat və yaradıcılıqlarını əks etdirən slayd-şou ilə müşayiət olundu.

Sonra söz musiqiyə verildi. Əvvəlcə Üzeyir Hacıbəylinin “Aşıqsayağı” triosu səsləndirildi. Əməkdar artistlər Aleksey Miltıx (violonçel), Fərid Əliyev (vokal), Səidə Tağızadə (fortepiano), beynəlxalq müsabiqə laureatları Əli Məmmədov (fortepiano), Vurğun Vəkilov (fortepiano), Osman Eyyublu (skripka) və Tofiq Şıxıyevin (fortepiano) ifalarında Qərbi Avropa, Azərbaycan və rus bəstəkarlarının əsərləri təqdim olundu.

 

Savalan

 

Mədəniyyət.- 2014.- 5 dekabr.- S. 5.