Toğrul Nərimanbəyovun əsəri
dünyanın ən məşhur hərracında
“Böyük qoç” tablosu Böyük Britaniyanın “Sotheby’s” hərrac evində 68500 funt sterlinqə satılıb
Azərbaycanın
Xalq rəssamı, dünya
şöhrətli fırça ustası Toğrul
Nərimanbəyovun “Böyük qoç” (1982) əsəri Böyük
Britaniyanın “Sotheby's” hərrac evində
68500 funt sterlinqə satılıb.
Böyük Britaniyanın məşhur "Sotheby's" hərrac evində Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə kurator Suad Qarayevadır və onun bu layihənin gerçəkləşməsində mühüm rolu olub.
Hərrac evindən satış noyabrın 25-də gerçəkləşib. “Böyük qoç” əsəri üçün ilkin qiymət 20-30 min funt sterlinq müəyyən edilib, hərrac gedişində təkliflər artaraq 68500 funta çatıb.
Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib. XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlayıb. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib.
Rəssamın fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlılığı olub. İnsanların daxili aləminin ən incə çalarlarınadək təsvirini verən portretləri bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma kamilliyi və novatorluğu ilə seçilib. Təzad və şərtiliyi, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları öz əsərlərində harmonik şəkildə əks etdirib. Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaradıb. Monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.
Toğrul Nərimanbəyovun portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.
Rəssam 2013-cü il iyunun 2-də Paris şəhərində
vəfat edib, Passi qəbiristanlığında
dəfn olunub.
Mədəniyyət.- 2014.- 5
dekabr.- S. 2.