“Peşəkarlığa
can atırsansa, özünü
kamilləşdir”
Sadiq bəy Əfşar ensiklopedik bilik sahibi kimi tanınıb
Azərbaycanın zəngin istedadlar kəhkəşanında
görkəmli miniatür
rəssamlarımız da
böyük iz qoyub. Onlardan biri
də Sadiq bəy Əfşardır.
O, qeyri-adi istedad sahibi kimi öz
qabiliyyətini yalnız
təsviri sənətdə
deyil, xəttatlıq,
musiqi, şeir və nəsrdə də sınayaraq böyük yaradıcılıq
uğurları qazanıb.
Sadiq bəy Əfşar 1533-cü ildə
Təbrizdə əsilzadə
bir ailədə dünyaya göz açıb. Kiçik yaşlarından poeziya və rəssamlıqla maraqlanıb.
İyirmi yaşında atasını
itirən Sadiq bəy dərviş libasında səyahətə
çıxır, Gilandan
Həmədana, Bağdaddan
Hələbədək bir
çox şəhərlərdə
olur. Təbrizə qayıtdıqdan sonra xırda hakimlərin malikanələrində
təsərrüfat işlərində
çalışır.
Qeyri-adi
yaradıcılıq qabiliyyətinə
malik olan Sadiq bəy bu mühitdən razı qalmır və belə yazır: “Əgər sənətə və peşəkarlığa can atırsansa,
nə qədər bacarsan, özünü kamilləşdirməyə çalış.
İncəsənətsiz həyat ömür-gün
deyil”.
O, təhsilini artırmaq məqsədilə orta əsrlərin məşhur
miniatürçü rəssamı
Kəmaləddin Behzadın
bir qohumuna şagird olur. Araşdırmalarda göstərilir
ki, Sadiq bəy bu sənətə
gəlməsi barədə
belə deyib: “Hansı işdən yapışırdımsa, mənə
sadə və asan gəlirdi. Ən böyük arzum isə Behzadın sənətinə
yiyələnmək idi...
Buna görə də özümə Behzada bərabər bir ustad axtarırdım.
Nəhayət, açıqürəkli,
dövründə tayı-bərabəri
olmayan bir ustad tapdım ki, o da sənəti
Behzad fırçasından
öyrənmişdi...”
Səkkiz
il sənətin
sirlərini öyrənən
Sadiq bəy dövrünün bənzərsiz
miniatür rəssamı
kimi tanınır. Onun fikrincə, rəssam təbiətə
qarşı həssas
olmalı və ondan öyrənməlidir:
“Əgər muradın
surətgərlik olarsa,
ustadın təbiət
olmalıdır”.
Çox keçmir II Şah İsmayılın sarayına
dəvət olunur. Saray kitabxanasının
nəzdində fəaliyyət
göstərən emalatxanada
işləyir. Şah Məhəmməd
Xudabəndənin dövründə
isə kitabxananın rəhbəri təyin edilir. Buna görə
də özünü
“Sadiq-kitabdar” adlandırır.
Görkəmli sənətkar I Şah
Abbasın vaxtında da bu vəzifədə
çalışır.
Sadiq bəy həm də “Sadiqi” təxəllüsü ilə
gözəl şeirlər
yazıb, Azərbaycan
və fars
dillərində qəzəl,
qəsidə, qitə,
rübai, müxəmməs,
tərcibənd, tərkibbənd
və məsnəvilər
qələmə alıb.
Lirik qəhrəmanının daxili
dünyasını, ruh
aləmini inandırıcı,
səmimi və təsirli boyalarla təsvir edi. Filologiya elmləri doktoru Paşa Kərimov öz araşdırmasında yazır
ki, Sadiq bəy Əfşarın uğurla işlətdiyi bədii ifadə vasitələrindən biri
cinaslardır:
Gözünün mərdümi mərdümlik
edib mane olur,
Hər qaçan qətlim üçün tiğ çəkər müjganın...
Alim qeyd edir ki, “mərdüm”
sözü bu beytdə göz bəbəyi, gözün
qarası, həm də insan mənalarında
işlənib. Hər dəfə gözəlin
kirpikləri aşiqi öldürmək üçün
xəncər çəkəndə
onun gözünün
mərdümü-qarası mərdumlük-insanlıq edərək
buna mane olur. Burada “mərdüm” sözünün
köməyi ilə cinas yaradılıb.
Hərtərəfli yaradıcılıq
imkanlarına malik sənətkarın zəngin
ədəbi irsində
nəsihətnamələri və mənzum hekayələri, məktubları
və “Risaleyi-həzziyat”
adlı insanların mənəvi aləminə,
məhəbbət, dostluq
münasibətlərinə, gənclərdə bədii
zövqün inkişaf
etdirilməsinə həsr
edilmiş əsəri
diqqəti cəlb edir.
Azərbaycan və fars
dillərində qələmə
aldığı “Divan”ı
(“Məşhur Abbasın
fəthlər kitabı”)
günümüzə qədər
gəlib çatıb.
XVII əsrin məşhur
Azərbaycan tarixçisi
İsgəndər Münşi
həmin əsəri Firdovsinin “Şahnamə”si
ilə müqayisə
edib. Hər iki poemanın
eyni vəzndə və ölçüdə
qələmə alındığını
diqqətə çatdırıb.
Sadiq bəy Əfşarın əsərlərinin
şöhrəti hələ
sağlığında ölkə
hüdudlarını aşıb. Rəsmlərini
ona qəsidə yazan şair Qüruriyə bağışlayan
Sadiq bəy belə deyib: “Mənim işlərimin hər vərəqini tacirlər üç tümənə alıb Hindistana aparırlar, sən də ucuz satma...”
Müəllifin Azərbaycan dilində yazdığı “Məcməül-xəvas”
adlı təzkirəsində
Səfəvilər dövründə
fəaliyyət göstərmiş
480 şair, rəssam və xəttatdan bəhs olunur. Onun “Qanun
əs-sovər” (“Təsvirin
qanunları”) adlı pedaqoji təlimatlar kitabı isə incəsənətin metodika
və praktikasına həsr edilib. Əsərdə miniatürlərin üzünü çıxarmaqdan
ötrü fırça
və kağız hazırlığından rəng
seçiminə qədər
hər şey haqqında müfəssəl
məlumat verilib.
Sadiq bəy Əfşar İmamqulu xanın, Teymur xan Türkmənin
portretlərini də çəkib. Onun “Əmir”
və “Gəzərgi dərviş” rəsmləri
İstanbul, Paris, Boston, Sankt-Peterburq muzeylərində saxlanılır. Sadiq bəy
Əfşar 1613-cü ildə,
80 yaşında vəfat
edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 10
dekabr.- S. 15.