Daha bir əbədiçilik
- AZƏRBAYCANÇILIQ!
Bu,
hər bir statistik fərddən, ailədən, məhəllədən,
kənddən, qəsəbədən, şəhərdən
mənbələnərək doğma Vətəndəkilərimizlə
bərabər, dünyanın bütün qəribliklərində
yaşayan soydaşlarımızın qəlbində mənsəblənən
ən ümummilli mənəvi nemət!..
Bu, yeni bir yenilməzlik
ideyası. O qədər kompleksal
yenilik ki, fikir-xəyallarımızda, bəlkə də
çoxları üçün qəribə səslənəsi
belə bir neologizm də doğurur:
hamımızçılıq...
“Azərbaycançılıq” adlı ideoloji toxumun mənəvi-mental
təsərrüfatımıza yaxın keçmişimizdə
düşdüyü hamıya bəlli. Ancaq bunun
hansı çətinliklər, mübahisələr zəminində
cücərişi hələ də çoxları
üçün qaranlıq. İndi müşahidə
etdiyimiz “məhsuldarlığı” isə hər kəs
üçün tam aydın!..
Ötən
əsrin sonlarında ölkəmizin kütləvi
meydanında baş verən hadisələrin mərkəzi-elitar
meydançalar üçün milli əhəmiyyətli mətləb-mövzular
doğurduğu, ictimai-siyasi sifarişlər irəli
sürdüyü məqamlarda hakimiyyətə təkidlə
və ümumxəlqi ürəklə
çağırılan ümummilli lider Heydər Əliyev
dövlətçiliyin digər siyasi-hüquqi atributları
kimi, öz çıxışlarının birində etnik
baxımdan çoxtərkibli xalqımızın bu milli-mənəvi,
psixoloji-sosioloji vahidlik ideyasını da bərqərar etdi: “Mən
həmişə fəxr etmişəm, bu gün də fəxr
edirəm ki, mən azərbaycanlıyam!..”
Bu
sözləri yazdıqdan sonra bir xeyli duruxdum və ürəyimdə
hörmətli oxucularımıza belə bir xitab yarandı:
xahiş edirəm, ulu öndərin həmin fikri səsləndirdiyi
anları - həmin o ecazkar ürək, sir-sifət,
keçmiş və gələnəklərimizi ifadə edən
hiss-həyəcan, fəxr-fəxarətdən ibarət
psixoloji-bioloji duyğuların vəhdətini - qeyri-adi
sinxronluğunu gözləriniz önündə bir daha
canlandırın!..
Belə situasiyalar yazı-pozularda adətən “gözlərimiz
önündən kinolenti kimi” sözlərilə ifadə
olunur. Mən
isə ulu öndərin həmin deyim anından
aldığım təəssüratı,
yaşadığım mütəəssirliyi 30-40 il öncə baxdığım bir rus
kinofilminin təsirilə müqayisə etmək istərdim.
...Məlum Stalin məngənəsindən xaricə
qaçmış ata və bir neçə onillikdən sonra
o dövrün məlum “nümayəndə heyətləri”ndən
birinin tərkibində həmin ölkəyə getmiş
oğul. Təsadüfən tapışıb tanışan
bu ata-bala məlum və məşhur KQB xofu haləsindən kənar
söhbət üçün bir çay kənarında
görüş vəd edirlər. Sabahısı gün
baş tutan həmin görüşdə kadrarxası hal-əhvallaşmadan
sonra, oğulun “- Hə, ata... vətənə dönürəm,
bir sözün varmı” sualına cavab ləngidikcə ləngiyir.
Ekranda - “yad”lığı bir azdan məlum
olası çayın suları ləpələnə-ləpələnə
axır, “əcnəbi” balıqlar tilovların göstərgəsini
döydükcə döyür, ata isə susduqca susur. Və
birdən o, mənaca tamaşaçı qəlbini təlatümə
gətirən, tonallıqca isə sükutdan da sakit bir tonda
deyir: “Bir rus çayı kənarında oturub, bir rus
balığı tuta bilsəydim!..”
“Rus çayı” ifadəsi məqbul, bəs “rus
balığı”?! Bəli, vətən eşqi, vətən təəssübkeşliyi,
vətən tamarzılığı bu sayaq
yanlışlıqları da doğrulayıb müqəddəsləşdirir!
Belə
hisslər, duyğular bizim milli ədəbiyyatımızda,
publisistikamızda, kino, musiqi və digər incəsənət
nümunələrimizdə də az deyil.
Bu an dahilərimizdən - Mirzə Cəlilin “Tiflis - 7 aprel”indəki
“Sizi deyib gəlmişəm, ey mənim müsəlman
qardaşlarım!” yanğılarını, Üzeyir bəyin
“Koroğlu”sundakı “Çənlibel ölkəm - hər
yeri möhkəm, möhkəm!” taktlarını, Mirzə
Ələkbərin “Əcnəbi göydə balonlarla
uçur...” ahlarını, Səməd Vurğunun “Hankı səmtə,
hankı yana hey uçsam da yuvam sənsən” şərqilərini
xatırlamaq kifayətdir. Lakin bunlar “mülki”
bir bədiilik ki, milləti “xalq-qalx” alliterasiyasına
reaksionlaşdırıb siyasi meydanlara çıxaracaq
gücündə deyildi.
Ancaq, hər halda, o ədəbi-bədii nüanslar bu
gün nail olub, artıq təbliğini
apardığımız sözügedən ideyanı
mürurla hazırlamaqda idi.
Bu məqam
belə bir reallığı da qeyd edək ki, bizim ümumxalq
birliyimizi - deməli, son dövrlərin ən işlək
terminləri olan multikulturallıq, tolerantlıq, pasionarlıq
və s. bu kimi sosio-kultural kriteriyalar məcmusunu ehtiva edən
bu ideya Azərbaycan xalqının nüvəsindəki
Türkçülük-Turançılıq məfkurəsini
heç də inkar etmir və əksinə, polietno-milli və
dini qardaşlıq ailə-areallarımızda ayrı-ayrı
toplumsallıq dinamikası yaradır.
Hər
ilin sonuncu günü - 31 dekabr tarixçələri bu
ümumideal ideyanın ad günü!
Bəli,
hamıya məlum tarixçədə ulu öndərin leqal təklifi,
bəzi hallarda qeyri-leqal him-işarətilə
Naxçıvanda sərhəd simlərilə bərabər,
zaman-zaman böyük Azadlıq, milli Müstəqilliklə
ilgili enib-qalxan fraqmental ümidsizliyimiz və dünyaya səpələnmiş
azərbaycanlılarla aramızdakı siyasi yasaq zəncirləri
də qırıldı. O çağlaradək SSRİ sərhədlərini
fikir-xəyallarında belə aşmağa ehtiyat edən
xalqımız müxtəlif səbəblərdən
dünyaya yayılmış soydaşları, qohum-əqrəbaları,
dost-tanışları ilə görüşmək, uzun illər
qəlblərində qövr edən sevgilərini, xatirələrini
paylaşmaq arzularına qovuşdu. Tezliklə
milli-mənəvi tədbirlər düzənləndi,
dünyanın müxtəlif ünvanlarından gəlmişlərin
- belə demək mümkünsə, “milli dam” altında
anadilli yığıncaqları, vaxtaşırı
qurultayları keçirildi. Belə tədbirlər
isə tək elə özümüzünkülərin birləşib
daha da özgürləşmələrilə yox, həm də
xariclərdə yaşayan saysız-hesabsız
soydaşlarımızın sözünün, söhbətinin,
əhatəli təmasının möhkəmlənməsi,
onlarla müxtəlif əlaqələrdə olan əcnəbilər
vasitəsilə Vətənimiz haqda informativ yayımların
artmasıyla da nəticələnir.
Deyək ki, yaxın zamanlaradək fizikən də
çağdaşımız olan bir dahinin - Heydər
Əliyevin düşüncələrində doğulub ən
müasir reallığa çevrilmiş bu ideya dünya dahilərinin
ideyalar haqda fikirlərilə də tam üst-üstə
düşür. Məsələn, V.Belinski deyirdi: “Cəmiyyət üzərində
sözlər deyil, yalnız ideyalar möhkəm hakimiyyətə
malik olur”. Amerika filosofu Ralf Emersonun “İdeyalar
yaxşı və güclü insanların əqli və
qüvvəsilə həyata keçməlidir, yoxsa o, xəyaldan
başqa bir şey olmayacaqdır” fikri isə Heydər
Əliyev fenomenini daha parlaq şəkildə səciyyələndirir.
İdeyalar haqda dahiyanə fikirlər olduqca çoxdur,
lakin burada məhz mövzuca səsləşənlərlə
kifayətlənmək fikrindəyəm. Alman filosofu
İohann Fixteyə görə, “Tələbat ideyaların
anası, fəaliyyət beşiyidir”sə, böyük
fransız Bernar Fontenelin fikrincə, “İdeya insanı və
dünyanı hərəkət etdirən yeganə fikir
axınıdır”.
Bir
neçə postulat da - ümumən ideya haqda:
“Dünyanın heç bir ordusu vaxtı çatmış
ideyanın gücü qarşısında duruş gətirə
bilməz” (V.Hüqo). “Dövlətin həyatında
ideyalar olduqca vacib və əhəmiyyətli amildir; bunlara məhəl
qoymamaq, yaxud lazımınca qiymətləndirməmək ən
böyük nadanlıq və siyasi kallıqdır”
(F.Qolsendorf). “İdeyalar toplardan da bərk
guruldayır. Fikirlər ordulardan qüdrətlidir.
Prinsiplər süvari qoşunlarından daha
çox qələbə çalır” (U.Pakston). “Hər bir ideyanın həyata keçirilməsi
böyük qurbanlar tələb edir” (J.Renan).
Ziqmund
Freydin yüz il öncəki qənaəti
isə bugünkü Azərbaycançılıq ideyasının
müəllifilə bahəm, tərəfdarlarını da təltifləyir:
“Güclü ideyanı müdafiə edən insanlar da
güclüdürlər”. Bu an təbii ki, sözügedən
ideyanın geniş təbliğilə bağlı 31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə fərdi
yazılar müsabiqəsi keçirən məlum Fondu da məmnuniyyət
hissi ilə xatırlayırıq.
Yuxarıda
ideyalar haqda kəlamların çoxluğunu qeyd etdim, lakin
ideyaların azlığı barədə böyük ispan
yazıçısı və dövlət xadimi Emilio
Kastelyardan oxudum ki: “Tarixi nəzərdən keçirərkən
biz ən müxtəlif və zəngin faktlarla müqayisədə
ideyaların bu qədər az olmasına istər-istəməz
təəccüb edir, hansısa bir ideyanın bütöv bir
yüzillik ərzində insan zəkasına hakim kəsildiyini
görürük”. Bu müəllif başqa bir fikrində
ideyaları zamanın “baş qəhrəman”ı kimi dəyərləndirir:
“Bəşəriyyət tarixi ideyalar və mənafelər
arasında gedən fasiləsiz mübarizədir; bu mübarizədə
mənafelər ötəri, ideyalar isə uzun müddətə
qələbə çalır”.
Ümummilli
liderin fikirlərilə tanış olduqca,
düşünürsən ki, o, bunları müdrik sözlər
söyləmək xatirinə deyil, əsasən, hər cari
işin uğuru üçün fikirləşib söyləmişdir.
Məsələn, “Xalqın, Vətənin taleyi hər bir
insanın taleyinə çevrilməlidir”. Ulu öndərin
növbəti fikrini Azərbaycançılıq
ideyasının nüvəsi hesab etmək olar: “Dövlət,
ölkə nə qədər çox xalqı birləşdirsə,
bir o qədər zəngin olur. Çünki
onların hər biri dünya mədəniyyətinə və
sivilizasiyasına öz töhfəsini verir”. Və ya
“Hamı bir boyda ola bilməz,
hamının eyni fikri ola bilməz. Fikir müxtəlifliyi
təbii hadisədir”. “Kim müxalifətdə
durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına,
məsləkinə müxalifətdə durmasın”. Yaxud “Xalq bir çox xüsusiyyətləri ilə
tanınır, sayılır və dünya xalqları içərisində
fərqlənir. Bu xüsusiyyətlərdən
ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.
“Milli ruh, bizim mənəvi dəyərlərimiz,
tariximiz, torpağa bağlılığımız - budur
bizim gələcəyimizi müəyyən edən amillər”.
“Cəmiyyətin gələcək tərəqqisi
bir çox cəhətdən indi gənclərimizə nəyi
və necə öyrətməyimizdən asılı
olacaqdır”. “Rəhbərlik etmək, yəni
adamları öyrətmək və tərbiyələndirmək
üçün gərək mənəvi haqqın olsun”.
Yazımı
yuxarıda bəhs etdiyim filmdəki sıravi rus atanın “Bir
rus çayının kənarında oturub, bir rus
balığı tuta bilsəydim!..” xiffətini
təkrarlayıb, böyük Azərbaycan oğlunun
ümummilli fəxarətilə bitirirəm: “Mən həmişə
fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam!”
Tahir Abbaslı
Yazı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
olunur
Mədəniyyət.- 2014.- 10
dekabr.- S. 12.