İnformasiya-kommunikasiya
texnologiyaları iqtisadi güc və rifah deməkdir
3 avqust 1993-cü il. Azərbaycanda dərin böhranın yaşandığı günlərdən biri. Bakıda ABŞ-ın IDB şirkətinin quraşdırdığı beynəlxalq peyk rabitə kompleksinin açılışı keçirilir. Ölkə dünya telekommunikasiya sisteminə qoşulur. Mərasimdə Ali Sovetin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev iştirak edir. Qarabağdan gələn ağrı-acılı xəbərlərin sırasında bu hadisə, sadəcə, rəsmi xronikanın bir sətrində yer alır. Amma mahiyyəti böyük idi. Dünyada sürətli informasiya dövrü başlanmışdı və bu, müharibə şəraitində, informasiya blokadasında olan Azərbaycan üçün əlahiddə önəm kəsb edirdi. O çətin zamanda ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev bunu hər kəsdən yaxşı bilirdi. Tezliklə respublikanın məhdud imkanları daxilində rabitə-informasiya sahəsinin inkişafı üçün zəruri tədbirlər görüldü.
Zamanın sürəti
1994-cü ildə Azərbaycanda ilk mobil rabitə xidməti (Bakcell) fəaliyyətə başladı, 1995-ci ilin mayında Türkiyənin köməyi ilə Azərbaycan Milli Elmlər Akademiyasında ilk internet şəbəkəsi istifadəyə verildi. Qardaş ölkənin xarici işlər naziri Ərdal İnönünün iştirakı ilə keçirilən həmin mərasimdən xəbər hazırlayanlardan biri də bu sətirlərin müəllifi idi və etiraf edim ki, o vaxt internet haqqında bəsit təsəvvürüm vardı. Amma zaman çox tez ötdü. Çünki o, artıq günlər, aylarla deyil, informasiyanın sürəti ilə ölçülürdü. Fiber optik kabellərin çəkilişi, elektron ATS-lərin yaradılması başlandı.
1995-ci ildə ölkəmiz informasiya və kommunikasiya texnologiyaları üzrə beynəlxalq tədbirə ev sahibliyi etdi, BakuTel sərgilərinin əsası qoyuldu. 1996-cı ilin iyulunda Bakıda yeni televiziya qülləsi açıldı. Onun təməli 1981-ci ildə Heydər Əliyevin rəhbərliyi dövründə qoyulmuş, lakin 80-ci illərin sonlarında yaşanan məlum hadisələr fonunda inşası yarımçıq qalmışdı. 15 il sonra açılışını etmək yenə ulu öndərə qismət oldu. O, mərasimdəki çıxışında informasiya-telekommunikasiya sahəsinin inkişafının vacibliyini qeyd edərək ölkənin iqtisadi imkanları artdıqca bu sahəyə daha çox diqqət ayrılacağını bildirdi. 1998-ci ilin sentyabrında Bakıda Avropa-Asiya kommunikasiya dəhlizinin yaradılması ilə bağlı İpək Yolu konfransı keçirildi. Beləcə Azərbaycan XXI əsrə beynəlxalq informasiya və kommunikasiya şəbəkəsinin mühüm parçası kimi daxil oldu.
Yeni əsr artıq informasiya əsri idi. Ulu öndərin
dövlətçilik xəttini uğurla davam etdirən
Prezident İlham Əliyev ölkənin genişlənən
iqtisadi potensialına mütənasib olaraq bu sahədə daha
böyük hədəflər müəyyən etdi,
qatıldığı ilk beynəlxalq tədbir də bu
mövzuya həsr olunmuşdu. 2003-cü il
dekabrın 10-da Cenevrədə İnformasiya Cəmiyyəti
üzrə Dünya Sammitində çıxış edən
dövlət başçısı Azərbaycanın bu
istiqamətdə prioritetlərini və potensial
imkanlarını diqqətə çatdırdı: “Bu gün
Azərbaycan fəal surətdə informasiya texnologiyaları
layihələrini həyata keçirməkdədir. Əlverişli coğrafi-siyasi mövqeyi Azərbaycanı
Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin
vacib hissəsi etmişdir. İnanırıq
ki, ölkəmiz bu mənada aparıcı rol oynayacaqdır və
bütün ölkələrlə bu sahədə əməkdaşlığa
hazırıq. Bizim ölkədə həm
elmi potensial mövcuddur, həm də texnoloji nailiyyətlər
imkan verir ki, Azərbaycan bu yöndə regionda aparıcı
ölkə olsun”.
Elektron Azərbaycandan
elektron dünyaya
Prezident İlham Əliyev informasiya və kommunikasiya
texnologiyalarının inkişafını qeyri-neft sektorunun
prioritet istiqamətlərindən biri elan etdi və Azərbaycan
sürətlə elektron dünyada özünə yer
qazanmağa başladı. 2004-cü ildə Rabitə
Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinə çevrilməsi də, sadəcə,
dövrün dəbinə uyğun ad dəyişikliyi deyildi.
Dünya iqtisadiyyatında aparıcı
mövqelər qazanan informasiya texnologiyalarının
istehsalı artıq Azərbaycan üçün də yeni
iqtisadi seqmentə çevrilmişdi. İnformasiya və
kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın
(2003-2012), rabitə və informasiya texnologiyalarının
inkişafı üzrə 2005-2008 və 2010-2012-ci illər
üçün dövlət proqramlarının (“Elektron Azərbaycan”)
həyata keçirilməsi bu sahənin inkişafına
böyük təkan verdi. Nəticədə
10 il ərzində ölkədə
ümumilikdə iqtisadiyyat 3 dəfə, informasiya və rabitə
sahəsi isə 8 dəfə artdı. Müstəqillik
illərində bu sahənin inkişafına 3 milyard dollardan
çox vəsait yatırılıb. İnkişafın
tempi və sektora yatırılan vəsaitlər artıq Azərbaycanın
İKT dünyasında daha yüksəklərə
çıxmasını təmin etmişdi. Ölkə Prezidenti tərəfindən
“İnformasiya kommunikasiya texnologiyaları ili” elan olunan
2013-cü ildə ilk zirvə fəth edildi, fevralın 8-də
Azərbaycanın telekommunikasiya peyki orbitə
çıxarıldı.
Kosmosdakı
üçrəngli peykimiz
Bu, müstəqillik tariximizdə əlamətdar gün
idi. Üzərində
üçrəngli bayrağımız olan “Ariane-5”
daşıyıcı raketi (Fransa) ilə orbitə
buraxılan “Azərspace-1” peyki Azərbaycanı kosmos ölkələri
sırasına daxil etdi. Başqa ölkələrin on illər
ərzində çatdığı bu hədəfə Azərbaycan
iqtisadi imkanları və inkişaf strategiyası ilə
dörd ildə nail oldu. Kosmik sənayenin yaradılması
üzrə 2009-cu ildə qəbul olunan Dövlət
Proqramının icrası 2013-də ilk nəticəsini verdi.
Artıq İKT sahəsinə qoyulan vəsaitlərin gəlir
gətirməsi zamanı çatıb. “Azərspace-1”
peykinin xidmət dairəsi Avropa, Afrika, Mərkəzi Asiya,
Qafqaz və Yaxın Şərqin 50-dən artıq ölkəsini
əhatə edir. İstismar müddəti 15 il olan peykin
resurslarının 20 faizi Azərbaycanın tələbatı,
80 faizi isə dünya telekommunikasiya xidmətləri
bazarına ixrac üçün nəzərdə tutulub. Cəmi
20 il əvvəl Azərbaycan beynəlxalq
rabitə sisteminə qoşulmaq üçün xarici ölkə
peyklərindən bir xətt kirayə etməyə məcbur
idi. Bu gün isə müxtəlif ölkələrin
130-dək telekanalı dünyaya yayılmaq üçün
Azərbaycan peykindən istifadə edir.
“İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm
bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. İnformasiya-kommunikasiya
texnologiyalarının inkişafı hər bir ölkənin
inkişafını müəyyən edir. Gələcəkdə
bu sahənin nə qədər vacib olduğunu, əminəm
ki, hər kəs görəcəkdir”, - deyə Prezident
İlham Əliyev Azərbaycan peykinin kosmosa
çıxarılması münasibətilə xalqa təbrik
müraciətində bildirmişdi.
Ölkənin kosmosda öz peykinə sahib olması
iqtisadi imkanlarla yanaşı, həm də informasiya təhlükəsizliyinin
təmin olunması, bu sahədə xaricdən
asılılığının aradan qaldırılması
deməkdir.
Bu baxımdan 2014-cü il dekabrın 2-də
“Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkəti
arasında imzalanan müqaviləyə əsasən ölkəmizin
ikinci peyk əldə etməsi xüsusi önəm kəsb edir.
Fransa şirkətinin bu ilin iyununda orbitə
çıxardığı “SPOT-7” yüksək ayırdetməli
(1,5 metrədək) müşahidə peyki
artıq “Azersky” adlanır. Peykin 12 illik iş təminatı və
təhlükəsizlik, fövqəladə hallar, təbii
ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin
mühafizəsi, xəritəçəkmə, kənd təsərrüfatı,
turizm və s. kimi geniş tətbiq sahələri var. “Azersky”
Fransanın orbitdəki “SPOT-6” peyk toplusu ilə birlikdə
sutkada 6 milyon kv. km ərazinin ən
xırda detallarınadək şəklini çəkə
bilir.
“Azərkosmos”
ASC-nin sədri Rəşad Nəbiyev bununla bağlı deyir:
“Bu müqaviləni imzalamaqla “Azərkosmos” geo-informasiya xidmətləri
də daxil olmaqla Yer səthinin məsafədən
müşahidəsinin kommersiya fəaliyyətinə
başlayıb. Bu, Azərbaycanın peyk xidmətləri
göstərən azsaylı ölkələr arasında
mövqelərini daha da möhkəmləndirəcək”.
Yeni xidmət:
rahat və ASAN
İnformasiya və kommunikasiya texnologiyaları təkcə
iqtisadi faktor deyil, eyni zamanda həyatımıza gətirdiyi
yeni xidmətlər, rahatlıq, vaxta və vəsaitə qənaət
- bir sözlə, rifah faktoru deməkdir. Hazırda
ölkə əhalisinin 70 faizi internet istifadəçidir və
“Elektron hökumət” layihəsi bu sahədə geniş
imkanlar açır. Nazirlər Kabinetinin təsdiq
etdiyi 478 xidmətdən 350-si elektron formada e-hökumət
portalı vasitəsilə təqdim edilir. Bu
sahədə Azərbaycanın artıq dünyaya təqdim edəcəyi
təcrübə də var. Ölkə Prezidentinin fərmanı
ilə 2013-cü ildə fəaliyyətə başlayan “ASAN
xidmət” şəbəkəsi İKT və innovasiyalı
idarəetmədə Azərbaycan brendidir.
Qeyd edək ki, oxşar xidmət mərkəzləri
başqa ölkələrdə də var, lakin onların fəaliyyəti
məhduddur, yalnız bir dövlət qurumuna aid xidmətləri
həyata keçirir. “ASAN xidmət” konsepsiyası isə
müxtəlif dövlət qurumlarının göstərdiyi
25 xidməti bir mərkəzdə birləşdirir. Hazırda “ASAN xidmət”in Bakıda 4, habelə
Sumqayıt və Gəncədə mərkəzləri fəaliyyət
göstərir. Bir il ərzində bu
mərkəzlərə 1 milyonadək insan müraciət edib.
Yaxın gələcəkdə daha yeddi regionda
mərkəzlər fəaliyyətə başlayacaq.
İKT və
mədəniyyət: kitabxanalar ovcunuzun içində
İnformasiya texnologiyalarının üstün imkanlar gətirdiyi
sahələrdən biri də mədəniyyətdir. Bu gün
dünyada yayılan virtual muzey ekskursiyaları, tarixi abidə
və məkanlar üçün multimedia proqramları Azərbaycanda
da uğurla tətbiq olunur. Bu sahədə
ən diqqətçəkən yenilik 2013-cü ildə fəaliyyətə
başlayan Milli Kitabxana-İnformasiya Mərkəzi (AZLİBNET
- www.azlibnet.az) və toplu kataloq layihəsidir. Layihə Mədəniyyət
və Turizm Nazirliyinin kitabxanaların
avtomatlaşdırılması istiqamətində
gördüyü işlərin və “Kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramı”nın praktik yekunlarından
biridir.
AZLİBNET həm kitabxanalar, həm də oxucular
üçün geniş imkanlar açır. Oxucu istədiyi
an məkandan, məsafədən, zamandan asılı olmayaraq
kompüter, mobil telefon və digər İKT vasitələri
ilə şəbəkənin toplu kataloquna daxil olub istədiyi
sorğunu verə, həmin ədəbiyyatın hansı
kitabxanada yerləşməsini təyin edə və elektron
variantını yükləyə bilər. Elektron variant yoxdursa, sistem vasitəsilə ədəbiyyatı
sifariş etmək mümkündür. Bu,
ölkəmizdə kitabxanaçılıq təcrübəsində
mühüm nailiyyətdir.
Mədəniyyət
sahəsində İKT-nin daha geniş tətbiqi ölkə
Prezidentinin 2 aprel 2014-cü il tarixli sərəncamı
ilə təsdiq edilən “Azərbaycan Respublikasında
informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər
üçün Milli Strategiya”da əksini tapıb. Strategiyada internet məkanında milli kontentin zənginləşdirilməsi,
məlumat-axtarış sistemlərinin inkişaf etdirilməsi,
elektron kitabxana şəbəkəsinin genişləndirilməsi
tədbirləri nəzərdə tutulur.
Bu gün dünyada inkişaf, ölkələrin
intellektual və elmi potensialının əsas göstəriciləri
İKT-nin tətbiq səviyyəsi ilə
ölçülür. Milli Strategiyanın qəbul edilməsi Azərbaycan
dövlətinin bu sahədə ardıcıl siyasətinin
göstəricisidir. 2020-ci ilə qədər
dövlət qurumlarının bütün xidmətlərinin
elektronlaşdırılması və əhalinin 80 faizinin bu
xidmətlərdən istifadəsi təmin edilməlidir.
İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar
Parkı, Elektron Təhlükəsizlik Mərkəzi və digər
qurumların təşkili də bu məqsədə xidmət
edir. Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya
Texnologiyaları-2014” hesabatında Azərbaycan 148 ölkə
arasında daha 7 pillə irəliləyərək 49-cu yerə
yüksəlib və 20 göstərici üzrə MDB-də
liderdir. Qarşıdakı illər daha yüksək
nailiyyətlərin müjdəçisi olacaq.
Vüqar Əliyev
Yazı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
olunur
Mədəniyyət.- 2014.- 10
dekabr.- S. 10.