“Gəncəli ustad - Mirzə Şəfi”

 

Dekabrın 5-də “Park İnnhotelinin Füzuli zalında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi.

 

Tədbiri mərkəzin direktoru, professor Vilayət İsmayılov açaraq Mirzə Şəfi Vazehin dünya poeziyasında hörmətlə xatırlanan şair olduğunu vurğuladı, ədibin yaradıcılığı barədə fikirlərini bölüşdü.

Dövlət İdarəçilik Akademiyasının professoru, Əməkdar müəllim Akif Bayramov “Mirzə Şəfi fenomenimövzusunda çıxış etdi. Şairin 1840-cı ildə Gəncədən Tiflisə köçməsindən sonrakı həyatı, bu dövrün onun yaradıcılığında yeri barədə danışan məruzəçi Mirzə Şəfinin müxtəlif xalqların qabaqcıl ziyalıları ilə görüşlərindən, almaniyalı şərqşünas Fridrix Martin fon Bodenştedt ilə münasibətlərindən bəhs etdi. Bildirdi ki, Bodenştedt şairin 1844-cü ildə Tiflisdə təşkil etdiyi “Divani-hikmət” adlı ədəbi məclisində yaxından iştirak edir, onların tanışlığı yaxın dostluğa çevrilir. F.Bodenştedt Almaniyaya qayıdandan sonra şairin bir neçə əsərini özünün tarixi-etnoqrafik əsəri olan “Şərqdə min bir gün” kitabına daxil edir. Kitabın oxucular tərəfindən rəğbətlə qarşılanması Bodenştedtdə şairin qalan şeirlərini də tərcümə edib ayrıca kitabça halında çap etdirmək həvəsi oyadır. Sonradan o, şeirlərin özünə aid olduğunu və Mirzə Şəfinin onun “ədəbi təxəllüsü” olduğu fikrini söyləyir. Bununla da o, Mirzə Şəfinin ədəbi irsinə kölgə salır...

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Oruc Qaraxanov Azərbaycan və alman ədəbi-elmi fikrində Bodenştedt və Mirzə Şəfi münasibətlərindən danışdı. Qeyd etdi ki, uzun müddətdir bu mövzuda tədqiqatlar aparılır. BodenştedtVazehin yaradıcılığı təhlil edilib və həqiqət ortaya çıxarılıb: “Bununla yanaşı, Mirzə Şəfi yaradıcılığı barəsində geniş fikir söyləmək üçün onun əldə olan əsərləri kifayət etmir. Müəllifin şeirlərinin əksər hissəsinin Bodenştedt tərəfindən Almaniyaya aparılması və bu orijinal şeirlərin yoxa çıxması məsələsi alimləri, tədqiqatçıları düşündürməkdədir”.

Azərbaycan Dillər Universitetinin dosenti, şair-tərcüməçi Yusif Savalan “Mirzə Şəfi Vazehin lirikası” mövzulu çıxış etdi. Bildirdi ki, görkəmli ədibin lirikası həyat eşqi, nikbin əhval-ruhiyyə aşılayır. Bənzərsiz yaradıcılığı zəngin şifahi xalq ədəbiyyatı, klassik şeirinə və Şərq fəlsəfi fikrinə söykənir. Mirzə Şəfi dövrün ayıq, tərəqqipərvər ziyalısı kimi ictimai həyatda olan ziddiyyətləri görüb, xalqın başına gətirilən müsibətləri açıb göstərib. Şair həyatı, maddi dünya nemətlərini, gözəlliyi dini xurafata qarşı qoyub, mənəvi azadlığı, ülvi məhəbbəti, dünyəviliyi təbliğ edib.

Çıxışlardan sonra mövzular ətrafında müzakirələr oldu, müəllifin şeirlərindən nümunələr səsləndirildi.

 

Savalan

 

Mədəniyyət.- 2014.- 10 dekabr.- S. 6.