İnternat evində şənlik

 

3 dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığıyla Mərdəkan 3 saylı internat evində şənlik keçirildi.

Mərkəzin həmkarlar ittifaqının sədri S.Əbdüləzizova mərasimi açaraq, bu əlamətdar günün, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qeyd olunduğunu diqqətə çatdırdı, bu qəbildən olan insanlara dövlət qayğısından danışdı.

Tədbirdə sehrbazın və klounun çıxışları uşaqlar tərəfindən xüsusi maraqla qarşılandı. Onlar musiqi sədaları altında rəqs edir, mahnı oxuyur, şeir söyləyirdilər. Tədbirdə fəal iştirak edən uşaqlara Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəxri fərmanları və hədiyyələri təqdim olundu.

Sonda internat evinin direktoru Sevinc Məlikova uşaqlara belə bir sevindirici anlar yaşatdığına görə mərkəzin rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirdi.

 

Məmməd Məmmədov

 

Mədəniyyət.- 2014.- 10 dekabr.- S. 7.