Azərbaycan dilinin Polşada tədrisi

 

Azərbaycan və polyak dillərində dərs vəsaiti çapdan çıxıb

 

Dekabrın 5-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının kafedra müdiri, professor Fəridə Səfiyevanın “Azərbaycan dili” dərs vəsaitinin təqdimat mərasimi keçirildi.

 

Tədbiri ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov açaraq bildirdi ki, Polşanın “Dialoq” nəşriyyatında Azərbaycan və polyak dillərində çapdan çıxan kitab Varşava Universitetində hazırlanıb və bu təhsil ocağının Elmi Şurasının qərarı ilə dərs vəsaiti kimi istifadə ediləcək.

Nəşrin elmi redaktoru, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov qeyd etdi ki, Polşada Azərbaycan dilinin tədrisini xüsusi qiymətləndirmək lazımdır: “Polşada Azərbaycan dili ilə bağlı dərslik tədris olunursa, deməli, bizim gördüyümüz düzgündür.” Alim əsrlər boyu davam edən Azərbaycan-Polşa əlaqələrindən danışdı.

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı, Polşanın Azərbaycandakı səfirliyinin nümayəndəsi və digər çıxış edənlər müəllif Fəridə Səfiyevaya təbriklərini çatdırdılar. “Polşadakı səfirliyimiz bizə kitabla bağlı müraciət edəndə bunu çox diqqətlə qarşıladıq. Bu işi öz əzmkarlığı və operativliyi ilə fərqlənən Fəridə xanıma həvalə etdik. Fəridə xanım da mükəmməl bir ərsəyə gətirdi”, - deyə Faiq Şahbazlı əlavə etdi.

Dərs vəsaitinin müəllifi Fəridə Səfiyeva çıxış edərək nəşr haqqında məlumat verdi. Bildirdi ki, kitab nəzəri materiallar (fonetika, söz yaradıcılığı, morfologiya, sintaksis), çalışmalar, dialoq və mətnlərdən ibarətdir. Tərcümə üçün nəzərdə tutulan dialoq və mətnlər həm şifahi nitq vərdişlərinin yaranmasına, həm də Azərbaycanın tarixi keçmişi, mədəniyyəti, incəsənəti, adət-ənənəsi, musiqisi, görkəmli şəxsiyyətləri ilə bağlı məlumatların əldə olunmasına yardım edir.

Qeyd edək ki, professor Fəridə Səfiyeva 50-dən artıq elmi məqalənin, iki dərs vəsaitinin, iki monoqrafiyanın müəllifidir. Məqalələri Rusiya, Ukrayna, Türkiyə və başqa ölkələrdə çap olunub. Polşa universiteti üçün “Azərbaycan dili” dərsliyi Azərbaycanın Varşavadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə iki ölkə arasında diplomatik əlaqələrin yaranmasının 540 və bərpasının 20 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində hazırlanıb. Layihəyə əsasən Azərbaycanın mədəniyyəti, incəsənəti, musiqisi, ədəbiyyatı, memarlığı, tarixi, eposları, mətbəxi və Azərbaycan-Polşa əlaqələri haqqında 50 adda kitabın nəşri nəzərdə tutulub.

 

Lalə

 

Mədəniyyət.- 2014.- 10 dekabr.- S. 6.