Öz üslubu, öz yolu olan
qələm sahibi
Şair Çingiz Əlioğlunun 70 illik yubileyi qeyd olundu
Dekabrın 5-də
Beynəlxalq Muğam Mərkəzində
Azərbaycan Yazıçılar Birliyi poeziya bölməsinin rəhbəri, Əməkdar
incəsənət xadimi,
tanınmış şair, tərcüməçi
Çingiz Əlioğlunun 70 illik yubileyinə həsr olunmuş
mərasim keçirildi.
Yubiley tədbirində hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, şairin dostları iştirak edirdi. Əvvəlcə ədibin həyat və yaradıcılıq yolundan bəhs edən videoçarx nümayiş olundu. Gecənin aparıcısı da elə Çingiz Əlioğlunun özü idi.
Tədbir yubilyarın şeirlərindən parçaların oxuması ilə başlandı. Qonaqları salamlayan Çingiz Əlioğlu mərasimində iştirak edən hər kəsə minnətdarlığını bildirdi.
Mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev əvvəlcə nazir Əbülfəs Qarayevin 70 illik yubileyi münasibətilə şairə ünvanladığı təbrik məktubunu oxudu. Məktubda Çingiz Əlioğlunun yaradıcılığı yüksək qiymətləndirilir, onun çağdaş Azərbaycan şeirinə dəyər qatan şair olduğu vurğulanırdı.
Vaqif Əliyev gecədə çoxsaylı qonağın iştirak etməsini Çingiz Əlioğlu poeziyasına göstərilən yüksək diqqət və ona olan sonsuz sevgi ilə əlaqələndirdi. Mədəniyyət və Turizm Nazirliyində Çingiz Əlioğlu ilə birlikdə çalışdıqlarını qeyd edən Vaqif Əliyev onu yüksək insani keyfiyyətlərə, böyük mədəniyyətə, sözündə dəqiq, işinə məsuliyyətlə yanaşan bir dövlət qulluqçusu kimi xarakterizə etdi.
Bildirdi ki, şairin poetik axtarışları Azərbaycanın tanınmış qələm adamları, ədibləri, ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilib: “Bu günə qədər Çingiz Əlioğlunun doğma ana dilində və xarici dillərdə 60-dan çox kitabı işıq üzü görüb. “Nikbinlik”, “Ömür ağacı”, “Günəşli dayanacaqlar”, “Atlantlar”, “Görüşdən ayrılığa”, “Gün keçdi”, “Aynabənd”, “Fraqmentlər”, “Ruhumun həndəsəsi”, “Dünən və əbədi”, “Gecə və bahar”, “Şairlik bir sənət deyilmiş, qardaş”, “Tanrını tanı”, “Çərçivə” və s. kitabları oxucuların marağına səbəb olub. Onun yaradıcılığı haqqında Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Araz, Nəbi Xəzri, Hüseyn Arif, Nəriman Həsənzadə kimi görkəmli qələm sahibləri yüksək fikirlər söyləyiblər. Şairin poeziyası ilə bağlı Bəkir Nəbiyev, Tofiq Hacıyev, Nizami Cəfərov, Nizammədin Şəmsizadə, Vaqif Yusifli kimi tanınmış tənqidçilər məqalələr yazıb. Müəllifin şeirlərinə bəstələnmiş mahnılar isə müğənnilərimizin repertuarını bəzəyir”.
Qeyd olundu ki, geniş oxucu məhəbbəti qazanmış Çingiz Əlioğlunun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, o, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb, bir sıra beynəlxalq və milli mükafatların laureatıdır.
Daha sonra Vaqif Əliyev Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanını və nazirliyin fəxri fərmanını yubilyara təqdim etdi.
Mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova şairin ölkəmizin işıqlı, parlaq yaradıcı simalarından olduğunu bildirdi. Çingiz Əlioğlunun şeirlərinə hələ gənclik illərindən bələd olduğunu, yeni əsərlərini həmişə maraqla oxuduğunu qeyd etdi, sözə və sözünə sadiq olan şairə yeni yaradıcılıq uğurları arzuladı.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Çingiz Əlioğlu şeirinin ruhunda həmişə gənclik, cavanlıq olduğunu bildirdi. Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı və Çingiz Əlioğlunun dostluq münasibətlərinə toxunaraq onları “dağlar arxasında üç dost” kimi xarakterizə etdi: “Bu üç dost dağların önünə çıxanda bir-birindən çox ayrıldılar. Ayrı-ayrı üslublu şairlər oldular. Bu da çox gözəl idi. Çingiz Əlioğlunun şeirlərini təhlil edəndə orada hislərin formulunu, həndəsi sxemini çəkmək olar. Onun yaradıcılıq ruhu bu gün də gənclik dövrünü yaşayır”.
Şairin gənclik dostu, “ürək həmdəmim”, “çox sirlərimin sirdaşı” adlandırdığı, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı isə birlikdə keçən gənclik illərindən, bu illər ərzində olan acılı-şirinli xatirələrdən danışdı: “Bizim dostluğumuz uzun bir yol keçib. Bu əlaqələr, qardaşlıq münasibəti əsl dostluq nümunəsidir. Biz həmişə bir-birimizin uğuruna öz uğurumuz kimi sevinmişik. Çingizin həyatının məntiqi mənasını, əsərlərinin əsas qayəsini, şeirlərinin ruhunu Azərbaycanın müstəqilliyini gücləndirmək, onun mənəvi cəhətdən enerjisini daha da artırmaq, millətin ruhunu dirçəltmək təşkil edir”. Qeyd olundu ki, Çingiz Əlioğlu hər zaman sözün böyüklüyünə tapınıb və onun keşiyində durub, bütün yaradıcılığı boyu gəncliyə örnək olduğunu isbatlayıb.
Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digər çıxış edənlər Çingiz Əlioğlunu ömrünü sözə bağlayan, daima onun saflığı, müqəddəsliyi uğrunda mübarizə aparan, Azərbaycan ədəbiyyatının inkişafına çalışan, öz üslubu, öz yolu olan görkəmli qələm adamı kimi dəyərləndirdilər.
Yubiley gecəsində şair müxtəlif illərdə yazdığı şeirlərini səsləndirdi. Sonda müəllifin sözlərinə bəstələnmiş mahnılar ifa olundu.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 10
dekabr.- S. 4.