TÜRKSOY ölkələrinin UNESCO üzrə milli komissiyalarının görüşü müzakirə olunub

 

Dekabrın 9-da TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva ilə görüşüb. Milli Komissiyadan bildirilib ki, görüşdə ölkəmizlə TÜRKSOY arasında ikitərəfli münasibətlər, qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi imkanları müzakirə olunub. Həmçinin dekabrın 18-19-da Bakıda keçiriləcək TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiyalarının beşinci görüşü ilə bağlı təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bakıda olmasından məmnunluğunu ifadə edən Düsen Kaseinov təşkilatın ölkəmizlə qarşılıqlı inam və yüksək etimada əsaslanan əməkdaşlığının bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını söyləyib. Azərbaycanla TÜRKSOY arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Günay Əfəndiyeva artıq ənənəvi olaraq hər il keçirilən belə görüşlərin vacibliyini vurğulayıb.

 

Mədəniyyət.- 2014.- 10 dekabr.- S. 3.