Qazaxıstanın Atırau Universitetində Azərbaycan tarixi və mədəni irs mərkəzi

 

Qazaxıstanın Atırau şəhərində Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırılması Mərkəzinin açılışı olub. Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun və Atırau vilayətində fəaliyyət göstərən diaspor təşkilatlarımızın dəstəyi ilə X.Dosmuxamedov adına Atırau Dövlət Universiteti nəzdində yaradılan mərkəzin məqsədi ölkəmizin tarixi və mədəni irsinin öyrənilməsidir. Baş konsulluqla Atırau Dövlət Universiteti arasında əldə olunmuş razılığa əsasən mərkəzin mətbu orqanı da təsis ediləcək.

Tədbirdə Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov, Atırau Dövlət Universitetinin rektoru Beybut Mamrayev, Atırau şəhər akiminin (merinin) müavini Gülmira Şakirova və Atırau vilayətində fəaliyyət göstərən Azərbaycanlıların “Novruz” Milli-Mədəni Mərkəzinin rəhbəri Eldar Əhmədov çıxış edərək Azərbaycan-Qazaxıstan münasibətləri, iki ölkə arasında mədəni və iqtisadi əlaqələr, regional əməkdaşlıq barədə danışıblar.

Mərkəzdə yaradılmış kitabxananın materiallarının sərgisi keçirilib, ölkəmizlə bağlı elektron məlumatlar təqdim edilib.

 

Mədəniyyət.- 2014.- 12 dekabr.- S. 14.