Tatar poeziyasının görkəmli nümayəndəsi

 

Tatar ədəbiyyatının, ədəbi dilinin inkişafında görkəmli şair, naşir Abdullah Tukayın mühüm xidmətləri olub. Abdullah Məhəmməd oğlu Tukay 1886-ci il aprel ayının 14-də Kazan şəhəri yaxınlığındakı Kuşlavıç kəndində dindar bir ailədə dünyaya göz açıb. Kiçik yaşlarında valideynləri dünyasını dəyişir və Əzizə adlı bibisi onu yanına aparır, qayğısına qalır. Onu şəhərdəki Mutiullah mədrəsəsinə yazdırır. Abdullah burada oxuduğu dövrdə Abdulvəli adlı bir gənclə də tanış olur. Bu gənc vasitəsilə Türkiyədəki ədəbi cərəyanlar və fransız ədəbiyyatı ilə yaxından tanış olur. Sonralar Abdullah həmin gənci “Dünyanı tanımaq üçün gözümü açan adam” - deyə yad edir. Bir müddət sonra o, təhsilini rus məktəbində davam etdirir. İstanbuldan gələn qəzet, jurnal və kitabları əldə edir, yenilikçi hərəkatın üzvləri ilə əlaqələr qurur.

Hələ mədrəsədə oxuyarkən Kamil Mutinin mətbəəsində işə düzəlir. Az sonra rus dilində nəşr olunanUralets” qəzetində korrektor işləməyə başlayır. Eyni zamanda yaradıcılıqla da məşğul olur, köhnəliyi tənqid edən şeirlər qələmə alır. “Fikir” qəzetində, “Yeni əsr” və “Uklar” jurnallarında şeirlərini dərc etdirir. Şeirlərində tatar və başqırd əfsanələrindən, nağıllarından poetik şəkildə yararlanır.

Filologiya üzrə fəlsəfə doktoru Fəridə Hicran görkəmli şairdən bəhs edən araşdırmasında A.Tukayın folklora xüsusi önəm verdiyini, əsərlərində xalq ədəbiyyatından geniş istifadə etdiyini faktlarla diqqətə çatdırır. Görkəmli şair, ədəbiyyatşünas Xəlil Rza Ulutürk “Məşələ dönmüş həyat” məqaləsində qeyd edir ki, A.Tukay hələ uşaqlıqdan öz yaddaşı, məntiqi, ağlı, fərasəti, dərin müşahidə qabiliyyəti ilə seçilib. Nağılları, atalar sözlərini, rəvayətləri, xalq nəğmələrini, mahnıları, bir sözlə, zəngin tatar folklorunu diqqətlə öyrənib.

1907-ci ildə çar hökumətinin sərt tədbirləri nəticəsində bir çox qəzet və jurnallar bağlanır. Kamil Muti də həbs edilir, onun nəşrləri fəaliyyətini dayandırır. İşsiz qalan A.Tukay Kazana köçürömrünün sonunadək orada yaşayır.

Folklorşünas Əli Şamil araşdırmasında yazır ki, maddi və mənəvi sıxıntılara baxmayaraq, şair “Əl-islah” və daha sonra da Q.Kamal ilə birlikdə “Yeşin” adlı satirik jurnal çıxarır. Ancaq bir il sonra dərgi hökumət tərəfindən bağlanır. O, 1910-cu ilin martında “Yalt-Yult” adlı jurnalın nəşrinə icazə alır. Burada dərc etdirdiyi məqalələrində, satirik şeir və həcvlərində din xadimlərini, xurafatı kəskin tənqid edir, xalqı qəflət yuxusundan ayıltmağa səsləyir. Araşdırmalarda o da göstərilir ki, A.Tukayın ədəbi maraq dairəsi geniş olub, o, klassik Şərq poeziyasını, eləcə də ingilis, alman və fransız ədiblərinin əsərlərini mütaliə edib.

Yaradıcılığının coşqun çağlarında şairi bədbinlik hissi bürüyür. Xalqının gələcək xoşbəxtliyi yolunda, bir çox maarifçi-cədidçilər kimi, diqqətini uşaqlara, onların təlim-tərbiyəsinə yönəldir. “Üzülən ümid” şeirində şair toplum içərisində yaşayan insanın yalqızlığını, qəzavü-qədər qarşısındakı acizliyini səmimi və lirik bir dillə təsvir edir. Uşaqlar üçün yazdığı şeirlərində onların yenilikçi insan kimi yetişmələri üçün çox mütaliə etməli olduqlarını vurğulayır. Bu baxımdan “Ata ilə bala” və “Su anası” şeirləri olduqca maraqlıdır.

Çətin dolanışıq şairin gənc yaşlarında vərəm xəstəliyinə tutulmasına səbəb olur. Vətəninin əsarətdən qurtarması, millətinin azadlığı və xoşbəxtliyi arzusu ilə yaşayan şair Abdulla Tukay 1913-cü il aprelin 27-də vəfat edib. 2011-ci ildə şairin 125 illiyi geniş şəkildə qeyd edildi. Yubiley münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY 2011-ci iliAbdullah Tukay ilielan etmişdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.-12 dekabr.- S. 12.