Azərbaycanda turizmin mövsümiliyi aradan qaldırılır
Ölkəmizdə turizmin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Turizm İnstitutunun turizm biznesi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Bahadur Bilalovun bildirdiyinə görə, ümummilli lider respublika rəhbərliyinə gələndən sonra, 1969-cu il avqustun 12-də «Respublikada turizm və ekskursiyanın daha da inkişaf etdirilməsi tədbirləri haqqında» Azərbaycan KP MK, Azərbaycan Nazirlər Soveti və Azərbaycan Həmkarlar İttifaqları Şurasının birgə qərarı qəbul edilmişdi. 1980-ci il dekabrın 27-də “Respublikada turizm-ekskursiya işinin təkmilləşdirilməsi və inkişafı haqqında» adlı növbəti qərar qəbul edilmişdi. Ulu öndər Azərbaycanı ümumittifaq əhəmiyyətli rekreasiya-turizm mərkəzinə çevirmək istəyirdi. Onun təşəbbüsü ilə 1983-cü il aprelin 28-də SSRİ Nazirlər Soveti 375 nömrəli «Azərbaycan SSR Xəzər dənizi sahillərində ümumittifaq əhəmiyyətli kurort zonası yaradılması tədbirləri haqqında» qərar qəbul etdi. Bu qərar Azərbaycanın yeni sağlamlıq məkanına çevrilməsini nəzərdə tuturdu.
Həmsöhbətimiz deyir ki, müstəqillik dövründə də qeyri-neft sektorunda məhz turizmin inkişafı ümummilli liderin diqqət mərkəzində olub. «2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nın təsdiqi bunun bariz nümunəsidir: «Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Təbii ki, bu sahənin inkişafı üçün maddi-texniki baza və infrastrukturun yaradılması xüsusi önəm kəsb edir. Son illərdə gecələmə müəssisələrinin sayı sürətlə artmaqdadır. Bunun nəticəsidir ki, ölkəyə gələn xarici turistlərin sayı ildən-ilə artır, eyni zamanda vətəndaşlarımız da ölkədəki istirahət mərkəzlərinin xidmətlərindən daha çox istifadə etməyə üstünlük verirlər”.
Azərbaycanın bölgələrində də turizmin inkişafını yüksək dəyərləndirən ekspertin dediyinə görə, müstəqilliyin bərpasının ilk illərində gecələmə yerlərinin tikintisi yalnız paytaxt Bakıda aparılırdısa, bu gün bölgələrimizdə də bu, geniş vüsət alıb. Bölgələrimizdə aeroportlar, magistral yollar və gözəl hotellər yaradılır, qış turizmi mərkəzləri istifadəyə verilir. Bu isə Azərbaycanda turizmin mövsümiliyinin aradan qaldırılmasına səbəb olur. “Şahdağ” və “Tufandağ” qış-yay turizm komplekslərinin istifadəyə verilməsi ölkə turizmini ikimövsümlü edib.
Bahadur Bilalov qeyd edir ki, Mədəniyyət və Turizm Nazirliyi hər il xarici ölkələrdə keçirilən 20-dən çox beynəlxalq sərgidə Azərbaycanın turizm imkanlarını nümayiş etdirir: “Bununla bərabər, bir sıra işlərin görülməsi də vacibdir. Fikrimcə, xarici ölkələrdəki səfirliklərimiz yanında xüsusi turizm ofisləri yaradılmalı, bu ofislər turizm imkanlarımızın təbliği ilə məşğul olmalıdır”.
Mütəxəssis gələn il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının turizmin inkişafına mühüm töhfə olacağını bildirdi: “Ölkə rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində son dövrlərdə Azərbaycan müxtəlif beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi edib. Bunun davamı olaraq 2015-ci ildə ölkədə ilk Avropa Oyunları keçiriləcək. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə idman turizmi sürətlə inkişaf etməkdədir. Təbii ki, bu da ölkəyə gələn xarici turistlərin sayının artmasına səbəb olan hadisələrdəndir”.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 12
dekabr.- S. 9.