Azərbaycan xalçalarına Qərb yanaşması

 

İtalyan mütəxəssis Bakıda mühazirə kursu keçir

 

Dekabrın 10-da Azərbaycan Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycan xalçalarına Qərb yanaşması” mövzusunda üçgünlük seminar-mühazirə kursu başlandı.

 

Tədbiri mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açaraq bildirdi ki, xalçaçılıq Azərbaycan xalqının milli mədəniyyətində özünəməxsus yer tutur. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən xalqımızın xalçaçılıqla hələ Tunc dövründən məşğul olduğu müəyyən olunub. Bütün bunlar ölkəmizdə xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Bu gün xalçalarımız dünyanın ən möhtəşəm muzeylərini bəzəyir.

Prezident İlham Əliyevin diqqət və qayğısı ilə paytaxtımızda müasir tələblərə cavab verən mədəniyyət ocaqlarının inşa edildiyini deyən Sevda Məmmədəliyeva bu tikililərin hər birinin gözəl memarlıq nümunəsi olduğunu vurğuladı. Qeyd olundu ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyi ilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan Azərbaycan xalça sənətinin təbliğinə xidmət edən möhtəşəm Xalça Muzeyi ən yeni dünya standartları səviyyəsində texnoloji avadanlıqlarla təchiz olunub.

Nazir müavini Azərbaycan auditoriyası üçün təşkil olunan mühazirə kursunun Florensiyadan (İtaliya) olan Şərq xalçaları üzrə mütəxəssis və kolleksiyaçı, İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) təşkilatının akademik komitəsinin sədri Alberto Boralevi tərəfindən aparacağını diqqətə çatdırdı. Bildirildi ki, “Azərbaycan xalçalarına Qərb yanaşması” mövzusunda mühazirə kursu dekorativ-tətbiqi sənət sahəsində beynəlxalq əlaqələrin və muzeyşünaslığın inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru Röya Tağıyeva mühazirə kursunun Xalça, Milli İncəsənət, Milli Azərbaycan Tarixi muzeylərinin əməkdaşları, eləcə də Turizm İnstitutu, Dövlət Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri, toxuculuqya xalça ornamentləri ilə işləyən mütəxəssislər, dizayner və rəssamlar üçün nəzərdə tutulduğunu dedi. Qeyd olundu ki, mühazirələrin mövzusu xalça tarixi, onun müəyyənləşdirilməsi üçün əsas texniki göstəriciləri, xalçalarımızın naxışları, Qərb və Azərbaycan tədqiqatçılarının xalça təsnifatlarında fərqlər, muzeyşünaslıq məsələlərini əhatə edəcək. 30 ildən çoxdur ki, Xalça Muzeyi ilə əməkdaşlıq edən Alberto Boralevi xalça sənətimizin beynəlxalq miqyasda təbliği ilə məşğuldur. O, Azərbaycan Xalça Muzeyinin müxtəlif illərdə təşkil etdiyi beynəlxalq simpoziumların iştirakçısıdır.

İtalyan mütəxəssis 2008-ci ildə Xalça Muzeyinin əməkdaşlarına RomaFlorensiya muzeylərini ziyarət etmək və oradakı Azərbaycan xalçaları ilə tanış olmaq üçün köməklik göstərib. 2013-cü ildə Azərbaycan Xalça MuzeyininA.Boralevinin təşkilatçılığı ilə Qəbələ, Şamaxı və Şəkidə beynəlxalq xalça turu keçirilib.

Onun səyləri nəticəsində Xalça Muzeyinin kolleksiyası dörd nadir Azərbaycan xalçası, o cümlədən XVII əsrə aid əvəzolunmaz kompozisiyaya malik “Əjdahalı” xalça ilə zənginləşib. Bunlardan ikisi A.Boralevinin şəxsi kolleksiyasından alınıb, digər ikisi isə ABŞ-ın Şərq xalçası və toxuculuğu üzrə Çikaqo cəmiyyətinin üzvü, mərhum Qrover Şiltsin kolleksiyasından hədiyyə edilib.

Çıxışlardan sonra italyan mütəxəssisin mühazirə kursu başlandı. Kurs dekabrın 12-də başa çatacaq.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 12 dekabr.- S. 8.