Ulu
Tanrının bəxşi
Deyirlər, insan
ömrü axar suya bənzər: bəzən sakit, bəzən
həzin, bəzən dağ şəlaləsi kimi
hay-haraylı. Bəs harada qurtarır, yox olur bu su? Nə vaxt bitir insan ömrü?! Kimi deyir,
dünyasını dəyişəndə, kimi deyir, əməlinə,
işinə görə nə qədər xatırlanır, o
qədər qəlblərdə yaşayır insan. Ulu
Tanrının xalqımıza bəxşi olan Heydər
Əliyev də qərinələr, əsrlər bir-birini əvəz
etsə də, qəlblərdə əbədi
yaşayacaqdır. Mənim də həyatımda əbədi
iz salıb, qəlbimə köçmüş bu əvəzolunmaz
dahi hər an xatırlanır, yaşayır. Bu
xatirələrdən bəzilərini hörmətli
oxucularımızla bölüşmək istəyirəm.
Dediyimdən
dönmədim
1970-ci illər idi. Azərbaycanın hər yerində
olduğu kimi, Ağsuda da həyat olduğundan daha gözəl,
yaşamaq daha şirin idi. Baxmayaraq ki, kənd
rayonlarında iş çox idi, adamlar daha sağlam, daha
gümrah idilər, işdən yorulmazdılar. Təsərrüfatlarda
mal-qara üçün yem toplanar, taxıl, pambıq,
üzüm əkilib becərilərdi. Mədəniyyət
işçiləri əməkçilər
qarşısında çıxış edərdi. Elm, təhsil, mədəniyyət inkişafda idi.
1977-ci ildə
orta təhsilimi başa vurub həvəslə sənədlərimi
ali məktəbə təqdim etdim. Lakin
“balım çatmadığı üçün” arzum
ürəyimdə qaldı... Beləcə, M.Ə.Sabir adına sovxozda işləməyə
başladım.
Sovxoz üzümçülük üzrə
ixtisaslaşdırıldığından biz yeni plantasiyalar
salmaqla məşğul idik. Əkib-becərdiyim tənəyin
məhsulundan dadanda aldığım ləzzəti,
zövqü heç nə əvəz edə bilməzdi.
Müvəqqəti məşğuliyyətim
olsa da, jurnalist olmaq istəyirdim. Məni tanıyanlar -
müəllimlərimiz, məktəbimizin şagirdləri, məzunları,
yerli qəzetin yaradıcı kollektivi, həvəskar yazarlar gələcəkdə
qələm əhli ola biləcəyimə
məni daha da həvəsləndirirdilər. Bu
məqsədlə sənədlərimi indiki Bakı Dövlət
Universitetinə təqdim etdim. İmtahanlardan
keçsəm də, arzuma çata bilmirdim. Elə
“balım çatmırdı ki çatmırdı”, “get, gələn
il gələrsən, bura o qədər illərlə ayaq
döyənlər var ki” - deyirdilər. Bu isə
məni ruhdan salmırdı, əksinə, imtahan vaxtı
gördüklərim, eşitdiklərim
çatışmazlıqlar məni mətin olmağa
çağırırdı. Doğrusu,
ürəyimdən keçirdi ki, mənim də ya “dayım”,
ya da pulum olaydı. Heç biri yoxdursa, deməli,
qəbul imtahanlarına daha ciddi hazırlaşmalıyam.
Bununla bərabər, rayonda çıxan “Birlik”
qəzetinə nə vaxt müxtəlif mövzularda məqalələr
hazırlayıb göndərdiyimi hiss etməzdim. Bir də onda gördüm ki, artıq yazar kimi formalaşıram.
Zəhmət
bəhrəsiz qalmır
1981-ci il iyul ayının 11-i idi. Ali məktəblərdə
sənədlərin qəbulu davam etdirilirdi. Belə bir vaxtda eşitdik ki, xalqımızın əvəzedilməz
oğlu Heydər Əliyev Ağsuya gəlir və zəhmətkeşlərlə
görüşmək niyyətindədir. Doğrusu, bu xəbər
mənim üçün həm sevindirici idi, həm də həyəcanlandırıcı...
İkincisi daha çox idi. Çünki
bir zəhmət adamı kimi mətbuatdan, televiziyadan onu izləyirdim
və gəldiyim qənaət belə idi ki, Heydər
Əliyev məsuliyyətli, öz işinə ürəkdən
bağlı olan adamları sevir. Mən də
elələrindən olmağıma baxmayaraq, görüş
vaxtı həyəcandan dilim söz tutmurdu. Buna görə də mən ilk görüşənlərdən
olmadım. Gözləyirdim ki,
özümü “toplaya” bilim. Həm də
onda Kommunist Partiyasının sıralarına qəbul
olunmağa namizədlik müddətinin bitməsinə bir-iki
ay qalırdı. Böyük rəhbərlə
- Azərbaycan KP MK-nın birinci katibi ilə üz-üzə
dayanıb söhbətləşənləri seyr edirdim.
Görürdüm ki, onların
qayğıları, istəkləri ilə maraqlanır. Özü də bu qayğıdan, bu səmimiyyətdən
kollektivin bütün üzvlərinə - rəhbərlikdən
fəhləyə qədər hamıya pay düşür və
bu böyüklük, bu alicənablıq, bu səmimiyyət
çox keçmədi əritdi həyəcan buzunu. Necə deyərlər, “ayaqüstü” söhbət
etdik. Axırda cəsarətə gəlib
arzumu bildirdim.
- Bu barədə
səriştəniz varmı? - deyə
soruşdu.
- Bəli,
yerli qəzetdə az da olsa
çıxışlarım olur.
Əslində
çıxışlarım elə də az
deyildi. Həm də təkcə rayon qəzetində
yox, respublikanın müxtəlif dövri mətbuatında.
Çünki bunlar mənə qəbul
imtahanı vaxtı lazım olurdu.
Həmin il universitetdə qəbul imtahanları başlanan
ilk günü görənlər yəqin ki, unutmayıblar. Oradakı böyük canlanmanı indi də
xatırlayırlar. Təkcə müəllimlər,
abituriyentlər deyil, valideynlər də Heydər Əliyevin təhsil
ocağına gəlib, qəbul imtahanlarında iştirak edən
müəllim və professor heyətini daha obyektiv olmağa,
işə “bilik yeganə meyardır “ prinsipi ilə
yanaşmağa sövq etdiyinin şahidi oldular. Bu,
çoxlarını sevindirdi. Mən də
sevinənlər arasında idim. Onun
üçün ki, məmləkətin birinci şəxsi
biliyə, zəkaya böyük qiymət verdiyindən qəbul
imtahanlarının gedişi ilə şəxsən
maraqlanırdı və istəyi, amalı o idi ki, bu gənclər
arasından ən layiqliləri seçilsin.
Onun heyrət ediləcək dərəcədə dərin
zəkası və yaddaşı var idi. Az vaxtdan
- cəmi bir neçə saatdan sonra məlum oldu ki, elə
universitetə gəlişi həm də mənimlə
bağlı imiş. Partiyanın xətti ilə
əlaqədar şəxslərdən mənim şəxsi
işim, hətta valideynlərim, qohumlarım barədə hərtərəfli
məlumat almışdı. Mən isə
sənədlərimi gecikdirdiyim üçün başqa
fakültəyə verməli olmuşdum. Qürur
hissi ilə xatırlayıram ki, Heydər Əliyevin şəxsi
göstərişinə əsasən tezliklə işlər
yoluna düşdü, istədiyim fakültədə imtahan
verməli oldum. Onun universitetə gəlişi
xəbəri Azərbaycanın bütün bölgələrinə
sürətlə yayıldı və Heydər Əliyevi sevənlərin,
ona rəğbət bəsləyənlərin sayı daha da
çoxaldı.
Kəsərli
qələm arzusu ilə
Avqustun 28-də tələbə biletimi alıb sevincimi
yaxınlarımla bölüşmək üçün
rayona getdim. Evə təzəcə çatmışdım ki,
dedilər rayon Partiya Komitəsinin ikinci katibi Validə Mehdiyeva
sürücüsünü göndərib. Onunla rayon partiya komitəsinə getməliyəm.
Getdim. Orada bildirdilər ki, sabah
Bakıda - Respublika Sarayında (indiki Heydər Əliyev
Sarayı) Heydər Əliyevlə görüş olacaq. O
zamanlar dahi rəhbərin tələbələrlə yeni dərs
ilinin başlanmasına həsr olunmuş ənənəvi
görüşləri keçirilirdi. Heydər
Əliyev onlara xeyir-dua verər, bu şərəfli və
çətin yolun başlanğıcında onları gözləyən
həyat sınaqlarından danışar, tövsiyələrini
bildirərdi. Təşkilat komitəsinin dəvəti
ilə iştirak etdiyim bu görüşdə mən rəyasət
heyətində üçüncü sıra, 28-ci yeri
tutmalı idim (dəvətnaməni indi də saxlayıram).
Görüşə
az qalmış KP MK-nın Elm, təhsil
şöbəsindən mənə yaxınlaşıb Heydər
Əliyevin mənimlə ayrıca görüşəcəyini
bildirdilər. Çox keçmədi ki, şax
qədd-qaməti, böyük əzəməti-vüqarı,
nurlu sifəti, nüfuzedici baxışları, heyranedici nitq mədəniyyəti
ilə ürəkləri fəth edən bu alicənab insan
salona daxil oldu. Bir anda ətrafa sakitlik
çökdü.
- Salam,
qoçaq qızın kefi necədir? - deyəsən
Ağsuda səni belə tanıyırlar, - de görüm, tələbə
ola bildinmi?
Tələbə olmağımdan xəbərsiz kimi
danışırdı. Mənsə fikirləşirdim ki, bu boyda respublikaya rəhbərlik
edəsən, hansısa rayonda adi üzümçüyə
qarşı bu qədər diqqətli olasan... Yox,
bu diqqət deyil, TANRI vergisidir, İLAHİ qüvvədir.
- Bəşəriliyinizin
məsuliyyətini ömrüm boyu hiss edəcəyəm,
-dedim, - tələbə kimi də, jurnalist kimi də,
ziyalı kimi də.
- Bilirdim
ki, belə olacaq. Ona görə də sənə
kəsərli qələm arzulayıram. Şəxsi
həyatında isə uğurlar diləyirəm.
Nə gizlədim, özümü xoşbəxtliyin lap
yüksək zirvəsində saydım və bu xoşbəxtliyin
mənə nəsib olmasında Azərbaycanın qurucusu olan
bu fenomen İNSANIN həlledici rolunu nəzərə alsaq, fərəh
hissi ölçüyəgəlməz dərəcədə
idi. Ona görə yox ki, zəhmətdən
ayrılıb romantik tələbəlik həyatına
qovuşurdum. Yox, içimdən, daxili
varlığımdan gələn sevinc qarışıq bir
hiss çulğalamışdı qəlbimi: Deməli,
xalqımın başbiləni insanları adi bir hərəkətindən,
sözündən həssaslıqla başa düşüb
qiymətləndirməyi bacaran, onların nəyə qadir
olduğunu ilk baxışda duya bilən, sözün əsl mənasında,
böyük İNSAN idi.
Bu böyük şəxsiyyətin şəxsən mənə verdiyi qiymətin məsuliyyətini 30 ilə yaxın mətbuat işçisi kimi fəaliyyətim dövründə hər gün, hər saat hiss etmişəm. 1993-1994-cü illərdə cəbhə bölgələrində də olmuşam. Onda da çalışmışam ki, hər bir çıxışım, hər bir sözüm ədalətli, obyektiv olsun. Kim və ya nə üçünsə ağa qara deməmişəm.
Məlum həqiqətdir ki, qayğılar burulğanında üzdüyümüz zamanlarda da insanlar sosial vəziyyətlərini media işçiləri ilə bölüşməyə daha çox üstünlük veriblər. Belə anlarda da, istər qələm, söz adamı kimi, istər Ağsu şəhər bələdiyyəsinin üzvü, istərsə də D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti Ağsu rayon şöbəsinin sədri kimi fəaliyyət göstərdiyim illərdə obyektivliyimi qoruyub saxlamışam. Elə 2000, 2005-ci illərdə parlament seçkilərində iştirakım zamanı Qarabağ müharibəsi veteranlarının, əlillərinin, şəhid ailələrinin, Əfqanıstan veteranlarının mənə müşahidəçilik, vəkillik etməsi də bu obyektivliyin nəticəsi idi. Çünki Heydər Əliyev mənə kəskin qələm, bir də obyektivlik arzulamışdı. Səmimiyyətlə deyə bilərəm ki, mən artıq belə tərbiyə olunmuşam. Yəqin ki, bundan sonra da başqalaşa bilməyəcəyəm. Çünki Heydər Əliyev dühası məni, bizi belə yetişdirib ki, gələcək nəsillər də bundan bəhrələnsinlər. Beləcə, nəsillər dəyişsə də, belə dühalar yadda qalır, əbədi olaraq yaşayırlar.
Zəminə Həmidova,
Jurnalist
Mədəniyyət.- 2014.- 12
dekabr.- S. 7.