Belə görüşlər problemlərin öyrənilməsi və həlli baxımdan çox vacibdir

 

Mədəniyyət və turizm naziri Sabirabad rayonunda vətəndaşları qəbul etdi

 

“Mədəni irsimizin dünyada təbliğində yerlərdəki mədəniyyət müəssisələrinin də üzərinə böyük məsuliyyət düşür

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşləri davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 10-da Sabirabad şəhərində Sabirabad, Ağcabədi, Beyləqan, Saatlı, İmişli, Cəbrayıl, Füzuli, Xocavənd və Laçın rayonlarından vətəndaşları qəbul etdi.

 

Nazir əvvəlcə ümummilli lider Heydər Əliyevin Sabirabad rayonunun mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri qoydu.

Sonra Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Sabirabad rayon Mədəniyyət sarayında aparılan əsaslı təmir və yenidənqurma işlərinin son vəziyyəti ilə tanış oldu, müvafiq tapşırıqlarını verdi.

* * *

Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbula Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq şəhər-rayon mədəniyyət turizm şöbələrinə müraciət etməklə 40-dan çox vətəndaş yazılmışdı. Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların müxtəlif məsələlərə dair xahiş və təklifləri səsləndirildi. Müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni irsin qorunması, xalq yaradıcılığının təbliği, uşaq incəsənət və musiqi məktəblərində yeni şöbələrin açılması və digər məsələlərlə bağlı idi.

* * *

Qəbula gəlmiş bir neçə vətəndaşla həmsöhbət olub müraciət etdikləri məsələlərlə bağlı fikirlərini öyrəndik.

Beyləqan rayon sakini Asif Cəfərovun müraciəti rayondakı arxeoloji abidələrin qorunması ilə bağlıdır: “Beyləqan rayonu ərazisində çoxlu arxeoloji abidələr var. Bu abidələrin, qədim yaşayış yerlərin bəzilərinin daha geniş tədqiq olunmasına ehtiyac var. Dünya əhəmiyyətli arxeoloji abidə olan Örənqala yaşayış yeri də belə tarixi məkanlardan biridir. Bu yaşayış yerinin mühafizə olunması, qorunması üçün cənab nazirə müraciət etdimo, bununla bağlı müvafiq tədbirlər görüləcəyini dedi”.

Füzuli rayonundan qəbula yazılmış Kərəm Əliyev rayonun işğaldan azad olmuş kəndlərinin birində Xalq yazıçısı İlyas Əfəndiyevin ev-muzeyinin açılması təşəbbüsü ilə çıxış etdiyini bildirdi: “Həmyerlimiz, böyük nasir, dramaturq İlyas Əfəndiyevin ev-muzeyinin yaradılmasını istəyirik. Qoy belə bir görkəmli şəxsiyyətin anadan olduğu torpaqda ev-muzeyi olsun. Cənab nazir təklifimizi bəyəndi”.

Seyidməmməd Əliyev isə Sabirabad rayonunda fəaliyyət göstərən xalq teatrının əlillərdən ibarət qrupun hazırladığı tamaşaların ölkə səviyyəsində keçirilən tədbirlərdə nümayişinin təşkil olunmasına köməklik göstərilməsi xahişi ilə qəbula gəlmişdi: “Sabirabad rayon Mədəniyyət evi nəzdində fəaliyyət göstərən Adil İsgəndərov adına xalq teatrının tərkibində özfəaliyyət kollektivi - “Mübarizlər” qrupu var. Qrupun aktyorları əlillərdir. Əksəriyyəti Qarabağ döyüşlərində əlil olmuş şəxslərdir. “Mübarizlər” qrupunun iştirakı ilə “Xocalı harayı” və Heydər Əliyevə həsr olunmuş “Səndən sonra sənsiz deyil, səninlədir bu məmləkət” tamaşaları hazırlanaraq nümayiş etdirilib. İstəyirik ki, bu qrupun müxtəlif tədbirlərdə, festivallarda, baxış müsabiqələrində iştirakına köməklik göstərilsin”.

Qəbulda həmçinin Füzuli rayonu ərazisində yerləşən XIII əsrə aid Şeyx Babı Yaqub türbəsinin bərpasının ikinci mərhələsinin başlanması, Horadiz şəhərində mərkəzi kitabxana üçün binanın tikilməsi, Ağcabədi rayonunda Hindarxı qəsəbə uşaq musiqi məktəbinin əsaslı təmiri və əlavə sinif otaqlarının tikilməsinə yardım göstərilməsi və s. məsələlərlə bağlı müraciətlər də səsləndi.

* * *

Nazir Əbülfəs Qarayev qəbuldan sonra jurnalistlərə müsahibəsində bildirdi ki, ölkə Prezidentinin göstərişinə əsasən yerlərdə vətəndaşlarla keçirilən belə görüşlər mövcud problemlərin öyrənilməsi və həlli baxımdan mühüm önəm daşıyır. Qeyd edildi ki, bütün müraciətlərə baxılacaq, qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görüləcək. Nazir həmçinin bəzi vətəndaşların sosial məsələlərlə bağlı xahişlərinin də diqqətdə saxlanılacağını bildirdi.

* * *

Qəbul başa çatdıqdan sonra Heydər Əliyev Mərkəzində nazir Əbülfəs Qarayevin, nazirliyin məsul işçilərinin, mədəniyyət və turizm müəssisələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi.

Nazir müşavirədə əldə olunan uğurlar, mövcud nöqsanlar, qarşıda duran vəzifələr, yerlərdə mədəniyyət və turizm sahələrinin inkişafı üçün həyata keçiriləcək yeniliklərdən danışdı. Bildirdi ki, mədəniyyət və turizm şöbələri öz işlərini günün müasir tələblərinə uyğun şəkildə qurmalıdır: “Biz öz mədəniyyətimizi layiqli şəkildə dünyaya çıxarmalıyıq. Bu işdə mədəniyyət işçilərinin üzərinə böyük məsuliyyət düşür. İşğal olunmuş ərazilərimizdə qalan mədəniyyət ocaqlarımızın, tarixi abidələrimizin aqibəti bizi olduqca çox narahat edir. Bu məsələlərlə bağlı bizə vətəndaşlar da müraciətlər edir, bununla bağlı müzakirələr aparırıq”.

Milli mədəni irsimizin beynəlxalq arenada təbliği məsələsinə toxunan Əbülfəs Qarayev bu günlərdə Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınmasını böyük addım kimi qiymətləndirdi. Nazir mədəniyyət və turizm müəssisələri rəhbərlərini milli mədəni irsimizin təbliğ olunması, tanıdılması məsələsində daha fəal, təşəbbüskar olmağa çağırdı.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 12 dekabr.- S. 6.