Çövkən
- minilliklərin oyunu
UNESCO-nun siyahısına salındıqdan sonra Azərbaycanın bu qədim oyun ənənəsinə dünyada maraq artıb
2013-cü
ilin dekabrında Azərbaycan
xalqının qeyri-maddi mədəni irsinin daha bir
nümunəsi - Qarabağın qədim atüstü
oyun ənənəsi olan
çövkən UNESCO-nun
siyahısına salındı. Bu, Azərbaycanın
mədəniyyət tarixində əlamətdar hadisə idi. Bu fakt eyni zamanda
qədim yurd yerimizin,
cənnət Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu
bir daha dünyaya nümayiş etdirdi. Ötən müddətdə Azərbaycanın
bu qədim oyun ənənəsinə
dünyada marağın artması da zəngin mədəni irsimizin
təbliği deməkdir.
Qarabağ atlarının şöhrəti hələ eramızdan əvvəl dünyaya yayılmışdı
Çox qədim zamanlarda Şərq xalqlarının, o cümlədən türklərin atla bağlı müxtəlif milli oyunları meydana gəlmişdi. Onların arasında Azərbaycanda, eləcə də Orta Asiyada çövkən kimi tanınan və yaxın-uzaq ellərə müxtəlif adlar altında yayılan oyun xüsusi yer tutur. Minillər öncə Azərbaycanın dilbər yurdu Qarabağda igidlərin at üstündə oynadığı bu oyun cəsurluq, çeviklik rəmzi idi. Xalqın sevə-sevə tamaşa etdiyi çövkən, eləcə də sürpapaq, sürəyçi, baharbənd, yaylıq, piyaləox, çərdəkqaçırdı kimi milli atüstü oyunlarımızda ər oğullar hünər göstərər, el-obada ad-san qazanardı.
Qarabağ cins atlarının şan-şöhrəti isə eramızdan əvvəl dünyaya yayılmışdı. Tarixçilərin qeydləri əsasında demək olar ki, Azərbaycan torpağı ta qədimdən Şərqdə atçılığın inkişaf etdiyi ölkə olub. Ölkəmizdə əsrlər boyu yetişdirilən at cinsləri arasında Qarabağ, Qazax (Dilboz), Quba və Şirvan atları geniş yayılıb. Tarixi mənbələrin verdiyi məlumatlara görə, Makedoniyalı İsgəndər, İran hökmdarı Dara kimi sərkərdələr öz süvari qoşunlarını Qarabağ atları hesabına gücləndiriblər. Hazırda dünyada məşhur olan at cinslərindən ikisi Azərbaycana məxsusdur: Qarabağ və Dilboz at cinsləri.
Atçılığın inkişafı dövlətin diqqət mərkəzindədir
Qarabağ at cinsinin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir. 2007-2012-ci illərdə icra olunan "Atçılığın inkişafı üzrə Proqram”da bununla bağlı bir sıra tədbirlər nəzərdə tutulmuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 noyabr 2014-cü il tarixli “Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” sərəncamı bu istiqamətdə tədbirlərin davamıdır. Sərəncama əsasən, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat vəsait ayrılıb.
Hər il Azərbaycanda çövkən və digər atüstü oyunlar üzrə müxtəlif yarışlar keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə gerçəkləşən bu tədbirlər milli atüstü oyun ənənələrimizin təbliğinə, bu idman növünün inkişafına xidmət edir. Dekabrın 11-14-də Beynəlxalq Atçılıq Federasiyasının ali orqanı olan Baş Assambleyanın illik iclasının Bakıda keçirilməsi mühüm hadisədir. Hər il müxtəlif şəhərlərdə keçirilən beynəlxalq tədbir ilk dəfə Bakıda təşkil olunub. Beynəlxalq Atçılıq Federasiyasının prezidenti, şahzadə Haya Bint əl-Hüseyn və müxtəlif ölkələrin nümayəndələrinin qatıldığı toplantıda atçılıq idmanının inkişafı, idarəetmə məsələləri və s. müzakirə edilib, qərarlar qəbul olunub.
Hər il ənənəvi olaraq may və dekabr aylarında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən atüstü milli oyunlar xüsusilə böyük maraq doğurur.
Dekabrın 17-dən 22-dək Şəkinin Daşüz kəndindəki Respublika Atçılıq Turizm Mərkəzində Prezident kuboku uğrunda növbəti, IX çövkən milli oyunu keçiriləcək. 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşan bu layihə milli atüstü oyun ənənələrimizin qorunub saxlanılması, atçılığın inkişaf etdirilməsi, ölkəmizdə atçılıq turizminin təbliği məqsədi daşıyır. Prezident kuboku oyunlarında respublikanın şəhər və rayonlarını təmsil edən 16 komanda iştirak edəcək. Bunlar Qəbələ, Ağstafa, Ağcabədi, Goranboy, Qax, Balakən, Yevlax, Şəki, Oğuz, Ağdam, İsmayıllı, Laçın və Xaçmaz rayonlarını təmsil edən komandalar və paytaxtın “Sərhədçi”, “Polad” və “Kövsər” klublarıdır. Komandalar 4 növdə - çövkən, sürpapaq, papaq və yaylıq oyunları üzrə yarışacaqlar. Qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin diplomları və pul mükafatları təqdim ediləcək.
Keçirilən bu tədbirlər bir daha sübut edir ki, atla bağlı milli oyunlar tarixən olduğu kimi, bu gün də xalqımız tərəfindən sevilir və maraqla izlənilir.
Çövkən və Qarabağ atları dünya mətbuatında və sərgilərdə
Ötən il çövkən UNESCO-nun «Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı»na salındıqdan sonra Qarabağ atları və bu oyunla bağlı məlumatlara dünya mətbuatı da yer ayırmağa başladı, eyni zamanda bu mövzuda yeni nəşrlər işıq üzü gördü, sərgilər, təqdimatlar təşkil edildi.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə fransız yazıçısı və tarixçisi, «Beynəlxalq At Oyunları Səfiri-2014» tituluna layiq görülmüş Jan-Lui Quronun müəllifi olduğu «Qarabağ atları» kitabı çapdan çıxıb. Bu ilin avqustunda Fransanın Kann şəhərində keçirilən Dünya At Oyunları yarışları ərəfəsində fransız və ingilis dillərində 3000 tirajla nəşr olunan kitabda Qarabağ atlarının xüsusiyyətləri, bu cinsin tarixi inkişaf yolu, habelə Ermənistanın ölkəmizə təcavüzü nəticəsində yox olmaq təhlükəsi barədə məlumatlar əksini tapıb.
Dünya At Oyunlarının keçirildiyi Kann şəhərində «Qarabağ atları» kitabının təqdimat mərasimində müəllif J.L.Quro ötən ilin dekabrında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən sessiyasında çövkənlə bağlı müzakirələrdə iştirak etdiyini diqqətə çatdırıb. O, çövkənin tarixindən söhbət açaraq, bu oyunun Qarabağ cins atları üzərində oynanıldığını vurğulayıb və bu irs nümunəsinin UNESCO-nun siyahısına salınması ilə Qarabağ atlarına da böyük maraq yarandığını deyib. Fransalı yazıçı bu tarixi hadisədən sonra Qarabağ atları haqqında kitab yazmaq qərarına gəldiyini bildirib.
Yeri gəlmişkən, noyabr ayında Böyük Britaniyanın nüfuzlu «The Telegraph» qəzetində Azərbaycanın qədim çövkən oyununun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasından bəhs edən məqalə dərc olunub. Məqalədə UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri siyahısında Azərbaycanın çövkən oyununun özünəməxsus yeri olduğu vurğulanır. Qəzetin saytında həmçinin çövkən oyunu haqqında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan videoçarx da yerləşdirilib.
Noyabrın 26-da Bakıdakı «Natəvan» qalereyasında latviyalı rəssam Alla Dzevaltovskayanın «Qarabağ atları» adlı sərgisinin keçirilməsi də ilin yaddaqalan hadisələrindən olub. Mədəniyyət və Turizm Nazirliyinin və Latviyanın Bakıdakı səfirliyinin dəstəyi, «Arts Council Azerbaijan» və «Arts Council Latvia» təşkilatlarının əməkdaşlığı ilə keçirilən sərgi Azərbaycan ictimaiyyətində böyük maraq doğurub. Sərgi Latviya mətbuatında da işıqlandırılıb.
Atüstü turizm marşrutlarına maraq artır
Respublika Atçılıq Turizm Mərkəzinin direktoru Elman Qədirovun sözlərinə görə, Azərbaycanda atüstü oyunlara maraq ildən-ilə artır. Hər il yarışmada iştirak etmək istəyən komandaların sayı da çoxalır. Budəfəki yarışmada da fərqli rayonları təmsil edən komandalar var. Həmsöhbətimiz deyir ki, Respublika Atçılıq Turizm Mərkəzi və Mədəniyyət və Turizm Nazirliyi atçılıq turizminin inkişaf etdirilməsi ilə bağlı müxtəlif layihələr həyata keçirir. Mərkəzin bir neçə rayonda filialı var: «Şəki filialımız fəaliyyət göstərir. Ağdam rayonunda da mərkəzimizin filialı açılıb. Bundan başqa, bir neçə rayonda filialımızın yaradılması ilə bağlı bizə müraciətlər edilir. Balakən, Qazax, Daşkəsən, Xaçmaz və Ağcabədi rayonlarından müraciətlər almışıq».
Atçılıq turizmi dünyada maraq kəsb edən turizm istiqamətlərindən biridir. Bu sahənin inkişaf etdirilməsi üçün mərkəzin mütəxəssisləri tərəfindən atüstü turizm marşrutları müəyyənləşdirilir: «Şəki-Balakən-Zaqatala-Qax, Oğuz-Qəbələ istiqamətində marşrutlar fəaliyyət göstərir. Yaxın perspektivdə Quba-Qusar istiqamətində də marşrut hazırlamaq nəzərdə tutulur. Digər bir marşrutu Gəncəbasar və Lənkəran zonalarında yaratmaq istəyirik. Şəki, Şamaxı, Quba, Xaçmaz zonasına yeni bir marşrut işləyib hazırlamaq niyyətindəyik. Əvvəlki illərlə müqayisədə atüstü turizmə maraq göstərənlər çoxdur və ildən-ilə də belə insanların sayı artır. Gəzmək üçün atüstü turizm marşrutlarını seçənlər yolboyu həm də qədim abidələrlə, alban məbədləri ilə, eyni zamanda Şəkinin flora və faunası ilə tanış olmaq imkanı əldə edirlər».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 17
dekabr.- S. 9.