Ukraynada Azərbaycan kitabı bayramı

 

Kiyevdə, V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasında Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən nəşr edilmiş kitabların təqdimatı keçirilib.

 

Səfirliyin, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının və Ukrayna Milli Kitabxanasının birgə təşkil etdiyi tədbirdə ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev haqqında kitablar, Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, bugünkü inkişafı, Dağlıq Qarabağ problemi, Azərbaycan-Ukrayna münasibətləri və s. mövzularda nəşrlər, Mirzə Fətəli Axundzadənin, Mir Cəlalın əsərləri, ukraynalı tələbələr üçün Azərbaycan dili dərsliyi, “Azərbaycanca-ukraynaca, ukraynaca-azərbaycanca” lüğətlər və s. təqdim olunub.

Ukrayna Milli Kitabxanasının direktoru Vladimir Popik çıxış edərək bu nəşrlərin iki xalqın bir-birini daha yaxından tanıması üçün imkan yaratdığını vurğulayıb. Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli kitabların müəlliflərinə, tərcüməçilərə və naşirlərə yüksək peşəkarlıqla gördükləri üçün təşəkkürünü bildirib, səfirliyin humanitar sahədə geniş planları haqda məlumat verib. Səfir V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının baş direktorunu həmin kitabların dekabrın 22-də Bakıda, Azərbaycan Milli Kitabxanasında keçiriləcək təqdimat mərasiminə dəvət edib. Diplomat təqdimatı keçirilən kitabları Ukrayna Milli Kitabxanasının fondlarına hədiyyə edib.

Mərasimdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov rəhbərlik etdiyi mədəniyyət müəssisəsi barədə məlumat verib. Qeyd edib ki, təqdim olunan kitablar Azərbaycanın müasir inkişafının, mədəniyyətinin təbliği, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətin dünyaya çatdırılması üçün yaxşı vasitədir. O, çıxışının sonunda Mir Cəlalın Türkiyədə çapdan çıxmış 5 cildliyinibaşqa kitabları Ukrayna Milli Kitabxanasının direktoruna hədiyyə edib.

Tədbirdə çıxış edənlər Azərbaycan diasporunun, Ukrayna ədəbi və elmi elitasının nümayəndələri Azərbaycan kitabı bayramının təşkilinə görə ölkəmizin səfirinə təşəkkürlərini bildiriblər. Səfir Eynulla Mədətliyə və Azərbaycan Milli Kitabxanasının direktoruna Ukrayna Milli Elmlər Akademiyasının “Əmək şöhrəti” medalları təqdim edilib.

Sonda M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

Mədəniyyət.- 2014.- 17 dekabr.- S. 6.