Rəşid Behbudovun xatirəsi Bakıda və Vyanada yad edilib
Dekabrın 14-də
dünya şöhrətli müğənni,
SSRİ Xalq artisti Rəşid
Behbudovun (1915-1989) anadan
olmasının 99-cu ildönümü
münasibətilə xatirəsi anılıb.
Sənətkarın ailə üzvləri və yaxınları, mədəniyyət xadimləri Fəxri xiyabanda onun məzarını ziyarət ediblər. “Rəşid Behbudovun dahiliyi Azərbaycan mədəniyyətinin, milli musiqimizin görkəmli nümayəndəsi kimi illər keçdikcə daha aydın görünür”, - müğənninin qızı Rəşidə Behbudova deyib. O, gələn il dahi musiqiçinin 100 illik yubileyinin Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə olacağını bildirib. Məşhur müğənninin xatirəsi Vyanada da yad edilib. Azərbaycan Mədəniyyət Mərkəzində “Ənənə ilə klassikanın görüşü” adlı xatirə konserti keçirilib.
Konsertin təşkilatçısı, Vyanada fəaliyyət göstərən “Mədəniyyətlərin görüşmə məkanı” ictimai qurumunun musiqi direktoru Fərəh Tahirova XX əsrdə Azərbaycan vokal məktəbinin təkrarolunmaz nümayəndələrindən biri, ecazkar səsə malik Rəşid Behbudovun həyat və yaradıcılıq yolundan söz açıb, onun səsində Şərqlə Qərbin, milli və xarici musiqinin uğurlu sintezinin əksini tapdığını vurğulayıb.
Konsertdə Azərbaycan Dövlət
Filarmoniyası və “Üns“
Yaradıcılıq Səhnəsinin solisti
Zöhrab Gürcünün
ifasında Rəşid Behbudovun
repertuarından unudulmaz mahnılar, Azərbaycan
və Avropa bəstəkarlarının əsərləri
səslənib. Onu fortepianoda
Bakı Musiqi Akademiyasının
konsertmeyster-müəlliməsi Dilarə Kərimova
müşayiət edib. Konsertdə Rəşid
Behbudovun ifa etdiyi məşhur mahnılardan video görüntülər nümayiş
olunub.
Mədəniyyət.- 2014.- 17
dekabr.- S. 6.