Yüksək mədəniyyətə
malik olan xalq həmişə irəli gedəcək
Filarmoniyada ulu öndərin xatirəsinə həsr olunmuş klassik musiqi axşamı
Dekabrın 12-də
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında
xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr
olunmuş mərasim keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ulu öndərin həyat və fəaliyyətinə nəzər salaraq onun Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, keçdiyi şərəfli ömür yolundan danışdı. Azərbaycan mədəniyyətinin, musiqisinin dünyada tanıdılmasında dahi siyasətçinin misilsiz xidmətləri olduğunu vurğuladı: “Ulu öndər Heydər Əliyev 11 ildir ki, aramızda yoxdur. Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. O, Azərbaycan musiqisini sovet məkanından kənara çıxarmağa nail oldu. Heydər Əliyev Azərbaycan mədəniyyətinə, xüsusilə milli musiqimizə və onun nümayəndələrinə həmişə diqqət göstərib, məhəbbət və ehtiramla yanaşıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ulu öndər Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafı istiqamətində daha böyük addımlar atdı”.
Əbülfəs Qarayev ümummilli liderin dövlətçilik irsinin hər bir gəncə nümunə olduğunu vurğuladı, dahi şəxsiyyətin “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, yaşayacaq və inkişaf edəcək” fikirlərini diqqətə çatdırdı. Bildirdi ki, mədəniyyət xalqların ünsiyyətində və bir-biri ilə anlaşmasında müstəsna rol oynayır. Mədəniyyət dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanları birləşdirir: “Biz öz mədəniyyətimiz, musiqimiz, qədim tariximizlə qürur duyuruq. Azərbaycan incəsənəti, ədəbiyyatı, musiqisi, rəssamlıq məktəbi, tarix və memarlıq abidələri əsrlər boyu humanizmin, gözəlliyin və mənəvi dəyərlərin rəmzinə çevrilib. Bu dəyərləri qoruyan, gələcək nəsillərə çatdıran şəxsiyyətlərin xatirəsi həmişə hörmətlə və ehtiramla yad olunur. Heydər Əliyev məhz belə bir şəxsiyyət olub. Azərbaycançılıq ideologiyasının formalaşmasında onun xidmətləri əvəzsizdir”.
Ölkəmizin bugünkü inkişaf səviyyəsinə nəzər salan nazir əldə olunan uğurların arxasında Heydər Əliyevin müdrik siyasətinin dayandığını, hazırda bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini dedi. Qeyd olundu ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli mədəniyyətimizin təbliğində böyük xidmətləri var. Fondun fəaliyyəti sayəsində Azərbaycan musiqisi dünyanın müxtəlif ölkələrində, möhtəşəm konsert salonlarında səslənir.
Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan Dövlət Filarmoniyası ulu öndərin sevdiyi bir sənət məkanı olub. Filarmoniyada dahi rəhbərin anım mərasiminin keçirilməsi, Heydər Əliyevin vaxtilə burada dinlədiyi musiqilərdən ibarət proqramın təqdim olunması onun əziz xatirəsinə dərin ehtiramın göstəricidir.
Sonra Xalq artisti, professor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxışı oldu. Anım gecəsində böyük bəstəkar Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması və Niyazinin “Rast” simfonik muğamı səsləndirildi.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 17
dekabr.- S. 5.