“Bakını bizimlə birgə tanıyın”

 

"City Sightseeing Baku" şirkətinin reklam çarxında tanınmış mədəniyyət xadimləri çəkilib

 

Dekabrın 16-da “28 Cinema” kinoteatrında şəhər turları üzrə ixtisaslaşmış dünya brendi olanCity Sightseeing Worldwide” şirkətinin Azərbaycandakı nümayəndəliyinin - “City Sightseeing Baku” şirkətinin reklam çarxının təqdimatı keçirildi.

 

City Sightseeing Baku” artıq bir neçə aydır ki, ikimərtəbəli avtobuslarla paytaxtımızda şəhər turları həyata keçirir. Reklam çarxı Mədəniyyət və Turizm Nazirliyinin və “City Sightseeing Moscow” şirkətinin təşkilati dəstəyi ilə “Ratio tv” studiyası tərəfindən hazırlanıb.

Tədbirdə “City Sightseeing Baku” şirkətinin baş direktoru Əfsun Əhmədov çıxış edərək bildirdi ki, reklam çarxı 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Oyunlarına hazırlıqla bağlı çəkilib. Turistlər üçün xidmətin daha da artırılması yönündə görülən işlərdən biri də şəhər turlarının təşkili və tarixi məkanların tanıdılmasıdır. Qeyd edildi ki, “City Sightseeing Bakunun avtobusları hər gün yerli sakinləri və xarici turistləri şəhərin maraqlı məkanları ilə tanış edir. Tur Azadlıq meydanından başlayır və 15 dayanacağı əhatə edir. Turistlərə məlumatlar 8 dildə təqdim edilir.

Reklam çarxında layihə barədə məlumat verilir, marşrut üzrə məkanlar təqdim olunur. Çarxda şəhər turunun sərnişinləri olmuş tanınmış mədəniyyət xadimləri də çəkilib.

City Sightseeing Baku” avtobusları qış mövsümündə hər gün saat 11:00-dan 20:00-dək, yay mövsümündə isə saat 22:00-dək təyin olunmuş marşrut üzrə hərəkət edir. Turların qiyməti 20 manat, uşaqlar (6-16 yaş), təqaüdçülər, veteranlar üçün 5 manatdır. Mətbuat işçiləri, hotel əməkdaşları və fiziki qüsurlu şəxslər (əlilliyi olan) üçün şəhər turu ödənişsizdir.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 17 dekabr.- S. 2.