Ətir saçan qadın
“İnsan məhsula öz adını, soyadını verəndə daha məsuliyyətli olur”
Sabun bişirmək deyəndə ilk olaraq ağlımıza “Bizim Cəbiş müəllim” filminin baş qəhrəmanı gəlir. Özü də o qədər yaxşı olmayan, müəllim adına kölgə salan bir məşğuliyyət kimi!.. Ədəbiyyata bir köynək yaxın olanlar isə böyük şairimiz Mirzə Ələkbər Sabiri də xatırlayırlar. Bu məqamda insanın lap ürəyi sıxılır. Elə bir fitri istedad sahibinin ailəsini dolandırmaq üçün əl atdığı işə bax: sabun bişirmək!
Bu günlərdə isə Bakıda sabunbişirən xanımla tanış oldum. Bəli, bəli! Heç təəccüblənməyin, ali təhsilli (sonradan biləcəkdim ki, müsahibim ixtisasına görə pedaqoqdur, arada şeir yazmağı da var), paytaxtın mərkəzində yaşayan, elə bir ciddi maddi qayğısı olmayan gülərüz bir xanım öz kiçik emalatxanasında təbii inqrediyentlərdən istifadə etməklə gözəl, ətirli sabun bişirir.
Beləliklə, ətir saçan qadınla tanış olaq: Sevda Qasımova. Ali filoloji təhsil alıb. Neçə il orta məktəbdə rus dili və ədəbiyyatını tədris edib, ali məktəbdə işləyib. Jurnalistika həmişə onu cəlb etdiyi üçün Moskvada nəşr olunan «Qastronom» jurnalı ilə əməkdaşlıq edib, Azərbaycan mətbəxi və kulinariyası barədə məqalələr yazıb. «Bizim mətbəx» jurnalının redaktoru olub. Arabir şeir yazır. Yaradıcı ruhlu xanım olduğundan son üç ildə isə əvvəlcə hobbi kimi maraq göstərdiyi sabunbişirmə sahəsində müəyyən uğurlar qazanıb, hətta öz soyadını verdiyi “Gasimoff Natural Handmade Soap” markası ilə faydalı məhsullar hazırlayır.
- Jurnalistika həmişə məni cəlb edib: məqalələr yazmışam, rus dilində təhsil alsam da, televiziyada Azərbaycan dilində yayımlanan mətbəx proqramında işləmişəm, kulinariya jurnalına redaktorluq etmişəm...
- Amma birdən-birə uzaqlaşdınız...
- Anam ağır xəstəliyə tutuldu... Daha bütün günü işdə vaxt keçirmək mümkün deyildi. Amma işsiz də darıxırdım. Bir gün iyirmi il görmədiyim rəfiqəm Rusiyadan Bakıya gəldi. O mənə ideya verdi ki, bəlkə sabun bişirməklə başını qatasan.
- Siz də bu təklifi qəbul etdiniz.
- İdeya xoşuma gəldi. Özüm də maraqlanırdım bu işlə. Amma Bakıda sabun bişirmək üçün nə material var, nə qəlib, nə də məsləhət alacaq bir usta. Rəfiqəm söz verdi ki, ilk partiya üçün lazım olan nə varsa, hamısını göndərəcək. Beləcə, onun verdiyi təkanla işə başladım.
- Amma hazırladığınız sabunlar heç də həvəskar əlinin məhsuluna oxşamır. Yəqin ustadınız olmasa da, müəyyən ədəbiyyatdan bəhrələnmisiniz?
- İnanırsınız, heç rus dilində də yetərli ədəbiyyat yoxdu. İngilis dilində tapdığım ədəbiyyatı peşəkar tərcüməçiyə çevirtdirib oxumuşam. Amma Rusiyada bu işin peşəkarları çoxdur. Moskvada ustad dərslərində iştirak etmişəm. İndi də tez-tez Rusiyaya gedirəm, çünki orda eksklüziv sabun bişirmək üçün nə lazımsa, tapmaq olar.
- Bildiyim qədər satışda da təbii sabunlar var. Qəşəng, müxtəlif
formalı, şux rəngli, tünd ətirli...
- Əvvəllər mən
də elə bilirdim ki, gül,
pişik, nə bilim, daha hansı
formada ucuz qiymətə təklif edilən sabunlar təbii sabundur. Qəlib olsa,
həmin sabunu məktəbli də düzəldər. Təbii
sabunun səthi hamar olmur, həm
də ona təbii efir yağları qatanda ətri çox tünd və qalıcı ola
bilməz. Sintetik ətirləyici isə,
bəli, tünd ətir saçır.
Təbii
komponentlərin qatıldığı,
konkret dəri üçün, hər hansı problemi aradan qaldırmaq üçün nəzərdə
tutulan müalicəvi
sabun baha və çətin başa gəlir. Təsəvvür edirsiniz, sabun
üç saat yarıma bişir, sonra qəlibə tökülür, 12 saat qalır. Sonda ona gərək
olan qatqılar əlavə edilir.
- Sevda xanım, el arasında xörəyi gur odda bişirəndə
belə deyirlər ki, sabun qaynatmırsan
ki, vam odda
bişir. Məgər sabun bişsin
deyə, onu gur qaynatmaq lazımdır?
- Xeyr, sabun 75 dərəcədə davamlı
qarışdırılmaqla bişirilir. Çünki, 100 dərəcədə qaynasa, daşıb dağılar, ondan sabun çıxmaz.
- Sizi tanımayan elə bilər ki, söz ehtiyatı
geniş olan və yaradıcı ruhlu bir texnoloq
ilə söhbət edir. Amma ali humanitar təhsil almısınız.
Yəqin
orta məktəbdə
kimyanı çox sevmisiniz?
- Qətiyyən! Kimyanı heç sevməmişəm.
Amma sabun bişirməyə olan maraq məni
kimyanın müəyyən
sirlərinə yiyələnməyə,
bitkilərin kimyəvi
təsirini öyrənməyə
vadar edib. Həm də sabunla yanaşı, mən dəriyə və saça müxtəlif qulluq vasitələri, krem və maskalar,
təmizləyici vasitələr
də düzəldirəm.
- Səhv etmirəmsə, öz sabunlarınıza soyadınızı vermisiniz?
- Gasimoff Natural Handmade Soap. Üstəlik, loqotip olaraq, ağac şəklini seçmişəm. Ağac həm
kökə, nəslə
bağlılığın, həm də təbiiliyin rəmzidir.
Qasımova da mənim qızlıq soyadımdır.
Mən həmişə valideynlərimlə
fəxr etmişəm,
edirəm də.
Buna görə də öz soyadımı bişirdiyim
sabunlara vermişəm.
Hesab edirəm ki, insan məhsula öz adını, soyadını verəndə
daha məsuliyyətli
olur. Çünki
kimsə nəslinin adına ləkə
gətirməyi istəməz.
- Müştəri qıtlığı
hiss etmirsiniz ki?
- Yox. Onların əksəriyyəti ilə münasibətimiz artıq rəfiqəliyə
çevrilib. Bəziləri ilə o qədər mehriban olmuşuq ki, onlardan pul
almağa utanıram.
- Amma zəhməti hörmətə satmazlar.
- Onlar da bunu
deyirlər. Mən istəmirəm ki, bir dəfə məndən nəsə alan adam
üzünü döndərib
getsin. Özümə rəva bilmədiyimi
başqasına da qıymaram. Buna görə də sifarişi alanda müştərini sorğu-suala
tuturam. Xonçaya qoymaq üçün,
ya da hər
hansı münasibətlə,
kimə hədiyyə
etmək istəyir, yoxsa müalicəvi sabun lazımdır, bəlkə SPA-dəsti daha münasibdir? Çox zaman onlar mənə deyirlər ki, öz məsləhət bildiyin kimi et.
Məsələn, mən düzəltdiklərimi
10 manatlıq bəzəkli
səbətdə, qutuda
da təklif edə bilərəm, ya da 5 manatlıq
qalın kətan, kiş torbada. Alıcı heç bunun fərqinə varmır da. Özüm məsləhət görürəm ki, məsələn, bu məhsula 10 yox, 5 manatlıq büküm daha uyğundur.
- Yeri gəlmişkən, qutu və səbəti
də özünüz
düzəldirsiniz?
- Yox. Bu işlə
gəlinim məşğul
olur. Nərgiz ixtisasca mühasibdir,
amma gözəl əl qabiliyyəti, tərtibat zövqü
var. Sadəcə, nəvəm
hələ körpədir
deyə, yaradıcılığa
çox vaxt ayıra bilmir.
- Maşallah, gəlin ocağa çəkib ki! Sevda xanım, Azərbaycan
üçün bir qədər nadir, komponentləri
ölkədə tapılmayan
bir sahə ilə məşğul olursunuz. Buna görə yorulmursunuz ki?
- Mən bu işlə ürəkdən, sevərək məşğul oluram. Kimsə məni buna məcbur etmir. Hər kompozisiyanı fikirləşmək, tərkibini öyrənmək mənə zövq verir. Zənn edirəm ki, bu da yaradıcılıqdır. Yaradıcılıq isə yorucu ola bilməz.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2014.- 19
dekabr.- S. 13.