Xalça Muzeyində “Rəngli duyğular”
Dekabrın 16-da Azərbaycan Xalça Muzeyinin sərgi salonunda rəssam Şəhribanu Əbdüləzizin “Rəngli duyğular” adlı fərdi sərgisi açılıb.
Açılışda çıxış edən muzeyin direktoru Röya Tağıyeva, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov müəllifin əsərlərində qədim adət-ənənələrimizin yeni forma və məzmunda təqdim olunduğunu, bu rəsmlərdə sənətə məhəbbətin hiss olunduğunu vurğulayıblar.
Rəssamın atası Əbdüləziz Səməndəroğlu qonaqlara təşəkkürünü bildirib. Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Müəllifin 19 əl işinin nümayiş olunduğu sərgidə - “Qoğal”, “Xarı bülbül”, “Həyat ağacı”, “Qobustan gəmiləri”, “Bakı buxtası” və digər rəsmlər maraqla qarşılanıb. Əsərlər əsasən əlvan, isti rənglərlə işlənib. Bir çoxu mənzərə janrında olan bu tablolarda naxış nümunələrinə, Qobustan qayaüstü təsvirlərini xatırladan rəmzlərə rast gəlmək olar. Rəssam Azərbaycan xalçalarında tez-tez rast gəlinən əjdaha, günəş, mavi səma, su və s. qədim simvolları özünəməxsus formada işləyərək onlara yeni həyat və nəfəs verərək, kətan üzərində yağlı boya ilə işləyib. Sərgi dekabrın 26-dək davam edəcək.
Qeyd edək ki, Şəhribanu
Əbdüləziz hələ uşaq
yaşlarından incəsənət və rəssamlığa
böyük maraq
göstərib, sərgi və müsabiqələrin
iştirakçısı olub. İncəsənətə
olan böyük həvəsi
onu Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasına gətirib. Burada təhsilini
başa vurduqdan sonra 2009-cu ildə sənətşünaslıq
üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Mədəniyyət.- 2014.- 19
dekabr.- S. 13.