Not yazılarında qalan izlər

 

İncəsənətin bir çox sahələri var ki, onların təmsilçilərini yaratdığı əsərlər sayəsində tanıyırıq. Rəssamı çəkdiyi rəsmə, bəstəkarı bəstələdiyi musiqiyə, şairi yazdığı şeirinə görə. Lakin bunlarla yanaşı, incəsənətə tam aidiyyəti olaneyni zamanda səhnə arxasında qalan peşələr də var.

 

Bunlardan biri də bəstəkarlarımızdan başqa geniş dinləyici kütləsinə o qədər də tanış olmayan not köçürülməsidir. Tarixə nəzər salsaq görərik ki, Qərb musiqi sənətində not tərtib etmə peşəsi bəstəkarlıq məktəbi yaranandan mövcud olub. Məhz onların əl qabiliyyəti sayəsində tanınmış bəstəkarların əlyazmaları gözəl xətlə köçürülür, səslərə bölünürbu nüsxələr sonradan nəşr olunurdu. Kompüter proqramlarının geniş vüsət tapdığı indiki dövrdə bu daha da asanlaşıb...

Bizim evin qonaq otağının bir küncündə kitab rəflərinin altında köhnə bir masa, onun üstündə lampa, köhnə şüşə qabda mürəkkəb və illər boyu işlənən bir pero var idi.

Atam hər axşam hamının dincəldiyi bir vaxt masasının üstündəki lampanı yandırar və növbəti bəstəkarın partiturası və ya klaviri üzərində işləməyə başlayardı. Mən onda onunetdiyini başa düşmürdüm və hər səhər qardaşım ilə oyanan kimi boylanardıq ki, görək o hələ də işləyir? İşığı yanan görəndə bilirdik ki, o hələ də yatmayıb. Bütün gecəni işləyən bu insan sonra yenə də gün boyu evin bütün qayğısını çəkərdi...

Vaqif Həsən oğlu Hüseynov 1943-cü il yanvarın 26-da anadan olmuşdur. O, Mahaçqala Konservatoriyasının nəfəsli alətlər kafedrasının qaboy aləti üzrə bitirmişsonradan ailə vəziyyəti ilə əlaqədar Bakıya köçərək burada öz fəaliyyətini davam etdirmişdir. Bir müddət Azərbaycanın görkəmli dirijoru və bəstəkarı olan Niyazi ilə işləmiş, sonradan Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrında ingilis nəfirində çalmışdır. Qeyd etməliyəm ki, o dövrdə ingilis nəfirində ifa edənlərin də sayı çox az idi. Məhz ingilis nəfirinin bütün partiyalarına onu dəvət edərdilər.

Vaqif müəllim not tərtibi və köçürülməsi ilə məşğul olaraq o dövr Azərbaycan musiqi mədəniyyətinin bir çox görkəmli şəxsiyyətləri ilə işləmişdir. Onlardan Niyazi, Arif Məlikov, Xəyyam Mirzəzadə, Tofiq Bakıxanov, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Tofiq Quliyev və başqalarının adlarını çəkmək olar. Vaqif müəllim onların hər birinin dəst-xəttini öyrənib, partitura yazılışını mahircəsinə oxuya bilirdi. Lakin qeyd etmək lazımdır ki, bütün bu nailiyyətləri əldə etmək üçün bu peşə insandan böyük bir səbir və son dərəcə diqqətlilik tələb edir. Çünki notu tərtib edən insan bəstəkarın yazdığı hər bir nota qarşı böyük məsuliyyətlə yanaşmalı və onun fikirlərini aydın başa düşməlidir. Diqqətsizlik ucbatından kiçik bir səhv böyük bir əsərin mahiyyətini dəyişdirə bilərdi. Vaqif müəllim ömrünün axırına qədər əlində qələm tutaraq bir çox bəstəkarların əsərlərinin çap olunmasının və konsertlərdə ifasının səbəbkarı olmuş, onların rəğbətini qazana bilmişdir.

Maraqlıdır ki, taleyin qisməti ilə Vaqif Hüseynov sonradan Bəstəkarlar İttifaqının musiqili fondunda işləyərək Azərbaycan bəstəkarlarının əlyazmalarının qorunub saxlanılmasında da öz əməyini əsirgəməyib. Məhz onun xidmətidir ki, əlyazmalar bu günə qədər qalmışdır. Bəstəkarlar İttifaqı dəfələrlə bir binadan digərinə köçürülərkən bu not əlyazmaları itməməsi üçün fədakarcasına onları qoruyub.

Onun sonuncu tərtib etdiyi əsər Vasif Adıgözəlovun «Natəvan» operası oldu. Bu əsərin üzərində işləyərkən sanki hiss edirdi ki, köçürdüyü sonuncu əsərdir. Elə də oldu, bu əsəri başa çatdırdıqdan sonra, 2003-cü il dekabrın 21-də dünyasını dəyişdi. Vəfatından 11 il keçməsinə baxmayaraq, bu gün də bəstəkarlarımız atamın əli ilə yazılmış notlarını ifa üçün Bəstəkarlar İttifaqının kitabxanasından götürərkən onun xəttinin gözəlliyini qeyd edirlər. Hər dəfə bəstəkarların dilindən bunu eşidəndə mən böyük bir fərəh hissi keçirirəm ki, bu insanın qızıyam. Allah rəhmət eləsin.

 

Lətifəxanım Vaqif qızı Əliyeva,

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 

Mədəniyyət.- 2014.- 19 dekabr.- S. 11.