Mətbuatımızın
ustadı
Şirməmməd Hüseynovun 90 illik yubileyi qeyd edilib
Dekabrın
17-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan
jurnalistikasının görkəmli simalarından biri, mətbuatımızın əvəzedilməz
tədqiqatçısı, Bakı Dövlət Universitetinin professoru
Şirməmməd Hüseynovun 90 illik yubileyinə həsr olunmuş
mərasim keçirilib.
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən tədbirin iştirakçıları öncə yubilyarın ömür yolundan bəhs edən «Ustad» sənədli filminə baxıblar. Şuranın «O film» studiyası ilə birgə layihəsi əsasında çəkilən ekran əsəri Şirməmməd Hüseynovu dəyərli ziyalı, tələbkar pedaqoq, qayğıkeş ailə başçısı, əsl dost olaraq səciyyələndirir.
Mərasimdə çıxış edən MŞ sədri Əflatun Amaşov Şirməmməd Hüseynovu Azərbaycan jurnalistlərinin müəllimi kimi xarakterizə edən cəhətlərdən söz açıb. Yubilyarın həyat və yaradıcılığının nəinki gənc nəsil, müasirləri üçün də örnək olduğunu vurğulayıb. O, qocaman qələm sahibinin Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsi sahəsində xidmətləri üzərində dayanaraq bildirib ki, Şirməmməd müəllimin bu sahədə fəaliyyəti ilə bütövlükdə Azərbaycan tarixinin zənginləşməsinə layiqli töhfə verib.
Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, millət vəkili, akademik Rafael Hüseynov, Milli Məclisin deputatı, MŞ idarə heyətinin üzvü Cavanşir Feyziyev, Əməkdar jurnalist Yusif Kərimov, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin dekanı Aynur Bəşirli tədbirdə çıxış edərək yubilyara təbriklərini çatdırıblar. Qeyd olunub ki, Şirməmməd Hüseynovu həyat yolu prinsipiallıq, işgüzarlıq və obyektivlik nümunəsidir.
Yubilyarı qayğıkeş müəllim kimi səciyyələndirən xüsusiyyətlərdən hər bir tələbənin pay götürdüyü diqqətə çatdırılıb.
Mərasimdə
çıxış edən yubilyar Azərbaycan
Xalq Cümhuriyyətinin tarixi
şəxsiyyətləri ilə bağlı tədqiqatlardakı
spesifik məqamlardan, onları səciyyələndirən
milli təəssübkeşlik xüsusiyyətlərindən,
dövlətçilik ənənələrimizə sədaqət
ruhunu yaşatmalarından söz
açıb. Ustad qələm sahibinin Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyini görmək arzusu
mərasim iştirakçıları tərəfindən
alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2014.- 19
dekabr.- S. 10.