Azərbaycanın CNN telekanalı ilə əməkdaşlığında uğurlu məqamlar

 

Mədəniyyət və Turizm Nazirliyi ABŞ-ın nüfuzlu CNN telekanalı ilə 2006-cı ildən əməkdaşlığa başlayıb və 2012-ci ildən etibarən bu televiziya kanalı ilə planlı şəkildə birgə fəaliyyət uğurla davam etdirilir. Nazirlikkanal arasında əməkdaşlıq çərçivəsində CNN-də ölkəmizə həsr olunmuş müvafiq videoçarxların, habelə verilişlərin hazırlanması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu müddət ərzində ölkəmizə həsr olunmuş iki videoçarxın hazırlanmış və həmin çarxlar nümayiş etdirilmişdir. CNN-in məşhur "Eye on" verilişinin Azərbaycana həsr olunması, habelə atoz.az saytının yaradılması təmin edilmişdir.

Bununla yanaşı, kanalda ölkəmizlə bağlı verilişlərin yayımlanması çərçivəsində qeyd etmək yerinə düşər ki, Davos şəhərində keçirilmiş Dünya İqtisadi Forumu zamanı CNN-in müxbiri Richard Quest ölkəmizin iqtisadi inkişafı mövzusunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən müsahibə götürmüşdür.

Bu il "CNN" telekanalı ilə əməkdaşlığın davamı olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanmış ölkəmizin turizm imkanlarından bəhs edən 1 dəqiqəlik və 45 saniyəlik videoçarxların nümayiş etdirilməsi Azərbaycanın turizm ölkəsi kimi dünyaya tanıdılmasında mühüm rol oynayır.

CNN telekanalını Avropa, Yaxın Şərq, Afrika və MDB ölkələrindən gün ərzində 182 milyon tamaşaçı izləyir və Azərbaycana dair yayımlanan həm verilişlər, həm də reklam çarxları milyonlarla insan tərəfindən izlənilir.

Azərbaycanın yüksək imicinin təbliğatının aparılması, ölkəmizdə həyata keçiriləcək beynəlxalq tədbirlərin işıqlandırılması və turizm imkanlarının tanıdılması baxımından 2015-ci ildə də əməkdaşlığımızın davam etdirilməsi planlaşdırılır.

 

Mədəniyyət.- 2014.- 19 dekabr.- S. 9.