Hollandiyanın Mədəni İnventar Fondu Milli İncəsənət Muzeyi ilə əməkdaşlıq etmək istəyir

 

Dekabrın 16-da mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Hollandiyanın Mədəni İnventar Fondunun (Foundation for Cultural İnventory -Stichting Cultuur İnventarisatie - SCİ) direktoru Lia Gorterqurumun idarə heyətinin üzvü Jan Hesseling ilə görüşüb. Görüşdə həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi Ramil Abbəkirov iştirak edib.

SCİ təşkilatı dünyada müxtəlif muzeylərdə yerləşən hollandflamand irsi nümunələrinin tapılması, bərpası və tanıdılması ilə məşğuldur. Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda 100-dən çox hollandflamand irsi nümunələri vargörüş zamanı təşkilatın nümayəndələri bu irslə bağlı bir sıra işlərin aparılması üçün Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

Xanım Gorter bildirib ki, təşkilat A.S.Puşkin adına Moskva Dövlət Təsviri İncəsənət Muzeyi, Rusiyanın Omsk şəhərində və Gürcüstanın Tbilisi şəhərində yerləşən muzeylərlə bərpa sahəsində əməkdaşlıq edir. O, təşkilatın Azərbaycan Milli İncəsənət Muzeyi ilə əməkdaşlığa hazır olduğunu qeyd edib. Əməkdaşlıq proqramının uzunmüddətli (3-5 illik) plan əsasında qurulması müzakirə olunub.

Fondun idarə heyətinin üzvü Jan Hesseling bildirib ki, Azərbaycan muzeylərinin nümayəndələri Hollandiyaya səfər edib, oradakı muzeylərdə gedən işlərlə tanış ola, yeni təcrübə, əməkdaşlıq imkanları qazana bilərlər və bu məsələdə təşkilat Azərbaycan tərəfinə dəstək verməyə hazırdır.

Sevda Məmmədəliyeva nazirliyin təşkilatla əməkdaşlıqda maraqlı olduğunu bildirib, layihənin yazılı formasının hazırlanmasını və 2015-ci ildə başlanma imkanlarının araşdırılmasını təklif edib.

 

Mədəniyyət.- 2014.- 19 dekabr.- S. 8.