Görkəmli nəslin
layiqli övladı
Dekabrın 16-da
Bakı Musiqi Akademiyasında Xalq artisti, görkəmli dirijor Kazım Ağalar oğlu Əliverdibəyovun 80 illik
yubileyinə həsr edilmiş tədbir keçirildi.
Əvvəlcə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, akademik Rafael Hüseynov çıxış edərək Əliverdibəyovlar şəcərəsindən söhbət açdı, Kazım Əliverdibəyovun bu nəslə layiqli övlad olduğunu söylədi.
Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxışında Hacıbəylilər və Əliverdibəyovlar şəcərələrinin qohumluq əlaqələrindən, bu nəsillərin istedadlı şəxsiyyətlərindən bəhs etdi.
Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, ittifaqın katibi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, Xalq artisti Rəfiqə Axundova, BMA-nın professoru, Xalq artisti Xuraman Qasımova, professor Telman Ağdamski yubilyarı təbrik etdilər.
Sonra söz musiqiyə verildi. Ü.Hacıbəyli adına BMA-nın kamera orkestri Ü.Hacıbəylinin “Arazbarı”, Aqşin Əlizadənin “Cəngi” əsərlərini ifa etdi. Orkestrin ifasında Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən, F.Əmirovun “Min bir gecə” baletindən, “Nizami” simfoniyasından fraqmentlər səsləndi. Dirijor Fuad İbrahimov idi. BMA-nın IV kurs tələbəsi Fərhad Qarayusifli Nazim Əliverdibəyovun “Bayatı-Şiraz” simfonik muğamını, gənc musiqiçi Ümidə Abbasova skripkada Arif Məlikovun “İki qəlbin dastanı” baletindən fraqment ifa etdi. Sonda solist Gülnaz İsmayılova orkestrin müşayiəti ilə Niyazinin “Arzu” romansını səsləndirdi. Tədbir boyu dirijor Kazım Əliverdibəyovun həyat və yaradıcılığını əks etdirən slayd-şou nümayiş etdirildi.
Gülnarə
Ələsgərova,
Ü.Hacıbəyli
ev-muzeyinin ekspozisiya
şöbəsinin müdiri
Mədəniyyət.- 2014.- 19
dekabr.- S. 6.