Vaqif Mustafazadənin ev-muzeyində
xatirə gecəsi
Dekabrın 16-da
görkəmli pianoçu, bəstəkar,
caz-muğam janrının banisi,
Azərbaycanın Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin
İçərişəhərdəki ev-muzeyində sənətkarın
xatirə gecəsi keçirilib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkil etdiyi tədbirdə musiqi ictimaiyyətinin nümayəndələri, tanınmış caz ifaçıları, Bakı muzeylərinin əməkdaşları iştirak ediblər.
Xatirə mərasimində çıxış edən ev-muzeyin direktoru, V.Mustafazadə adına Xeyriyyə Fondunun sədri Afaq Əliyeva, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, musiqişünas Turan Məmmədəliyeva təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından uzaqlarda da tanınıb sevilən cazmenin vəfatından 35 il ötdüyünü diqqətə çatdırıblar, Vaqif Mustafazadə sənəti ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə musiqişünas Rauf Fərhadovun Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Vaqif Mustafazadə” və Bəhram Bağırzadənin “Merə məktublar” kitablarının təqdimatı olub.
Tədbirdə gənc musiqiçilər
çıxış ediblər. Bakı Musiqi Akademiyasının tələbəsi Etibar Ərdəbilli, Asəf Zeynallı
adına Musiqi Kollecinin
tələbəsi Nigar Quliyeva,
pianoçu və bəstəkar Etibar Əsədli Vaqif
Mustafazadənin “Mart”, “Düşüncə”
və digər ölməz əsərlərini ifa ediblər.
Mədəniyyət.- 2014.- 19
dekabr.- S. 6.