Səhnəmizin unudulmaz siması

 

Xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyi qeyd olundu

 

 Barat Şəkinskayanın Cülyetta rolunda yağlı boya ilə çəkilmiş rəsmi Londondakı Şekspir muzeyində dünya səhnəsi korifeylərinin portretləri bir sırada yer alıb”

 

O, Azərbaycan teatrkino sənətində sözün bütün mənalarında əvəzsiz bir sima idi. Gözəl, cazibədar qadın, istedadlı, səhnə sevgili aktrisabütün bunların fonunda hər zaman sonsuz məhəbbət və alqışlar ağuşunda uzun, mənalı səhnə ömrü yaşayan sənətkar.

 

Bu ünvanlar içərisində qulaq batıran qəhqəhələr arasında içinə hopmuş kədərini elə səhnədə dəfn edib çılğın sevgisişaqraq səsi ilə yaratdığı bir sənət ilahəliyi - Cülyettalığı, Şirinliyi, Dezdemonalığı, Violalığı da var idi. Onun bu bənzərsiz oyun üslubunda daha bir həqiqi ünvan da peşəkar teatrımızın ilklərindən biri kimi cəsarət nümayişi idi. O, sənətdə, səhnədə həm də özü olmağı, özünü yaradıb hiss etdirməyi bacaran aktrisa idi. Xalq artisti Barat Şəkinskaya anadan olmasının 100 illiyində də eyni hərarət və sevgi ilə xatırlandı və alqışlandı.

Dekabrın 17-də Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sənətkarın yubileyinə həsr olunmuş gecə keçirildi. Prezident İlham Əliyevin “Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 3 aprel tarixli sərəncamına əsasən reallaşan gecədə iştirakçılar əvvəlcə görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.

Yubiley gecəsini açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirə qatılan TÜRKSOY təşkilatının nümayəndələrini salamladı, mərasimdə iştiraklarından məmnunluğunu ifadə etdi.

Barat Şəkinskayanın dolğun və mənalı ömür yolundan danışan nazir qeyd etdi ki, Azərbaycan incəsənətində elə simalar var ki, onların adı hər hansı yubiley tədbirinin keçirilməsindən asılı olmayaraq, milli mədəniyyət salnaməmizə daxil olub. Belə sənətkarlardan biri də görkəmli teatrkino aktrisası, Azərbaycan teatrının əfsanəsi, Xalq artisti Barat Şəkinskayadır. Ecazkar səsi, məlahətli səhnə görkəmi ilə uzun illər ürəkləri fəth edən, xalq məhəbbəti qazanan, “Azərbaycan səhnəsinin Cülyettası” adlandırılan Barat Həbib bəy qızı Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub. Nəsillərinin bir qolu Şəki xanları ilə bağlı olduğuna görə “Şəkinskaya” soyadını götürüblər. O, Qarabağ hökmdarı İbrahim xanın kötücəsidir. Barat xanımın ata nənəsi Şuşada məscid tikdirmiş Gövhər ağadır.

İlk təhsilini Şuşada alan, 1923-cü ildən Gəncədə davam etdirən Barat Şəkinskaya erkən yaşlarından sənətə maraq göstərib. Teatra olan məhəbbət onu 13 yaşında Gəncə Qadınlar Klubunun dram dərnəyinə gətirib çıxarıb və orada Cəlil Məmmədquluzadənin «Ölülər» tragikomediyasında Nazlı, Cəfər Cabbarlının «Od gəlini» faciəsində Solmaz, «Sevil» dramında Gülüş obrazlarını ifa edib.

Barat Şəkinskayanın zəngin yaradıcılığının əsas dövrü Akademik Milli Dram Teatrı ilə bağlı olub. 1935-ci ildə truppaya dəvət olunan aktrisa «Sevil» tamaşasındakı Gülüş rolu ilə yaradıcılığında yeni səhifə açıb. Bu səhnədə M.MeterlinkinGöy quş”, U.ŞekspirinKral Lir”, “RomeoCülyetta”, “Otello”, “On ikinci gecə”, F.Şillerin “Məkr və məhəbbət”, K.QoldonininMehmanxana sahibəsi” və s. pyeslərin tamaşalarında əsas rolların parlaq ifaçısı olub.

Nazir qeyd etdi ki, klassikçağdaş dramaturqlarımızdan Səməd Vurğunun «Vaqif» (Xuraman), «Fərhad və Şirin» (Şirin), Mirzə İbrahimovun «Madrid» (Aida), İlyas Əfəndiyevin «Atayevlər ailəsi» (Dilşad), Zeynal Xəlilin «İntiqam» (Nataşa), Həsən Seyidbəylinin «Bağlı qapılar» (Mənsurə) və digər əsərlərdə rol alan görkəmli aktrisa yaddaqalan xarakterlər yaradıb: “Yüksək zövqü, dərin mütaliəsi, səhnə mədəniyyəti, təkrarsız səsi, dünyagörüşü ilə seçilən Barat xanım daha sonralar yaradıcılığının tacı sayılan Cülyetta, Dezdemona, Luiza, Viola kimi mürəkkəb obrazları məharətlə ifa etməyə nail olmuşdur. Onun Cülyetta rolunda yağlı boya ilə çəkilmiş rəsmi bu gün Londonun Şekspir muzeyində dünya səhnəsinin korifeylərinin portretləri arasında saxlanılır”.

Qeyd olundu ki, Barat Şəkinskaya Azərbaycanın ilk travesti aktrisası-oğlan rollarının ifaçısı kimi yaddaşlarda qalıb. Gəncə teatrında Kostya (“Partizan Kostya”, N.Filippova) və Bakıda 1939-cu ildə oynadığı Napoleon (“Ögey ana”, O.Balzak) kimi rolları yüksək bədii-estetik məziyyətlərinə görə teatr tariximizə yazılıb. Məmmədhüseyn Təhmasibin «Çiçəklənən arzular» tamaşasında 7-ci sinif şagirdi Nazlını ifa edərkən aktrisanın 37 yaşı var idi. Bu özəlliklərinə görə Barat Şəkinskayanın çıxış etdiyi hər bir tamaşa mədəni həyatda hadisə, teatrsevərlər üçün isə əsl bayrama çevrilirdi.

Barat xanım gənclərə daima qayğı ilə yanaşıb. 70-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında çalışmaq istəyi də aktrisanın gənclərə göstərdiyi qayğının təzahürü idi.

Aktrisa milli kino sənətimizin tarixində də silinməz iz qoyub. “O olmasın, bu olsun” filmində Sənəm, “Görüş”də Şövkət rolları ilə kinoya gələn görkəmli sənətkar “Telefonçu qız”, “Qızmar günəş altında”, “Fövqəladə hadisə”, “Onun bəlalı sevgisi” filmlərində yaddaqalan obrazlar yaradıb. Sənətkarın yaradıcılıq fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1940-cı ildə respublikanın Əməkdar artisti, 1949-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Barat Şəkinskaya 1978-ci ildə öz istəyi ilə təqaüdə çıxıb və ömrünün sonunadək “Mənim sənət yolum” sənədli-bədii xatirə kitabı üzərində işləyib. Əsərdən kiçik bir hissə 1986-cı ildə “Xatirələrim” adı ilə çap edilib.

Yubiley gecəsi aktrisanın sənət xəzinəsindəki incilərdən ən məşhur nümunələrin səsləndirilməsi ilə davam etdi. Paytaxtın müxtəlif teatrlarının təqdimatında aktrisanın ölməzlik bəxş etdiyi tamaşalardan parçalar nümayiş olundu.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 19 dekabr.- S. 5.