Riqada ölkəmizlə bağlı təqdimat

 

Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi ilə Riqa Texniki Universitetində təhsil alan azərbaycanlı tələbələr ölkəmizlə bağlı təqdimat keçiriblər.

Əvvəlcə Azərbaycan haqqında videoçarx göstərilib. Sonra ölkəmizin tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, mədəni irsimiz, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları barədə təqdimatlar olub. Qeyd olunub ki, bu cür tədbirlər universitetdə müxtəlif millətləri təmsil edən gənclərə ayrı-ayrı ölkələrin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır. Bu tədbir Azərbaycan xalqının mədəni-tarixi irsinin çoxmillətli Latviya cəmiyyətində təbliği baxımından önəmlidir.

Həmvətənimiz Həsən Rəhimovun ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin” xarici tələbələr və universitetin nümayəndə heyəti tərəfindən alqışlarla qarşılanıb.

Sonda tələbələr milli rəqslər ifa edib, tədbir iştirakçılarına Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub.

 

Mədəniyyət.- 2014.- 19 dekabr.- S. 5.