Xalq artisti Sevda İbrahimovanın 75 illiyi
qeyd edildi
Dekabrın 18-də Azərbaycan
Dövlət Filarmoniyasında
tanınmış bəstəkar,
Xalq artisti, professor Sevda İbrahimovanın 75 illiyinə həsr edilmiş yubiley gecəsi keçirildi.
Gecədə çıxış edən Bəstəkarlar İttifaqının katibi,
professor Zemfira Qafarova yubilyarın həyat və yaradıcılığından söz açdı. Bildirildi ki, Sevda İbrahimovanı
Azərbaycanın hüdudlarından
kənarda da yaxşı tanıyırlar.
Əsərləri ABŞ, Fransa, Almaniya,
İsveçrə, Bolqarıstan
və başqa ölkələrdə uğurla
ifa olunub. Amerikalı dirijor Rikkardo Averbax Azərbaycanın Xalq artisti, skripkaçı Zəhra Quliyeva ilə birlikdə Sevda İbrahimovanın simli orkestr və
skripka üçün
yazdığı "Həyat
bir pəncərədir"
əsərini müxtəlif
ölkələrdə uğurla
ifa edib. Bəstəkarın orqan, soprano və
bariton üçün
"İthaf" poeması
Kölndə, fortepiano və
simli orkestr üçün "Konsertino"su
Parisdə səslənib.
Yubiley gecəsində bəstəkarın
dörd yeni əsəri - tar və orkestr üçün “Sənin üçün darıxıram, Şuşam”,
violonçel, fortepiano və
orkestr üçün
“Etiraf” əsərləri,
“Tez gəl” və “Laylay” mahnıları Xalq artisti Teymur Göyçayevin rəhbərliyi
ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında təqdim olundu. Solistlər Əməkdar artist Sahib Paşazadə və
Aleksey Miltıx idi.
Konsertdə həmçinin Əməkdar
artist Fəridə Məmmədova,
beynəlxalq müsabiqələr
laureatı Səidə
Tağızadə, Xalq
artisti Zəhra Quliyeva bəstəkarın
əsərlərini ifa
etdilər. Sonda Xalq
artisti Murad Adıgözəlzadə bəstəkarın
ona həsr etdiyi fortepiano və orkestr üçün 5 saylı konsertini səsləndirdi.
Lalə
Mədəniyyət.- 2014.- 19
dekabr.- S. 2.