“Axınla
aşağı” - yeni rejissor
yozumu
Dekabrın 19-da Nizami Kino Mərkəzində
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş
“Axınla aşağı” bədii filminin
təqdimatı keçirildi.
Mərasimdə çıxış edən kinostudiyanın direktoru Müşfiq Hətəmov hər yeni filmin təqdimatının kinosevərlər üçün bayram olduğunu bildirdi. Başa çatmaqda olan ilin bir sıra premyeralarla yadda qaldığını deyən direktor ölkəmizdə yeni rejissor nəslinin yetişdiyini vurğuladı, “Axınla aşağı” filmində də yeni rejissor yozumunun olduğunu diqqətə çatdırdı.
Filmin yaradıcı heyəti səhnəyə dəvət edildi. Rejissor Asif Rüstəmov filmin çəkilişində dəstək göstərənlərə minnətdarlığını bildirdi. Qeyd etdi ki, artıq filmin 49-cu Karlovı Varı (Çexiya) beynəlxalq festivalında dünya premyerası keçirilib.
Sonra “Axınla aşağı” bədii filminin nümayişi başladı. İdmançı gənclərin həyatından bəhs edən psixoloji ailə faciəsinin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Namiq Ağayev, Mehriban Zəki, Teymur Məmmədov və digər aktyorlar rol alıb. Mingəçevir şəhərində yerləşən Kür avarçəkmə bazasında çəkilən ekran əsərinin bəzi kadrları Bakı, Sumqayıt və İsmayıllıda lentə alınıb.
Film idman məktəbində avarçəkmə məşqçisi işləyən ortayaşlı insanın ailə faciəsindən bəhs edir. Atasının məşqçi olduğu avarçəkmə bazasında idmanla məşğul olan 16 yaşlı Ruslan onun tənələri ilə qarşılaşır. Atası tərəfindən yarışdan uzaqlaşdırılan Ruslan Kürdə batır...
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 24
dekabr.- S. 4.