Poeziyadan musiqiyə, musiqidən səhnəyə
Dr. Cəmilə Cavadova-Spitsberq
Amerika səhnəsində nümayiş olunan “Yeddi gözəl” baleti insanlar arasında qarşılıqlı anlaşma, səmimiyyət və ünsiyyətin təbliğatçısına çevrildi
Asiya ilə Avropanın kəsişməsində yerləşən
Azərbaycan tarixən müxtəlif sivilizasiya
və mədəniyyətləri birləşdirən ölkə
olmuşdur. Ölkəmiz əlverişli
təbii-coğrafi şəraiti, maddi-mədəni zənginliyi
ilə Şərq və Qərbi qovuşduran
tarixi İpək Yolunun
təkamülündə həlledici rol oynamışdır.
Azərbaycan orta əsrlərdən zəngin Şərq ədəbi-fəlsəfi fikrinin inkişaf etdiyi məkan kimi də məşhur olmuşdur. Dövrün mühüm mədəniyyət mərkəzlərindən olan Gəncə şəhərində dünyaya göz açan, dünya ədəbiyyatının günəşi hesab olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi (1141-1209) bəşəri humanizmin, fəlsəfi düşüncəsinin bayraqdarı idi. Nizaminin fikir və ideyaları, habelə etiqad və müdrikliyi məhz bu cür çoxmillətli bir cəmiyyətin təsiri altında formalaşmışdır. Dahi şair bu konsepsiyaları “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarında ifadə etmişdir.
Müxtəliflik Nizami üçün bir həyat tərzi olmuşdur və bu baxımdan, o, əsl azərbaycanlı idi. Əlamətdar haldır ki, bu müxtəliflik və çoxmədəniyyətlilik prinsipləri Nizamidən sonra səkkiz əsr ərzində Azərbaycan xalqının mahiyyətini müəyyən edən əsas amil olaraq qalmışdır.
Nizami Gəncəvi kimi, XX əsrin məşhur azərbaycanlı bəstəkarı Qara Qarayev (1918-1982) də bütün yaradıcı ömrü boyu dünya mədəniyyətinin, incəsənətinin və musiqisinin sintezi ilə məşğul olmuşdur. Dahi musiqiçi simfonik orkestr üçün “Albaniya rapsodiyası”, simfonik orkestr üçün “Vyetnam” süitası, Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında “İldırımlı yollarla” baleti və ispan yazıçısı Migel de Servantesin romanı əsasında orkestr üçün “Don Kixot” simfonik oçerklərini yaratmışdır. Bəstəkarın əsərləri onun ayrı-ayrı cəmiyyətlərin mənəviyyatına və əhval-ruhiyyəsinə, həyat tərzinə və incəsənətinə məftunluğunu nümayiş etdirir. Q.Qarayev 1947-ci ildə öz dahiyanə musiqi təfəkkürü ilə bu qədər ahəngdar olan Nizami poeziyasına müraciət edərək “Leyli və Məcnun” simfonik poemasını yazdı. 1952-ci ildə isə böyük bəstəkar sonradan bütün dünyada tamaşaçıları heyran edəcək “Yeddi gözəl” baletini yaratdı.
2008-ci ildə, yəni premyerasından 56 il sonra “Yeddi gözəl” baletinin sovet dövründən sonrakı yeni, dəyişdirilmiş variantı Vasili Medvedyevin xoreoqrafiyası əsasında Bakıda səhnələşdirildi. Nizami Gəncəvi - Qara Qarayev poeziya və musiqi birliyinin bu məhsulu müxtəlif interpretasiyalarda Rusiya, Belarus, Fransa, İsveç və digər ölkələrdə səhnəyə çıxarılmışdır.
“Yeddi gözəl” baletinin Amerikada premyerası 2014-cü il noyabrın 11-də San Diyeqo Şəhər Teatrında keçirildi. Əslində bu tamaşanın tarixçəsi 2011-ci ilə təsadüf edir. O zaman Kaliforniya ştatının San Diyeqo şəhərində amerikalı hüquqşünas Martin Kraminq “Qardaşlaşan məhəllələr” proqramını hazırladı. Bunun nəticəsi olaraq San Diyeqo şəhər Nors park məhəlləsinin Svitzer Haylend icması ilə Bakı şəhərinin Nəsimi rayonu arasında əlaqə quruldu. Beləliklə, 2011-ci il oktyabrın 18-də, Azərbaycanın müstəqilliyini elan etməsinin 20-ci ildönümündə San Diyeqo Şəhər Şurasının üzvləri mədəniyyət, təhsil və biznes sahələrində tərəfdaşlıq naminə qardaşlaşan şəhər münasibətlərinin qurulması barədə yazılı bəyanat tərtib etdilər.
Bu ittifaqın musiqi bayramı 8 mart 2012-ci il tarixdə, San Diyeqoda, Börç Nors Park Teatrında gerçəkləşdi. Qrosmont
simfonik orkestri və San Diyeqo şəhərinin baş
xoru maestro Rendal Tvidin dirijorluğu altında Fikrət Əmirovun (1922-1984) “Kürd
ovşarı” və “Bayatı-Şiraz” simfonik muğamlarından, habelə
Qara Qarayevin “Yeddi gözəl” baletindən ibarət konsert proqramı təqdim etdilər. Konsertin sonunda tamaşaçılar
Azərbaycan musiqisini ayaq üstə, sürəkli alqışlarla
qarşıladılar.
Bu tədbirin uğurlu
nəticəsindən həvəslənən
ölkəmizin Los Ancelesdəki
baş konsulu Nəsimi Ağayev və Rendal Tvid Azərbaycan bəstəkarlarının əsərlərinə
həsr olunan daha bir layihəni
həyata keçirmək
imkanlarını araşdırmağa
başladılar.
Demək olar ki, hamı
yekdilliklə öz mövzu rəngarəngliyinə,
valehedici süjetinə
görə Amerika auditoriyasını cəlb
edə bilən əsər kimi Qara Qarayevin “Yeddi gözəl” baleti üzərində dayandı. Layihə Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşdi.
Layihə tanınmış xoreoqrafiya
ustası və San Diyeqo Balet Truppasının
bədii direktoru Xavyer Velaskoya həvalə olunmuşdu. Baletin musiqisini
Rendal Tvidin rəhbərlik etdiyi Qrossmont simfonik orkestri ifa etdi.
“Yeddi gözəl”
poetik hekayəsi Sasanilər dövlətinin
(III-VII əsrlər) şahı
V Bəhramdan bəhs edir. Əsərdə Nizaminin yeddi
gözəl adından
danışdığı hekayələr unikaldır
və şairin çoxmədəniyyətli təfəkkür
tərzini və onun dünya mədəniyyətlərinə yüksək qiymət verdiyini təsdiqləyir.
Xavyer Velasko əvvəlcə dünyanın
müxtəlif ölkələrindən
yeddi gözəl qadına aşiq olmuş şahzadənin hekayəsini anladan baletin səhnələşdirilməsi
və bunun üzərində işləməyin
çətinliyini əsas
gətirərək təklifdən
boyun qaçırdı. Lakin Azərbaycana səfər edərək əsərin
tendensiyasını anladıqdan
sonra bu baleti səhnələşdirməklə
Amerikada tarix yazmaq imkanını əldən vermədi...
Velasko və Tvid özünəməxsus
xoreoqrafiya yaratmağa
çalışaraq qadınların
təkcə gözəlliyini
deyil, həm də ağlını və müdrikliyini vurğulayan, habelə onların Sasani hökmdarı Bəhrama verdikləri ibrətamiz dərsləri işıqlandıran
hərtərəfli və
universal bir variant tapmağa
can atırdılar. San Diyeqo
tamaşasının proqramındakı
qeydlərdə göstərildiyi
kimi: “Məhz bir qadının bir kişiyə öyrətdiyi yeddi hekayə (və ya ibrətamiz dərs) fonunda biz ifrat dərəcədə
xudpəsənd bir şahzadənin şaha (xalqın fədakar qulluqçusuna) çevrilməsini
əyani şəkildə,
yəni qara rəngin ağa, qaranlığın aydınlığa
çevrilməsi şəklində
müşahidə edirik”.
Beləliklə, eynilə
Nizaminin poemasında olduğu kimi, librettoda da həmin
qadınların güclü,
müdrik, alicənab və bilikli, qayğıkeş və coşqun təbiətli olmaları, bu məziyyətlərin isə
kamil təhsil və əqli qabiliyyətlərlə tamamlandığı
məlum olur.
Onlar Bəhramı
səbir, dürüstlük,
coşqun təbiət,
qəlb rahatlığı,
iman və ədalət mövzularında
ömür boyu lazım olan ibrətamiz dərslərin
təsirinə məruz
qoymaqla və tədricən onu Allah qarşısında nuranilik
səviyyəsinə kimi
yüksəltməklə kamilləşmənin
mərhələlərindən addımbaaddım keçirirlər. Qara Qarayev
musiqisinin zəngin və yüksək əhval-ruhiyyəli valsa, lirik və cazibədar
adajioya malik olan, özünəməxsus
simfonik səslənmə
tərzi folklorla güclü əlaqələri
nümayiş etdirdi.
Xoreoqrafiyada, geyimlərdə və səhnə tərtibatında təqdim
olunan rəmzlərlə,
rənglərlə yanaşı,
hər bir təsvirə fərdi etnik melodiya həsr olunmuşdu və dinləyicinin həmin təsvirləri müəyyən etməsi
üçün əsas
eyhamlar verilmişdi.
Bu balet Velaskonun
xoreoqrafiyası və
Q.Qarayevun musiqisi arasında rəqsin və musiqinin ecazkar birliyinə çevrildi.
Bəhram şah obrazını Yuri Qriqoroviçin rəhbərliyi
altında Böyük
Teatrdan (Moskva) Amerikanın müxtəlif
opera və balet teatrlarınadək yaddaqalan
xarakterlər yaradan Maksim Çernışov canlandırdı. O, ifası ilə tamaşanın uğur qazanmasına həlledici töhfə verdi.
Baletin işıq
tərtibatçısı və texniki direktoru San Diyeqo balet truppasının üzvü Filip Berqman idi. Onun valehedici
incəsənət və
texnologiya kombinasiyası
auditoriyanın emosiyalarını
formalaşdıra bilmişdi.
Marsiya Averett, Şarmen Perea və Beverli
Stivenson dünyanın
hər yerindən rəqs geyimlərinə daxil edilə biləcək etnik elementlər tapmaq üçün araşdırma
apararaq geyimləri yaratmışdılar. Azərbaycanın
Los Ancelesdəki konsulluğu
isə balet truppasının ənənəvi
milli kişi
paltarları və bəzi qadın geyimləri ilə təmin olunmasında köməklik göstərmişdi.
San Diyeqo Şəhər
Teatrında əsərin
premyerasına 3 minədək
insan toplanmışdı. Baletin əvvəlindən
sonuncu pərdəsinə
qədər səhnədə,
eləcə də səhnə arxasında olan hər bir
kəs, habelə orkestrin bütün kollektivi ahəngdar ifa nümayiş etdirdi. Balet öz rəğbətini
gur alqışlarla ifadə edən tamaşaçıları heyran
qoydu və Azərbaycan poeziyası və musiqi sənətinin əsl bayramına çevrildi.
Nizami poeziyasından dahi Qara Qarayevin
musiqisinə, oradan isə Amerika səhnəsinə yol tapan “Yeddi gözəl”
insanlar arasında qarşılıqlı anlaşma,
səmimiyyət və
ünsiyyətin təbliğatçısına
çevrildi. Əsər digər
mədəniyyətlərlə ahəngdar əməkdaşlığı
təşviq etməklə,
əsl Azərbaycan mədəniyyətinin bariz
nümunələrindən biri olduğunu sübut etdi.
Mədəniyyət.- 2014.- 24
dekabr.- S. 10.