Yeni ili harada və necə qeyd etməli?
İmkanlı vətəndaşlar üçün səfər
və əyləncə
paketləri
Yeni ilin gəlişi
dünya turizm təqvimində müxtəlif
səyahətlər, rəngarəng
turlarla zəngin bir dövrdür. Azərbaycanda da turizm şirkətləri Yeni il tətili ilə bağlı maraqlı turpaketlər, hotel və restoranlar isə mənalı istirahət və əyləncə imkanları təklif edirlər. Təbii ki, bu təkliflər
daha çox imkanlı vətəndaşlarımıza
aiddir. Biz də
oxucular üçün
maraqlı olar deyə, bu xüsusda
araşdırma apardıq,
maraqlı nəticələr
əldə etdik.
Azərbaycanda istirahət ildən-ilə
populyarlaşır
Əvvəlcə onu qeyd edək
ki, istər Azərbaycanda, istərsə
də xarici ölkələrdə dincəlmək
istəyənlər öncədən
turpaket almaqla müəyyən məbləğə
qənaət etmiş
olurlar. Bunu bizimlə söhbətində
turizm şirkətlərinin
rəhbərləri də
qeyd etdilər. «İnturist Travel» şirkətinin icraçı
direktoru Lətifə Əliyevanın sözlərinə
görə, Azərbaycanda
istirahət ildən-ilə
daha da populyarlaşır.
Əvvəllər ölkənin şimal-qərb
regionlarına daha çox sifariş vardısa, bu ildən cənub və qərb bölgəsinə də getmək istəyənlər
çoxalıb. Qəbələ, İsmayıllı, Qusar və Qax rayonları
isə daha çox sifariş olunan məkanlardır.
Artıq
ikinci ildir ki, Azərbaycanın daha çox diqqət mərkəzində
olan qış istirahət məkanları
sırasına «Şahdağ»
və «Tufandağ» kompleksləri də əlavə olunub. Bu məkanlarda turların
qiyməti istirahətin
müddətindən və
hoteldən asılı
olaraq dəyişir.
Qış mövsümünə dekabrın 20-dən start verilən «Şahdağ»da
ötən illə müqayisədə bu il qiymətlərdə dəyişiklik olmayacaq. Bunu bir qədər əvvəl jurnalistlərə
müsahibəsində mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev də diqqətə çatdırmışdı.
Yeri gəlmişkən,
Mədəniyyət və
Turizm Nazirliyinin Turizm şöbəsi “Şahdağ” Qış-Yay
Turizm Kompleksi İdarəsi ilə birlikdə qış turizm mövsümü ilə əlaqədar turizm şirkətlərinin
nümayəndələri üçün
xüsusi treninqlər
təşkil edib. Treninqlər kompleksdə turistlərin qəbul prosedurunun daha da operativ
təşkili (xizək
sürməyə gələnlərin
geyim ölçüləri
barədə turizm şirkətləri tərəfindən
qabaqcadan kompleksə məlumat verilməsi və s.) məqsədilə
keçirilib.
Azərbaycanın dağ-xizək mərkəzlərinə
turist aparan şirkətlərin əməkdaşları
bizimlə söhbətdə
bu məqamları nəzərə aldıqlarını
bildirdilər. «Atlas Travel» şirkətinin daxili turizm departamentinin müdiri Şamo Əliyevin sözlərinə
görə, dekabrın
28-də «Şahdağ»a təşkil
ediləcək turun qiyməti 20 manatdır.
Buraya nəqliyyat, bələdçi
xidmət, qidalanma, avtobusda su və
şirniyyat, professional fotosessiya
daxildir. Tur zamanı kanat yollarından istifadə
08:00-dan 16:30-dək 25 manat, 08:00-dan 12:30-dək
və 12:30-dan 16:30-dək isə
15 manatdır. Bu qiymətə istənilən
kanat yolundan istənilən qədər
istifadə etmək olar. 1 dəfə
istifadə isə böyüklər üçün
10, uşaqlar üçün
6 manatdır. Kompleksdə xizək
yollarına aparan 3 kanat istifadədədir və bir ödənişlə
hər üç kanat yolundan da istifadə etmək olar. Növbəsiz xizək kirayələmək
istəyən turistlər
turun başlamasına
3 gün qalmışadək
ad, soyadı, boy, çəki,
ayaq ölçüsü
və doğum tarixlərini bildirməli və ödəniş etməlidir. Xizək kirayə
qiyməti 20 manat təşkil edir. Xizəkdən istifadə qiyməti
vaxta görə bölünmür, yəni
1 saatlıq və ya 1 günlük qiymət eynidir.
«Şahdağ»da hoteldə
qalmaqla birlikdə 4 günlük tur isə 410 manata başa gəlir. Bundan başqa, Quba (4 günlük tur 265 manatdan başlayır) və Şamaxı (5 ulduzlu hoteldə qalmaqla, 4 günlük tur 600 manata) turları da bu il populyar
olan istiqamətlər
sırasındadır.
Türkiyə və Dubayın
sırasına bu il Praqa
da əlavə olunub
Bayram tətili günlərində
xarici ölkələrdə
istirahəti tərcih
edənlər də az deyil.
Azərbaycan Turizm Assosiasiyası (AZTA) idarə
heyətinin sədri Nahid Bağırovun sözlərinə görə,
sentyabrda AZAL-ın Bakı-Nyu York birbaşa aviareysinin açılmasından
sonra Amerikaya maraq artıb. Asiya ölkələrindən isə
azərbaycanlı turistlər
əsasən Sinqapur, Tailand və Malayziyaya üstünlük
verirlər. Bununla belə,
azərbaycanlı turistlər
arasında populyarlığına
görə birincilik yenə də Türkiyə və Dubaya məxsusdur, daha sonra Avropa
ölkələri gəlir.
Xarici ölkələrə təşkil
edilən turların qiymətlərinə gəlincə,
Dubaya həftəlik turların qiyməti 700 manatdan (aviabiletlə birlikdə 999 manat), İstanbula 550 manatdan (aviabiletlə uçuşla
739 manat), Türkiyənin
dağ-xizək mərkəzi
olan Uludağa 800 manatdan (aviabilet də daxil), Gürcüstanın Bakuriani
kurortuna 6 günlük
tur 460 manatdan (qalmaq və gündə üç dəfə yeməklə)
başlayır.
Avropaya Yeni il turlarının qiyməti
isə istiqamətdən
asılı olaraq dəyişir. Məsələn,
Praqaya 8 günlük tur 960 manatdan (aviabiletlə 1232 manat), Barselonaya 6 günlük tur 590 manatdan (ikiotaqlı nömrədə
qalmaq, səhər yeməyi, bələdçi
ilə ekskursiya, muzeylərə giriş bileti, Yeni il
şam yeməyi ilə), Romaya 5 günlük tur isə 450 manatdır. Parisə turlar aviabilet də daxil olmaqla,
1100 manatdan başlayır.
İsveçrənin dağ-xizək kurortları
(uçuşsuz 1200 manatdan)
və London (2000 manatdan)
səyahəti daha bahadır.
Yeni ili isti havada
və dəniz sahilində qarşılamaq
istəyənlər üçün
İndoneziyanın Bali adasına
(5 ulduzlu hoteldə qalmaq, səhər yeməyi və viza dəstəyi daxil olmaqla 1100 manatdan), Tailanda (850 manatdan), Misirə (615 manatdan, hoteldə yerləşdirmə və
səhər yeməyi),
habelə Sinqapur və Malayziyaya həftəlik qrup turları (aviabilet, 5 ulduzlu hoteldə yerləşdirmə 1780 manat)
səfər edə bilərlər.
Hotellərdə Yeni il
şənlikləri
Azərbaycanın hotel və istirahət mərkəzlərinin Yeni
illə əlaqədar
hazırladığı xüsusi
paketlərin sayı və çeşidi ötən ilə nisbətən daha çoxdur. Dekabrın 31-də
«Jumeirah Bilgah Beach Hotel»də Yeni il gecəsi üç yerdə - «Bilgah Ballroom», «Yuukai» restoranlarında və
«Equinox Night Club»da təşkil
ediləcək. «Bilgah
Ballroom»da Yeni il şənliyində
iştirak etmək üçün arxa, orta, ön hissələrə
görə, müvafiq
olaraq biletlərin qiyməti 300, 350 və 400
manatdır. «Yuukai»
restoranında bayram keçirmək istəyənlər
yerlərdən 200-300 manat
ödəməlidirlər. «Equinox
Night Club»da keçiriləcək
Yeni il
şənliyinə qatılmaq
üçün isə
standart biletlər 50 manat, VİP biletlər 150
manat təşkil edir.
«Fairmont
Baku» hotelində o qədər
də dəbdəbəli
Yeni il
şənliyi nəzərdə
tutulmur. Hoteldən verilən məlumata görə, burada Yeni il şənliyi iki restoranda təşkil ediləcək. «Le Bistro» restoranında
fransız mətbəxinə
aid 6 çeşiddə şam
yeməyi və canlı musiqi daxil olmaqla biletin
qiyməti 79 manat, «Alov Steakhouse»da isə 6 çeşiddə
dəniz məhsullarından
ibarət şam yeməyi və canlı caz musiqisi 149 manatdır.
Yeni ili «Kempinski
Badamdar» hotelində qeyd etmək 70-195 manata başa gələcək. Qonaqlara 6 çeşiddə
Azərbaycan və Avropa mətbəxinə
aid yeməklər təqdim
olunacaq. Yeni il gecəsi
şənlik iştirakçıları
arasında lotereya oynanılacaq və hədiyyələr veriləcək.
Bahalı hədiyyələrə Rusiya və Avropa ölkələrində
yerləşən «Kempinski»
hotellərində istirahət
kuponu daxildir. «Kempinski Hotel» öz
qonaqları üçün
daha bir güzəşt təqdim
edir. Belə ki, adi günlərdə
hoteldə gecələmək
230 manat olduğu halda, dekabrın 31-dən yanvarın 1-nə keçən
gecə 2 nəfərlik
1 otaq üçün
qiymət 99 manat olacaq. Bura səhər yeməyi
və SPA da daxildir.
2015-ci ili qarşılamaq
üçün ən
maraqlı məkanlardan
biri «Hilton Baku»dur. Burada Yeni ilin
gəlişini «360 Bar» və
«Sky Griyll» restoranlarında
qeyd etmək mümkün olacaq. Hotelin 25-ci mərtəbəsində
yerləşən «360 Bar»da
şənliyə qatılmaq
250 manatdır. «Sky Griyll»də
isə Yeni il keçirmək
140 manatdır. 6 yaşa qədər uşaqlar pulsuz, 12 yaşa qədər uşaqlara isə 50 faiz endirim nəzərdə
tutulub. Hotelin 24-cü mərtəbəsində
yerləşən restoranda
instrumental ansamblın ifasında
canlı musiqi gecəni müşayiət
edəcək.
Ən bahalı Yeni il şənliklərindən biri «Abşeron Marriott» hotelində keçiriləcək. Hotelin Şərq zalında keçiriləcək şənlikdə iştirak etmək üçün yerlərdən asılı olaraq biletlərin qiyməti 350, 400 və 500 manat təşkil edir. Gecənin qonaqları avropalı müğənnilər - Kad Deluna, Reydis, Saşa Lopez, Elli Black olacaq. Bundan əlavə, biletə Avropa və milli mətbəxə aid yeməklər və limitsiz içki daxildir. Dekabrın 31-də «Marriott Abşeron» hotelində gecələmək istəyən qonaqlara endirim də nəzərdə tutulub. Adi günlərdə 265 manata təklif edilən 2 nəfərlik nömrədə gecələmək Yeni il gecəsi 160 manat olacaq. Hotelin «Zest» restoranında isə dj-lərin iştirakı və Avropa mətbəxinə aid yeməklər daxil olmaqla, biletin qiyməti 52 manatdır. «Fireworks» restoranında isə Yeni ili açıq bufetdə olan milli xörəklərdən dadaraq saksafonun ifası ilə qeyd etmək istəyənlər 100 manatlarından keçməli olacaqlar. Spirtli içkilər biletə daxil deyil.
«Four seasons» hotelində Yeni il şənliyi təşkil edilməsə də, hotelin restoranlarında Yeni il menyuları təklif edilir. Bundan əlavə, qonaqlar italyan müğənni Federiko Spaqnolinin canlı ifalarını da dinləyə biləcəklər. «Zəfəran» restoranında biletin qiyməti 75, “Kaspia” restoranında 140 manatdır. Biletə 4 növ Avropa mətbəxinə aid yeməklər və bir qədəh şampan daxildir.
* * *
Beləliklə, apardığımız araşdırma və gəldiyimiz nəticəyə əsasən deyə bilərik ki, maddi imkanı olanları həm ölkə daxilində, həm də xaricdə maraqlı əyləncələr gözləyir.…
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 24
dekabr.- S. 9.