Ölkəmizin dünya turizmində mövqeləri möhkəmlənir
2013-cü ildə
Azərbaycanın Dünya Turizm
Təşkilatının İcraiyyə Şurasına üzv seçilməsindən sonra
ölkəmiz dünya turizmində daha aktiv rol
oynamağa, müxtəlif layihə və
tədbirlərə ev sahibliyi
etməyə başlayıb.
Bu ilin aprelində Bakıda DTT-nin Avropa Komissiyasının 57-ci iclası və "Səmərəli turizm klasterlərinin inkişafı" mövzusunda seminar təşkil edilib. 30 ölkədən 70-dən çox nümayəndənin qatıldığı tədbirlərdə Avropa turizminin problemləri, inkişaf perspektivləri, dövlət-özəl sektor əməkdaşlığı, yeni turizm məhsullarının təşviqində müasir əməkdaşlıq formaları və s. məsələlər müzakirə edilib.
3-7 iyun tarixində İspaniyada keçirilən DTT-nin İcraiyyə Şurasının 98-ci sessiyasında ölkəmizin nümayəndə heyəti iştirak edib. Sessiyada "Regional inkişafın dəstəklənməsi və inteqrasiyasında turizm marşrutlarının rolu" mövzusunda müzakirələr aparılıb və növbəti toplantının gündəliyinə işğal olunmuş ərazilərin turizm baxımından təbliğatının qarşısının alınması ilə əlaqədar xüsusi bəndin salınması və bununla bağlı Azərbaycan tərəfindən müvafiq qətnamə layihəsinin hazırlanması təklif edilib.
Daha sonra, 1-4 oktyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində İcraiyyə Şurasının 99-cu iclasında sözügedən layihənin Dünya Etika Komitəsinin 17-19 noyabrda keçirilən iclasında baxılması qərara alınıb. Qeyd edək ki, Azərbaycanın bu qətnaməni təqdim etməkdə məqsədi dünyada turistlərin təhlükəsizliyinin təmin edilməsi, milli və beynəlxalq hüquq normalarının pozulmasının və münaqişəli ərazilərin turizm məqsədilə təbliğinin qarşısının alınmasıdır.
Mədəniyyət və Turizm
Nazirliyinin DTT ilə əməkdaşlığı
yalnız beynəlxalq tədbirlərdə iştirakla
məhdudlaşmır. Mütəmadi olaraq keçirilən sorğular,
seminarlar, təlimlər, təşkilat tərəfindən
nəşr olunan materiallarda
Azərbaycanla bağlı məlumatların hazırlanması
və yenilənməsi və s. fəaliyyətlər
nazirliyin təşkilat çərçivəsində
mövqeyini yüksəldib.
Mədəniyyət.- 2014.- 24
dekabr.- S. 5.