Beynəlxalq turizm sərgiləri təbliğata və işbirliyinə meydan açır

 

Builki sərgilərdə turizm şirkətləri və mehmanxanalar tərəfindən 700-dək müqavilə bağlanıb

 

Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrdən Azərbaycana turist axınını təmin etmək məqsədilə mütəmadi olaraq beynəlxalq turizm sərgilərində iştirak edir.

 

2014-cü ildə nazirlik Türkiyənin İstanbul (EMİTT), Almaniyanın Berlin (İTB), Rusiyanın Moskva (MİTT), Ukraynanın Kiyev (UİTT), BƏƏ-nin Dubay (ATM), Qazaxıstanın Almatı (KİTF), Fransanın Paris (Top Resa), Böyük Britaniyanın London (WTM) şəhərlərində keçirilmiş sərgilərdə iştirak edib.

Bununla yanaşı, nazirliyin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu Almaniyanın Frankfurt (İMEX) və İspaniyanın Barselona (EİBTM) şəhərlərində keçirilən işgüzar turizm sərgilərinə qatılıb.

"İMEX-2014" beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı keçirilib, həmçinin Frankfurt şəhərində 62 reklam lövhəsində ölkəmizə dair reklam yerləşdirilib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 19-29 sentyabr tarixində Parisin San Sülpis meydanında 10 gün davam edən "Azərbaycan şəhərciyi" adlı sərgidə Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətimizin nümayişi ilə yanaşı, turizm potensialına həsr olunmuş lövhədə də təmsil olunub. Nazirliyin sifarişi ilə fransız dilində hazırlanan "Evasion" bələdçi kitabı və "Azərbaycan mətbəxi" kitabçası təqdim edilib. Qonaqlar www.azerbaijan.travel saytının fransız dili versiyası ilə tanış olublar.

Xaricdə təşkil olunan sərgilərlə yanaşı, hər il Bakıda keçirilən "AİTF" beynəlxalq turizm və səyahətlər sərgisində Mədəniyyət və Turizm Nazirliyi milli stendlə çıxış edir. Sərgilərdə Azərbaycanın turizm imkanları ilə yanaşı, mədəniyyətimiz təbliğ olunur, milli stenddə təqdimatlar, görüşlər keçirilir.

Sərgilər zamanı iştirakçılara və ziyarətçilərə paylanması üçün nazirlik tərəfindən 11 dildə, 30 növdə Azərbaycanın turizm potensialını əks etdirən reklam-çap məhsulları sifariş olunub. Azərbaycanın turizm imkanlarına həsr olunan 12 videoçarx nümayiş etdirilib.

Ümumilikdə il ərzində Mədəniyyət və Turizm Nazirliyi 13 beynəlxalq turizm sərgisinə qatılıb. Nazirlik tərəfindən təşkil olunan milli stendlərdə 74 turizm şirkəti və 32 mehmanxana iştirak edib.

Turizm sərgilərində iştirak şirkət və mehmanxanalar üçün yeni işbirliyinin qurulması, habelə öz turizm məhsullarının xaricdə təbliği və ölkənin imici baxımından ən effektiv vasitələrdən biridir. Təsadüfi deyil ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq sərgilərdə turizm şirkətləri və mehmanxanalar tərəfindən 700-ə yaxın əməkdaşlıq müqaviləsi bağlanıb.

 

Mədəniyyət.- 2014.- 24 dekabr.- S. 5.