Ulduzu sönməyən aktyor

 

Məlik Dadaşov - 90

 

Dekabrın 20-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli aktyor, Xalq artisti Məlik Dadaşovun 90 illik yubileyi qeyd edildi.

 

Tədbirə toplaşanları yubilyarın səhnədən asılmış gülərüz portreti qarşılayırdı. Tamaşaçılar kənarına çiçəklər düzülmüş səhnəyə çağdaş teatrın görkəmli aktyorlarının, çıxışçıların gəlişini alqışlarla qarşıladı.

Gecəni böyük sənətkarın tələbəsi olmuş Xalq artisti Hacı İsmayılov aparırdı. Onun xoşgəldin çıxışından sonra Məlik Dadaşov barədə bioqrafik kadrlar nümayiş etdirildi.

Hacı İsmayılov yubilyarın yaradıcılığı haqqında söz demək üçün sənətşünaslıq doktoru, professor Məryəm Əlizadəni mikrofona dəvət etdi. Məlik Dadaşovun yaradıcılığını dəyərləndirən sənətşünas onun iki əsas obrazı üzərində daha geniş dayandı - Cəlil Məmmədquluzadənin «Ölülər» tragikomediyasında Şeyx Nəsrullah və Mirzə Fətəli Axundzadənin «Müsyö Jordan və Dərviş Məstəli şah» komediyasında Müsyö Jordan.

Tanınmış rejissor, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov mərhum sənətkarla birgə işlərindən danışdı: “Məlik Dadaşov öz istedadı, potensialı ilə rejissor təxəyyülünü genişləndirən aktyor idi”.

Xalq artisti Lüdmila Duxovnayanın bir zamanlar yubilyarla S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışdıqları dövrü yada saldı, «Büllur sarayda» tamaşasında tərəf-müqabil olmuş aktyorun sənətini belə dəyərləndirdi: «Onun aktyorluğu Allah vergisi idi. Mənə elə gəlir ki, onun kimi məşhur və istedadlı aktyorlar ölümündən sonra ulduza çevrilib səmadan bizim üzərimizə işıq saçırlar».

Kino salnaməçimiz, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə görkəmli aktyorun hamımıza bəlli olan kino yaradıcılığına nəzər saldı, filmlərə çəkildiyi zaman rastlaşdığı, lakin bizim bilmədiyimiz maraqlı məqamlardan söz açdı.

Məlik Dadaşovun tələbəsi olmuş populyar müğənni Teymur Əmrah onun repertuarında çox sevilən «Əlvida» mahnısını ifa etməklə öz müəlliminə ehtiramını bildirdi.

Gecədə sənətkarın Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətindən, tələbələrə münasibətindən, gənclərə aktyor texnikasını necə aşılamasından söz açıldı. Tədbirin ən maraqlı məqamı isə Məlik Dadaşovun yaddaşlara və sənət tarixinə yazdığı obrazların ən məşhur deyimlərinin teatrın aktyorlarının ifasında yenidən canlanması oldu. «Fırtına»dakı Prospero (Ayşad Məmmədov), «Sənsiz»dəki Tərlan (Əli Nur), «Müsyö Jordan və dərviş Məstəli şah»dakı Müsyö Jordan (Sabir Məmmədov), «Axırıncı aşırım»dakı Qəmlo (Kazım Abdullayev) və “Ölülər”dəki Şeyx Nəsrullah (Rafael Dadaşov) obrazları ilə sənətkarın xatirəsini bir daha yad etdilər.

Sonda çıxış edən yubilyarın oğlu, Xalq artisti Rafael Dadaşov atasının xatirəsinə göstərilən ehtirama görə Mədəniyyət və Turizm Nazirliyinə, teatrın rəhbərliyinə və kollektivinə, sənətsevərlərə ailələri adından minnətdarlığını bildirdi.

Yubiley gecəsi bir zaman Məlik Dadaşovun telemüsahibəsindən bir fraqmentlə başa çatdı: «Xalqına xidmət etmək, özündən sonra nələrisə bəxş etmək sənətkar üçün xoşbəxtlikdir».

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2014.- 24 dekabr.- S. 4.