Xalqlarımızın tarixi mirasını birgə qorumalıyıq

 

Dekabrın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY ölkələrinin UNESCO üzrə milli komissiya və komitələrinin 5-ci iclasında iştirak etmək üçün Bakıda səfərdə olan qurumun baş katibi Düsen Kaseinovüzv ölkələrin nümayəndələri ilə görüşdü.

 

Qonaqları salamlayan nazir Bakıda keçirilən iclasın önəmli olduğunu, UNESCO və TÜRKSOY-u birləşdirən amallara xidmət etdiyini bildirdi: "Ölkəmiz bu gün UNESCO səviyyəsində yubileylər, musiqi festivalları, bayram tədbirləri kimi maraqlı layihələr həyata keçirir. Ötən il Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin sessiyası gerçəkləşdi".

TÜRKSOY-a üzv ölkələrin UNESCO ilə əlaqələrindən söz açan Əbülfəs Qarayev qeyd etdi ki, bu istiqamətdə daha genişmiqyaslı layihələr həyata keçirilməli, birgə əməkdaşlıq məsələləri üzərində işlər aparılmalıdır.

Nazir Heydər Əliyev Fondunun Azərbaycan-UNESCO əlaqələrinə verdiyi töhfələr haqqında qonaqlara məlumat verdi. Bildirdi ki, ötən il qurumun fəaliyyətini dəstəkləmək məqsədilə Azərbaycan dövləti tərəfindən UNESCO-nun hesabına vəsait köçürülüb: "Bu vəsait bizim təqdim etdiyimiz layihə, o cümlədən türk dünyasının mədəni və qeyri-maddi irsinin qorunub saxlanmasına xərclənəcək. Hesab edirik ki, bu, düzgün bir addımdır. TÜRKSOY-la uzunmüddətli əlaqələr də öz bəhrəsini verir. Təşkilatın 20 ildən artıq fəaliyyəti dövründə bu əlaqələr daim inkişafdadır. Dekabrı Azərbaycanda TÜRKSOY ayı da adlandırmaq olar. Çünki ay ərzində Bakıda təşkilatın bir sıra tədbirləri həyata keçirildi".

TÜRKSOY-la əməkdaşlığın davamlı olacağını diqqətə çatdıran nazir bildirdi ki, hər bir xalq öz kökünü, irsini qoruyub saxlamaq istəyir: "Buna görə də biz səylərimizi birləşdirib türksoylu ölkələrin mədəni irsinin qorunmasında birgə addımlamalı və müştərək layihələr təqdim etməliyik. Biz razı ola bilmərik ki, tarix və mədəniyyətimizə özgələr sahib çıxsın. Bizi nə birləşdirir? Kökümüz, dinimiz, mədəniyyətimiz, tariximiz, dilimiz. Xalqlara məxsus eyni folklor qəhrəmanları, eyni adət-ənənələr bizi birləşdirən əsas faktorlardır. Xalqlarımızın tarixi mirasını, mədəni irsini birgə qorumalıyıq".

UNESCO-nun son iclasında Türkiyə və Qırğızıstanın yekdil olaraq Azərbaycanı dəstəkləməsini yüksək qiymətləndirən Əbülfəs Qarayev buna görə hər iki ölkənin nümayəndə heyətinə təşəkkür etdi. Nazir türkdilli ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinə xalqlarımızın tarixi miraslarının birgə qorunması yolunda uğurlar arzuladı.

Qonaqlar səmimi qəbula görə nazirə minnətdarlıqlarını bildirdilər. Bakıda iclasın yüksək səviyyədə təşkilinə, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə etdilər.

 

Lalə

 

Mədəniyyət.- 2014.- 24 dekabr.- S. 3.