Ümumi mədəni irs şəhərləri” layihəsinin yekunları

 

Layihənin əhatə etdiyi dörd ölkə üzrə uzunmüddətli və qısamüddətli tur proqramları hazırlanıb

 

Bu il Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq təşkilatlar çərçivəsində turizm sahəsində əməkdaşlığının uğurlarından biriİslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi ilə həyata keçirilən "Ümumi mədəni irs şəhərləri" adlı beynəlxalq arxeoloji turizm layihəsi olub. Bu, üzv ölkələr tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə təqdim olunmuş 30-dan çox layihə arasından seçilərək komitənin qrantına layiq görülən yeganə turizm layihəsidir.

Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyədə arxeoloji turizm potensialının araşdırılması və bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edən layihə çərçivəsində ümumilikdə 18 şəhərdə 200-dən çox tarixi abidə, bu ölkələrin islam mədəniyyəti və tarixi irsi, turizm potensialı üzrə təhlillər aparılıb. Daha sonra birgə beynəlxalq arxeoloji turizm məhsulunun yaradılması məqsədilə iştirakçı ölkələrin ekspertlərinin, turizm təmsilçilərinin iştirakı ilə Azərbaycanda 16-18 sentyabr tarixində seminar təşkil olunub.

Əldə edilən əsas nəticə yeni yaradılmış turizm məhsulu olub. Layihə çərçivəsində ilk növbədə bütün marşrutu, yəni 4 ölkədəki müvafiq şəhərləri əhatə edən 22 gecə 23 günlük tur-proqram hazırlanıb. Tur əsasən uzunmüddətli və daha aktiv turizmi seçən turistləri hədəf alır, arxeoloji qazıntı sahələri və digər tarixi abidələrlə tanışlıq məqsədi daşıyır. Turistlər eyni zamanda bu tur-proqram çərçivəsində bütün iştirakçı ölkələr deyil, istədikləri ölkələr üzrə seçim də edə bilərlər.

Təklif olunan ikinci marşrut isə arxeoloji turizmin əsl məqsədini özündə əks etdirir. Hər ölkədən bir şəhər seçilməklə bu şəhərlərdə davam edən arxeoloji qazıntılarda turistlərin aktiv şəkildə iştirakı təmin edilir.

Layihənin davamı olaraq, yeni yaradılmış turizm məhsulunun təbliğatı məqsədilə layihələrin işlənib hazırlanması nəzərdə tutulur. Bu layihənin inkişaf etdirilməsi tarixi-mədəni türk-islam irsinin təbliği ilə yanaşı, iştirakçı ölkələrə daha çox turist cəlb edilməsinə xidmət edəcək.

 

Mədəniyyət.- 2014.- 24 dekabr.- S. 3.