Əfsanəvi həqiqət...
Yad ellərdə xilaskar, Mixaylo, Ögüst Kraus, yalquzaq dillərdə şeytan, iblis...
Sənədlərində
isə novxanılı balası - Mehdi Hənifə
oğlu Hüseynzadə...
Uzaq sahillərdə filmində igid döyüşçülüyü,
cəsur partizanlığı, qeyri-adi qəhrəmanlığı
ilə bərabər, həm də uf demədən
öldürən, partladıb-dağıdan adam
kimi tanıdığımız bu Azərbaycan oğlu sənədlərdən,
uzaq ellilərin xatirələrindən,
qürbətdəki başdaşı üzərindəki yazıdan haqq-ədalət,
humanizm carçısı, əcnəbi
xalqların mənafeyi uğrunda da çarpışan altruist,
məlum filmdəki bədii Anjelikanın real
əsli olan Sloveniya
gözəli Anjeliyə rəğbət və məhəbbətinə
rəğmən böyük aşiq surətində də
canlanır...
Bu fikir əfsanəvi qəhrəmanımızın anadan olmasının 90 illiyi münasibətilə çəkilmiş Mixaylo sənədli filminin rejissoru Tahir Əliyevin 6-7 il əvvəlki müsahibəsində daha genişliyilə açıqlanır. Bəlli olur ki, çəkilişə başlamazdan öncə yaradıcı qrup ciddi axtarışlar aparmış, Rusiya Dövlət Kino Arxivindən bu böyük qəhrəmanımızın ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adıyla təltifində rolu olan insanların və hadisələrin xronika materiallarını əldə etmiş, daha sonra ssenari müəllifi İntiqam Qasımzadə ilə birgə işə başlamışlar. Qarşılaşdıqları çətinliklərdən biri də bu imiş ki, Mehdi Hüseynzadə ilə birgə döyüşən azərbaycanlı partizanlardan (Cavad Həkimli, Cabbar Quliyev, Mirdamət Seyidov, Mikayıl Qulubəyov) heç kim sağ deyilmiş. Hansı ki, onlardan biri - Cavad Həkimli partizanlıqda Mehdi Hüseynzadənin komandiri olub və bəlli olduğu kimi, Uzaq sahillərdə filmində Ələsgər Ələkbərov, əslində, onun prototipini yaradıb.
Müsahibədəki maraqlı informasiyalardan biri də bu ki, Mehdinin sloven yoldaşlarından hələ də yaşayanlar var.
Bu məqamda həmin müsahibədən -
Fraqmentlər
- Biz filmdə onların xatirələrinə də yer vermiş, Mehdinin 10 nəfərə yaxın partizan yoldaşını lentə almışıq. Onların söhbətləri Mehdi Hüseynzadənin əsil qəhrəman olduğunu bir daha təsdiqləyir. Çəkilişləri Avstriya, Sloveniya və İtaliyada aparırdıq. Sabiq partizanlar bizə Uzaq sahillərdə filmindən tanış olan Anjelikanın, yəni Mehdinin sevdiyi qızın sağ olduğunu söyləyəndə, qulaqlarımıza inanmadıq.
- Anjelika ilə görüşə bildinizmi?
- Hə. Mehdinin Sloveniyada partizan hərəkatında iştirak etdiyi vaxt sevdiyi qızın əsl adı Anjelidir. O, əslən sloveniyalıdır. Biz Anjeli xanımla böyük təkidlərdən sonra görüşə bildik. Anjeli 1944-cü ildə Mehdi Hüseynzadə ilə çəkdirdiyi şəkli də bizə verdi. Biz onunla Mehdinin həlak olduğu yerdə görüşdük. Anjeli onun qəbri üstünə gedəndə hansı hissləri keçirdiyi gözlərindən görünürdü. Mixaylonun məzarı önündə göz yaşlarını saxlaya bilmədi. Müharibədən sonra Anjeli ailə həyatı qurub. Bir qızı və bir oğlu var...
Sözügedən müsahibədən də bəlli olur ki, Mehdini Sloveniyada hədsiz dərəcədə sevirlər, onun qəhrəmanlığı yerli camaat tərəfindən əfsanələşib. Novoqoritsa şəhərinin girəcəyində - magistral yolun kənarında Mehdi Hüseynzadənin heykəli, həlak olduğu yerdə isə xüsusi bir dizaynla barelyefi qoyulub. Sloveniyada Azərbaycan adını eşidərkən hamı ilk olaraq Mixaylonu xatırlayır. Onlar Mehdi Hüseynzadəni Azərbaycan oğlundan çox, Sloveniyanın oğlu, Sloveniyanın qəhrəmanı hesab edirlər
Müsahibədə daha bir neçə maraqlı faktlar var. Belə ki, Mehdi Uzaq sahillərdə filmindən bizə tanış olan dostu Vesilinlə (əsl adı: Sar) əməliyyatdan qayıdarkən ikimərtəbəli evin çardağında gizlənirlər. Vitovli kəndinə hücum etmiş almanlar isə Mixaylonu əlimyandıda axtarırlar. Sar çardaqdan enərkən almanlar onu vurur, bunu görüb pəncərədən tullanaraq köməyə can atan Mixaylo isə snayper gülləsinə tuş gəlir, ağır yaralanır və elə oradaca dünyasını dəyişir. Camaat yığışır və onu Vitovli kəndində dəfn edirlər. Üstündən bir neçə gün keçəndən sonra Cavad Həkimli Mixaylonun cəsədinin artıq burada saxlamağın mümkün olmadığını bildirir və onlar nəşi çıxarıb, 30 kilometr kənarda yerləşən Çepovan kəndində - qardaşlıq qəbiristanlığında dəfn edirlər.
Öz misilsiz rəşadəti, igid ömrü, şərəfli ölümü ilə xalqımızın adını ucalıqlara qaldırmış bu oğlumuz -
Qəhrəmanlığa qədər...
22 dekabr
1918-ci ildə Bakının Novxanı kəndində doğulub. 1932-ci ildə Azərbaycan Dövlət
Rəssamlıq məktəbinə daxil olub, 1936-cı ildə oranı bitirib.
1937-ci ildə
Leninqrad (Sankt-Peterburq)
Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-cı ildə
Bakıya qayıdaraq təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda davam etdirib.
1941-ci ilin avqustunda
orduya çağırılan
Mehdi 1942-ci ildə
Tbilisi hərbi piyada məktəbini bitirib cəbhəyə yollanır. Stalinqrad döyüşlərində
minomyot taqımının
komandiri kimi iştirak edir, 1942-ci ilin avqustunda Kalaç şəhəri
ətrafındakı qanlı
vuruşmada ağır
yaralanaraq, almanlara əsir düşür.
Almaniyaya
göndərilir, Berlində
üçaylıq tərcüməçi
kurslarında alman dilini öyrənir. Bir il sona bir dəstə
azərbaycanlı əsirlə
faşist əsarətindən
qaçıb, Yuqoslaviya
və İtaliya partizanlarına qoşulur.
Diviziyaların birində italyan-yuqoslav
korpusu qərargahının
xüsusi təxribat-kəşfiyyat
dəstəsini yaradır.
Hitlerçi zabit (hərdən də yoxsul kəndli) libasında Adriatik dənizi sahilində şəhər
və kəndləri sərbəst gəzən,
partizanlara vacib kəşfiyyat xəbərləri
ötürən Mehdi
öz cəsur kəşfiyyatçı dəstəsi
ilə birlikdə Opçina kinoteatrını
partladır. Bu əməliyyat
zamanı 80 nəfər
faşist məhv olur, 110 nəfərdən
çoxu ağır yaralanır. Bundan bir az sonra Mixaylonun rəhbərlik etdiyi dəstə Triestdə alman hərbi xidmətçilərinin aşxanasını
partladır: yenə
50-dən çox alman
zabiti ölüsü,
100-dən artıq əsgər
və digər əhli-faşist yaralısı.
Faşistlərin yuxarı eşelonunu
olmazın təşvişlərə,
yerli əhalini isə heyrətlərə
qərq edən həmyerlimiz almanların
II Pikkolo qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa
yaxınlığında 200 ton benzin anbarını da partlatmışdı.
Mixaylonun adı faşistlərin informasiya
banklarında daha tez-tez hallanırdı: onlarca dəmir və şosse yolları körpülərinin,
çoxlu faşist avtomaşınlarının partlayışı,
700 nəfər yerli partizan və sovet əsirini əsarətdən qurtarışı...
1944-cü
il noyabrın
16-da Mehdi Hüseynzadə,
partizan birləşməsi
qərargahının tapşırığı
ilə faşistlərin
böyük hərbi ləvazimat anbarını
partladıb geri qayıdarkən faşist keşikçiləri ilə
üz-üzə gəlir.
Xeyli faşist öldürən
qəhrəman döyüşçü
ağır yaralanır,
çoxlu qan itirərək həlak olur. Mixaylonun ölüm xəbəri
bütün Adriatik sahilinə yayılır.
Çepovan kəndində qəhrəmanın
başdaşı üzərinə
bu sözlər həkk olunub: Rahat yat, Azərbaycan
xalqının qəhrəman
oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin
ölməz rəşadət
dostlarının qəlbində
daim yaşayacaqdır.
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.-26
dekabr.- S. 12.