İsveçrədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

 

Bern şəhərinin ən məşhur konsert salonlarından olan Kursaalda Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı və ARDNŞ-nin İsveçrə nümayəndəliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunan bayram tədbiri keçirilib.

Əvvəlcə səfir Əkrəm Zeynallı çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixçəsi barədə məlumat verib, azərbaycanlı diasporunun təşkilatlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gördüyü işlərdən danışıb. Səfir həmçinin 2014-cü il ərzində Azərbaycan-İsveçrə münasibətlərində baş vermiş əsas hadisələrə nəzər salıb, qarşılıqlı dostluq münasibətlərinin ildən-ilə gücləndiyini vurğulayıb. Diplomat Azərbaycanın musiqisi, mədəni irsimizin incilərindən sayılan muğam-caz janrı barədə söz açıb, qonaqları bu üslubun layiqli davamçılarından sayılan “Emil Əfrasiyab və dostları” qrupunun ifası ilə tanış olmağa dəvət edib.

Gecədə ABŞ-dan Emil Məmmədov (piano), Alexandre Madeline (saksafon), Rafael Pannier (zərb alətləri) və Antoine Katz (bass-gitara), Azərbaycandan muğam ifaçıları - Teyyub AslanovArzu Əliyeva və onları müşayiət edən Malik Mansurov (tar), Şirzad Fətəliyev (balaban) və Kamran Kərimovun (nağara) ifasında konsert proqramı təqdim olunub. “İki dünya” adlı proqram böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 10.