Misirin məşhur istirahət mərkəzi
azərbaycanlı turistləri gözləyir
Ölkəmizin media nümayəndələri Şarm Əl-Şeyx səhərində səfərdədir
Dekabrın 22-də
Azərbaycanın kütləvi informasiya
vasitələrinin bir qrup
nümayəndəsi Misirin Turizm Nazirliyinin dəvəti
ilə bu ölkənin məşhur turizm mərkəzi olan Şarm Əl-Şeyx səhərinə səfərə
gediblər.
Bu ilin avqust ayında Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi heyətin Misirə səfəri zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi ilə bağlı danışıqlar aparılmışdı. Azərbaycanlı media mənsublarının Şarm Əl-Şeyxə səfəri də bu danışıqların nəticəsi olaraq gerçəkləşir.
Dekabrın 23-də Misirin Cənubi Sinay yarımadasının qubernatoru general Xalid Fudanın azərbaycanlı jurnalistlərlə görüşü oldu. Görüşdə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev də iştirak edirdi.
Qubernator Azərbaycan-Misir münasibətlərinin, dostluq əlaqələrinin inkişafından söz açaraq buna nümunə kimi “qardaş şəhərlər” layihəsini göstərdi. Bildirdi ki, Misirin Kalyopeya şəhəri ilə Azərbaycanın Xırdalan şəhəri qardaşlaşıb və hazırda Şarm Əl-Şeyx şəhəri ilə Qəbələ şəhərinin də qardaşlaşması üçün hazırlıq işləri görülməkdədir. Azərbaycan media nümayəndələrinin diqqətinə o da çatdırıldı ki, Misirdə turizmin bütün növləri inkişaf etdirilib və Cənubi Sinay qubernatorluğu da Azərbaycan turistlərini bu gözəlliklərdən zövq almağa dəvət edir. Şarm Əl-Şeyxin turizm üçün əlverişli imkanlarından, təhlükəsizlik sistemindən bəhs edən qubernator şəhərin böyük konfranslara ev sahibliyi etdiyini bildirdi.
Qubernator Azərbaycan turistlərinin dünyanın məşhur turizm mərkəzlərindən biri sayılan Şarm Əl-Şeyxdə istirahətini daha rahat təşkil etmək məqsədilə birbaşa reysin açılmasına tərəfdar olduğunu vurğuladı. Qeyd edək ki, adıçəkilən reysin açılması təşəbbüsünü “EgAz” şirkəti irəli sürüb və hər iki ölkənin nazirlikləri tərəfindən dəstəklənir. X.Fuda bu məsələnin yanvar ayında Bakıya planlaşdırdığı səfəri çərçivəsində gündəmə gətiriləcəyini bildirdi.
Hazırda Azərbaycan turistləri Şarm Əl-Şeyxə Tbilisi vasitəsilə səfər edirlər, bu isə müəyyən çətinliklər yaradır. Bakı ilə Şarm Əl-Şeyx arasında açılması planlaşdırılan birbaşa reys çətinlikləri aradan qaldıracaq. Qubernator bölgəyə gələn turistlərin təhlükəsizliyi üçün tam təminat verdi: “Bu regionda sabitlik hökm sürür və turistlərin həyatı üçün heç bir təhlükə yoxdur”.
O, birbaşa reysin açılmasının Misirlə Azərbaycan arasında nəinki turizm, eləcə də siyasi və iqtisadi əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli olacağını dedi: “Misir Azərbaycan investorları üçün açıqdır və onlar, turizmlə yanaşı, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinə sərmayə yatıra bilərlər. Bildirildi ki, yanvar ayında Azərbaycana səfəri zamanı qubernatoru bir qrup misirli iş adamı müşayiət edəcək və onlar azərbaycanlı həmkarları ilə gələcək işgüzar əlaqələri müzakirə edəcəklər.
Səfir Şahin Abdullayev Azərbaycanın Misirlə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi. Qeyd etdi ki, aviareysin açılması ölkələrimiz arasında əlaqələrin sürətli inkişafına təkan verəcək. Səfir həmçinin bildirdi ki, Qəbələ və Şarm Əl-Şeyx şəhərlərinin qardaşlaşması üzərində iş gedir və yaxın vaxtlarda müvafiq sazişin imzalanması gözlənilir.
Görüşdə Cənubi Sinay yarımadasının təhlükəsizlik xidmətinin rəhbəri general Hatem Əmin, yarımada qubernatorunun müşaviri Valid Əl-Sibai, “EgAz Holding”in prezidenti Amr Şendi iştirak edirdi.
Qubernator səfir Şahin Abdullayevə xatirə hədiyyəsi təqdim etdi, şəkil çəkdirildi. Sonda Azərbaycan media nümayəndələrinin şərəfinə qubernatorun adından ziyafət verildi.
Mehparə Sultanova
Şarm Əl-Şeyx
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 9.