“Məqsədim
Azərbaycana dost qazanmaqdır”
Əşrəf Heybətov: “Əsərlərimdə
də Azərbaycanı tərənnüm edirəm. Bu mənim vətənimə
olan borcumdur”
Yaradıcılıq sərhədsiz
uçuş meydanıdır. Yaradıcı
insanlar yalnız bu meydanda özlərini rahat və sərbəst
hiss edirlər. Həyatını sənətə
həsr edən belə insanlardan biri də Əməkdar rəssam
Əşrəf Heybətovdur.
Əşrəf Nəzir oğlu Heybətov 1951-ci ildə
Bakıda dünyaya göz açıb. 1979-cu ildə
İncəsənət İnstitutundan məzun olub.
1991-ci ildən UNESCO Rəssamlar Federasiyasının
üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri
Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri",
Azərbaycan Rəssamlar İttifaqının fəxri
üzvü, Rusiya Rəssamlar İttifaqının, Rusiya Şərqşünaslıq
Cəmiyyətinin, Azərbaycan-Almaniya Dostluq Cəmiyyəti
idarə heyətinin üzvü və daha neçə-neçə
qurumda təmsil olunan Əşrəf müəllimlə evində
görüşdük. Öyrəndik ki, H.Zərdabi
küçəsində yerləşən bu mənzil rəssamın
60 illik yubileyində ölkə başçısı
İlham Əliyev tərəfindən ona hədiyyə edilib.
Hazırda bu məkan həm də mənzil-muzeydir. Burada rəssamın gəzib-dolaşdığı
ölkələrin hər birindən nümunəyə rast gəlmək
mümkündür: “Buraya köçəndə qərara gəldim
ki, olduğum ölkələrin suvenirini, eksponatlarını
evimdə yerləşdirim. İndi hər gələn qonaq
burada müxtəlif ölkələrə aid nə isə
tapır”.
Təbii ki, muzeyin ən dəyərli eksponatları
Əşrəf Heybətovun öz əsərləridir. Onun işlərinin
əsas mövzusu Azərbaycan və xalqımızın adət-ənənələridir.
İlin çox hissəsini Almaniyada və Moskvada keçirən
rəssamı ümumtürk miqyaslı mövzular da
maraqlandırır...
Görkəmli
qırğız yazıçısı Çingiz Aytmatov
onun yaradıcılığına yüksək qiymət verərək
deyib: “Əşrəfin əsərlərində Şərqin
qədim ənənələri və Qərbin müasir plastikası
üzvi şəkildə birləşir. Bu da
seyrçini düşünməyə vadar edir”.
- Əşrəf müəllim, ildə neçə dəfə
Bakıda olursunuz?
- İldə 3-4 dəfə Bakıya gəlmək
imkanım olur.
Prezident İlham Əliyev mənə ev
verdikdən sonra daha tez-tez gəlirəm.
Çalışıram, Yeni ili Bakıda,
doğma şəhərimdə qarşılayım. Burada böyük ruh alıram, dostlarla
görüşürəm. Bütün
bunlar yaradıcılığıma müsbət təsir
göstərir. Dəniz mənzərələrini
çəkməyi, Şüvəlanda dənizə yaxın ərazidə
işləməyi çox sevirəm. Bilirsiniz
ki, yaradıcılığım Moskvadan başlayıb.
Bakıda İncəsənət İnstitutunu
bitirdikdən sonra Xalq rəssamı Tahir Salahovun köməkliyi
ilə Moskvaya getdim. 1980-ci ildə Moskvada
Olimpiada keçirilirdi. Həmin ərəfədə
idman kompleksləri və müəyyən binaların üzərinə
mozaikalar işlədim. 1981-ci ildə Moskva
Beynəlxalq Münasibətlər İnstitutunda ilk sərgim təşkil
olundu.
-
Dünyanın bir çox ölkələrini gəzmiş
insan kimi Yeni ili Bakıda
qarşılamağın xüsusi özəlliyini nə ilə
izah edərdiniz?
-
Yaradıcı insan üçün əsas gözəllik və
ruh yaxınlığıdır. Qanım və
canım məni Bakıya, Vətənə çəkir.
Vətəndən yaxşı məkan ola
bilməz. Buna görə də
yaradıcılığımın əsas mövzusu Azərbaycan,
Abşeron və Bakıdır. Həmçinin
xalq tipajları da bu silsilədə özünə yer
alır. Abşeronda çox qədim, dərin
izlər, Yanardağ kimi ecazkar yerlər var.
Nağılvarı bir məkandır bu yerlər.
- Vətənin
daha hansı məkanları sizi cəlb edir?
- Şəki. İlk dəfə Şəkiyə 17 yaşım
olanda, dostum, görkəmli sənətkarlarımız
Cövdət Hacıyevin və Əminə Dilbazinin
övladı İsmayıl Hacıyevlə birlikdə getdim və
o gündən bu günə bu qədim şəhər mənim
üçün sirli bir aləmdir. Azərbaycana gələndə
hər il bir rayonda əhali ilə
görüşlərim olur, rəssamlıqla maraqlananlar
üçün ustad dərsləri təşkil edirəm.
5-6 il əvvəl Şəki sakinləri
ilə görüşə getmişdim. Bugünlərdə
isə Qubada görüşüm nəzərdə tutulub.
- Belə
görüşlərin nəticəsi necə olur?
- Xalqla
görüşlər ölkəmizə dərindən bələd
olmağıma imkan verir. Ustad dərsləri
zamanı orada rəssamlığa meyli olanlara müəyyən
qədər yardım edə bilirəmsə, bu mənə
xoşdur. Etnoqrafik məkanlar, tarix və mədəni
irslə tanışlıq insana böyük zövq verir.
- Rəsmi
olaraq iş yeriniz varmı?
- Mən
azad rəssamam. Səyahəti çox sevirəm.
Etiraf edim ki, dərs deməyə elə də səbrim
yoxdur. Berlin-Moskva-Bakı bu
üçbucaqda yaşayan insanam. 15 il
Moskvada yaşamışam, 18 ildir ki, Berlində oluram. Buna
görə də rəsmi iş yerim olmayıb.
- Bu şəhərlər
içərisində yaradıcılığınızda
mühüm əhəmiyyət kəsb edəni
hansıdır?
-
Sözsüz ki, doğma Bakı mənə daha rahatdır. Amma yaradıcılığımda Moskva
dövrü mühüm əhəmiyyət kəsb edib.
Orada yaşadığım müddətdə zəngin mədəni
mühitlə tanış oldum. Tanınmış, ustad monumentalistlərdən dərs
aldım, onlarla ünsiyyətdə olub təcrübə
qazana bildim. Tələbəlikdən bu mənim
ən böyük arzum idi. Həm də o
vaxtlar Moskva böyük mədəniyyət mərkəzlərindən
biri idi. Həyatımda Tahir Salahov və
Çingiz Aytmatov kimi təvazökar və səmimi insana rast
gəlmədim. Onlar dahi insanlardır.
Çingiz Aytmatovla uzun illər dostluq etdik.
O deyirdi ki, Əşrəf mənim ruh dostumdur. O,
Lüksemburqda səfir işlədiyi zamanlar həmin şəhərdə
bir neçə dəfə sərgilərim olmuşdu. Sənəti yüksək dəyərləndirən
insan idi.
- Ən çox hansı üslubda işləyirsiniz?
-
Yağlı boya və qrafika üslubunda əsərlərim
çoxdur. Eskizlərim əsasında Nepalda
Tibet motivləri mövzusunda xalça toxundu. Bu bizim Şərq xalçalarının
naxışlarından fərqlidir. 2010-cu
ildə Frankfurtda alman nağıllarına
illüstrasiyalarım və iki kitabım işıq
üzü gördü. Bakıda “Şərq
dünyası” adlı 100 əsərimin yer aldığı
kataloq da maraqla qarşılandı. Bir neçə il əvvəl Bakı Slavyan Universitetində sərgim
təşkil olundu. Burada dizayn, monumental, portret və s. əsərlərim
təqdim edildi. Vatikanda Roma Papasının, Almaniyada kansler
Angela Merkelin və digərlərinin portretini işləmişəm.
Amma mənim üçün ən böyük
fəxr ölkəmizin birinci xanımı Mehriban
Əliyevanın portretidir. Foto əsasında
işlədiyim əsəri Mehriban xanımın Almaniyaya səfəri
zamanı ona hədiyyə etdim.
- Azərbaycan-Almaniya Dostluq Cəmiyyətinin sədri
kimi missiyanız nədən ibarətdir?
-
İctimai fəaliyyətdə əsas məqsədim Azərbaycana
dost qazanmaqdır. Bununla da mədəniyyət və
incəsənətimizi dünyanın bir çox yerlərində
tanıtmaq imkanım oldu. Konfrans və
simpoziumlar zamanı bu imkanımdan istifadə etməyə
çalışıram. Dünya Şərqşünaslarının
Konqresi kimi nüfuzlu tədbirlərdə Əşrəf Heybətov
olaraq deyil, Azərbaycanı təmsil edən rəssam olaraq təqdim
edilirəm. Əsərlərimdə də
Azərbaycanı tərənnüm edirəm. Mənim
silsilə rəsmlərimdə əks olunan Azərbaycan
gözəlləri, milli geyimlərimiz və s. bütün
dünyada sərgilənib. Bu mənim vətənimə
olan borcumdur. Hər birimiz təbliğat
aparmalıyıq. Heydər Əliyev
Fondunun dəstəyi ilə müasir Azərbaycan rəssamlarının
işləri bütün dünyada təbliğ edilir.
- Evinizdə
nümayiş etdirdiyiniz eksponatlardan məlum olur ki,
dünyanın çox ölkəsində olmusunuz...
-
Çox zaman insanlar Parisdə, Londonda olmuşam deyə fəxr
edirlər. Amma bu gün paytaxtımıza
çatan ikinci şəhər tapmaq çətindir. Bakı güclü iqtisadiyyatımız sayəsində
günü-gündən gözəlləşir. İqtisadiyyat gücləndikcə mədəniyyəti
də öz arxasınca aparır və mədəniyyət
sahəsinə böyük investisiyalar ayrılır. Dövlətimizin bu siyasətini dəstəkləmək
hər birimizin borcudur. Xaricdə yaşayan
incəsənət adamlarımız da Azərbaycanın
imicini yüksək saxlamaq və qorumaq üçün səylərini
əsirgəməməlidirlər. Mən
vətənpərvər insanları çox sevirəm və
dəyərləndirirəm. Çalışaq, problemlərimizi
evimizdə, yəni Azərbaycanda öz aramızda həll edək...
- Hobbiniz
varmı?
- Azərbaycan
filmləri, din, tarix və ekologiya mənim maraq göstərdiyim
sahələrdir. Ekologiya həm siyasət, həm
də sənətlə bağlı sahədir. Yaradıcılığımda ekologiyaya həsr edilən
əsərlər də üstünlük təşkil edir.
Ekoloji problemlərə dair layihələrdə
iştirak edirəm. Digər hobbim isə
kitab yazmaqdır. Hazırda “Zaman və təsadüflər”
adlı kitab üzərində işləyirəm. Doqquz bölmədən ibarət olan bu kitabda həyatımda
görüşdüyüm maraqlı və görkəmli
insanlar haqqında fikirlərim, səyahət etdiyim ölkələr
haqqında materiallar yer alacaq.
- Nə
kimi yeni layihələriniz var?
-
Özümü bir daha xoşbəxt rəssam hesab edirəm
ki, 2016-cı ilin aprel ayında Moskvada Şərq Xalqları
Muzeyində “Türk dünyası” adlı sərgim
planlaşdırılıb. Səbirsizliklə və
çox ciddi şəkildə bu sərgiyə
hazırlaşıram. Düzdür, 2012-ci
ildə Almaniyada belə sərgilərim olub. Orada türk konsulluqları mənim sərgilərimi
təşkil ediblər. Moskvada isə
“Bakı və bakılılar” adlı sərgim ilk dəfə
2011-ci ilin oktyabrında nümayiş etdirilib. Sərgini Rusiya Azərbaycanlı Gənclər Təşkilatının
(AMOR) sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
xanım Əliyeva açmışdı. Ankarada TÜRKSOY-un qərargahında da yubiley sərgim
maraqla qarşılandı. Moskvada təşkil
olunacaq sərginin də uğurla keçəcəyinə əminəm.
- Yeni ildə
xalqımıza arzularınız...
- İlk olaraq bütün xalqımıza
cansağlığı diləyirəm. Xaricdə
yaşayan həmvətənlərimizə isə sözdə
də, işdə də birlik arzulayıram. Ancaq birliyə
can atmalıyıq. Biz o zaman güclü ola
bilərik.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 8.