Xeyriyyəçiliyə
həsr edilən şair ömrü
Dekabrın 24-də Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Qafqaz-Media” İctimai Birliyinin sədri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun həkim-kardioloqu, şairə Azadə Abbasqızının 50 illik yubileyinə həsr edilən tədbir keçirildi.
Mərasimi giriş sözü ilə AYB-nin katibi, Xalq şairi Fikrət Qoca açaraq Azadə Abbasqızını təbrik etdi, onun ədəbi və ictimai fəaliyyətini yüksək qiymətləndirdi.
Filologiya elmləri doktoru Knyaz Aslan, Xalq artisti Məleykə Əsədova, həkim, şair Zakir Ağdamlı, Dağıstan Jurnalistlər Birliyinin sədri Bikəxanım Əlibəyova, Əməkdar artist Eldost Bayram, şair Oqtay Rza və başqaları Azadə Abbasqızının yaradıcılıq məziyyətlərindən danışdılar, xeyriyyəçilik fəaliyyətini təqdirəlayiq hesab etdilər.
Çıxışlardan sonra müəllifin “Nə yaxşı ki, dəniz varmış” kitabından şeirlər səsləndirildi. Tədbir çərçivəsində yubilyarın 50 illiyi münasibətilə “Adiloğlu” nəşriyyatında çap olunmuş “Seçilmiş əsərləri”nin birinci cildinin təqdimatı da keçirildi.
Sonda yubilyara fəxri fərman, diplom və xatirə hədiyyələri təqdim olundu. Azadə Abbasqızı tədbirin təşkilatçılarına və iştirakçılarına öz dərin minnətdarlığını bildirdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 7.