Turizm təhsilində yeniliklərə
ehtiyac duyulur
Cəfər Cəfərov: «Turizm və Menecment Universiteti daha keyfiyyətli kadrlar hazırlamaq üçün imkanlar yaradacaq»
Dekabrın
22-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Mədəniyyət və
Turizm Nazirliyinin Turizm İnstitutunun
bazasında ali təhsilin bütün
pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata
keçirən Azərbaycan Turizm və Menecment Universiteti
yaradılması barədə sərəncam imzalayıb. Sərəncamdan
irəli gələn işlər, bu qərarın
Azərbaycanda turizmin inkişafına verəcəyi
töhfə, eləcə də 2014-cü ilin
yekunları ilə bağlı suallarımızı artıq Turizm və Menecment
Universitetinə çevrilmiş təhsil
ocağının rektoru Cəfər Cəfərov
cavablandırır.
- Bu sənədlə ölkə Prezidenti Azərbaycanın gələcəyi ilə bağlı düşüncələrini ortaya qoyub. Sərəncam iqtisadiyyatın vacib sahəsi olan turizmin inkişafına dövlət tərəfindən nə dərəcədə diqqət göstərildiyini bir daha göstərir. Bu sahədə kadr hazırlığının təkmilləşdirilməsi sərəncamdan irəli gələn əsas məsələdir. Bu, ilk növbədə, Azərbaycan təhsilində artıq mövcud olan strukturun yeni bir mərhələyə çıxması deməkdir. Eyni zamanda qeyd etmək istəyirəm ki, yeni universitet spesifik bir tədris ocağı olacaq. ATİ-nin kollektivinin daha çox işlər görmək imkanı, potensialı və arzusu vardı. Mövcud maddi-texniki baza bu istəklərimizin həyata keçməsinə tam imkan vermirdi. Sərəncamda nəzərdə tutulan işlərin reallaşması Azərbaycan iqtisadiyyatına daha keyfiyyətli kadrlar hazırlamaq üçün böyük imkanlar açacaq. Digər tərəfdən, məsələ yalnız turizmlə məhdudlaşmır. Turizm və Menecment Universitetinin yaradılması o deməkdir ki, turizm aparıcı sahə olmaqla yanaşı, idarəetmənin başqa sahələrində də kadr hazırlığı ilə bağlı bu ali təhsil ocağının üzərinə vəzifələr qoyulur. Ümumi götürsək, bu universitetdə təhsilin bütün mərhələləri üzrə turizm və menecment üzrə kadrlar hazırlanacaq. Yenilik fəaliyyət dairəsini genişləndirəcək. Açığını deyim ki, ATİ mövcud baza çərçivəsində olan mümkün həddə qədər gəlib çatmışdı, bundan sonrakı inkişafdan ötrü əlavə nəfəsə ehtiyac duyulurdu. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində möhtərəm Prezidentin belə bir sərəncam imzalaması bizi sevindirməklə yanaşı, üzərimizə böyük məsuliyyət qoyur. Bu, böyük bir etimaddır və onu doğrultmaq üçün artıq qüvvələr səfərbər olunur.
- Məlumdur ki, Azərbaycan
turizmində kadr
çatışmazlığı var. Yeni universitetin yəqin qəbul planı da artırılacaq.
- ATİ-nin mövcud bazası qəbul planını artırmağa
imkan vermirdi. Sərəncamda təhsil ocağının
maddi-texniki bazasının
genişləndirilməsi, müvafiq
tədris şəhərciyinin
yaradılması nəzərdə
tutulur. Bu, neçə illərdir bizim ürəyimizdə olan arzuların reallaşması deməkdir.
Tədris şəhərciyində müasir təlim hoteli və restoranı, tələbə
yataqxanaları, müəllimlər
üçün lojmanlar
və s. yaradılacaq.
ATİ Bakı Turizm və İdman Kollecinin maddi-texniki bazası əsasında yaradılmışdı.
Bir əsasda 9 il ərzində
ölkədə inkişaf
etməkdə olan turizm sahəsi üçün zəruri
kadr ehtiyaclarını
ödəməyə çalışmışıq.
Bundan sonra bizi daha
geniş fəaliyyət
gözləyir.
- Yeni universitetdə fakültələrin və
ixtisasların sayının
artması gözlənilirmi?
- ATİ-də tədris olunan 11 ixtisasdan biri turizm və
hotelçilikdir. Biz günün tələbatına
cavab vermək məqsədilə turizmə
yaxın olan sahələr üzrə də ayrı-ayrı ixtisaslarda kiçik qruplarda tələbə qəbulu aparırdıq.
Yeni baza yaradılacağı təqdirdə onların genişləndirilməsi nəzərdə
tutulur. Amma yenə aparıcı
ixtisas turizm olacaq. Ola bilsin,
ixtisasın bölünməsi
ilə bağlı reyestrə təkliflərimiz
olsun. Turizm və hotelçiliyin
artıq təsdiq olunmuş ayrı-ayrı proqramlar əsasında aparılması, fakültələrin
müxtəlif fakültələrə
bölünməsi kimi
məsələlər gündəmdədir.
- Turizm İnstitutundakı mövcud kadr
potensialı sərəncamdan
irəli gələn məsələləri reallaşdırmaq
üçün yetərlidirmi?
- Bizim məqsədimiz odur ki, öz
məzunlarımızdan kadr
kimi istifadə edək. Artıq ATİ-nin 15-ə qədər əməkdaşı
öz məzunlarımızdır.
Beş il
öncə bu sərəncamdan irəli gələn məsələləri
həyata keçirmək
üçün kadr potensialı olmaya bilərdi. Amma indi öz məzunlarımızın gücünə
də əsaslanırıq,
eyni zamanda xaricdə təhsillə bağlı yeni dövlət proqramı çərçivəsində kənardan kadrlar cəlb etməklə, yerli turizm sənayesində
çalışan və
müəllimlik qabiliyyəti
olan mütəxəssislərin
dəvət olunması
hesabına bu işi yeni səviyyəyə
qaldırmaq imkanları
yaranır.
- Azərbaycan turizmində başlıca problemlərdən
biri də idarəçiliklə bağlıdır.
Yeni universitet bu problemi həll etməyə imkan verəcəkmi?
- Şübhəsiz ki,
bu problem də öz həllini tapacaq. Hazırda ATİ-nin 995 məzunu
sənayedə çalışır.
Onların bir çoxu
turizm müəssisələrində
aparıcı mövqe
tutublar. Amma bu yenə də kifayət deyil. Bu yaxınlarda Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutunun birgə apardığı araşdırmalar
da onu göstərir
ki, 2023-cü ilədək
ölkəmizin turizm sahəsində kadrlara olan tələbat tam ödənilməyəcək. Həmin müddətə kimi turizmin ayrı-ayrı sahələri üzrə
kadra olan tələbatın (sahələrdən
asılı olaraq) beşdəbirinin ödəniləcəyi
gözlənilir. Kadrlara
olan ehtiyac müəyyənləşdirilərkən həm ATİ-də, həm də ölkənin bir sıra ali
təhsil müəssisələrində,
o cümlədən kolleclərdə
turizm sahəsi üzrə hazırlanan kadrlar nəzərə alınıb. Bu baxımdan
belə sərəncamın
verilməsi böyük
bir uzaqgörənliyin,
ölkənin gələcəyi
üçün məsuliyyətin
göstəricisidir.
Hotellərdə, iaşə müəssisələrində
insanlar xidmət keyfiyyəti ilə bağlı problemlərlə
üzləşirlər. Şübhəsiz ki, bu da
ümumi idarəçilik,
menecmentlə bağlıdır.
Xidmət personalının hazırlığı da ayrıca problemdir. Bu xüsusda ATİ-nin nəzdində fəaliyyət göstərən
Bakı Turizm Peşə Məktəbinin
işinin təkmilləşdirilməsi
ilə bağlı addımlar atmağı düşünürük. Yaxın gələcəkdə peşə
məktəbinin 5 regional filialının
yaradılması nəzərdə
tutulur. Azərbaycan Turizm və
Menecment Universitetinin fəaliyyəti yekunda turizm əmək bazarında yeni keyfiyyətli kadrların ortaya çıxması imkanını yaradacaq.
Bu isə öz
növbəsində rəqabət
mühiti, o da daha keyfiyyətli xidmətin təqdim olunması üçün
şərait yaradacaq.
Əmək bazarında bolluq
turizmin ümumi inkişafına müsbət
təsir edəcək.
Bu, uzunmüddətli bir prosesdir, nəticələrin də
ölkəmizin gələcəyi
üçün faydalı
olacağına inanıram.
- Rəhbərlik etdiyiniz təhsil ocağının
fəaliyyətinin 9-cu ili başa çatır. Ötən dövr nə
ilə yadda qaldı?
- ATİ yarananda cəmi 200 tələbəsi vardı,
1 fakültə, 2 kafedra,
3 ixtisasla işə başladıq. Hazırda 3 fakültə, 10 kafedra, 11 ixtisas üzrə bakalavr səviyyəsində 1527 nəfər
təhsil alır.
Bundan başqa, magistraturada 146, doktoranturada
55, ikinci ali
təhsildə 27, ilk peşə
ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas
üzrə 460 şagird
biliklərə yiyələnir.
Beləliklə, bütövlükdə ATİ
ailəsində 2215 gənc
turizm sahəsi üçün müxtəlif
səviyyəli mütəxəssis
kimi hazırlanır.
Qeyd etdiyim kimi, 995 məzunumuz hazırda müxtəlif sahələrdə
çalışır. Magistr məzunlarımız da ötən ildən fəaliyyətə başlayıblar.
Bu yaxınlarda ilk doktorantlarımızın işləri
müdafiəyə buraxılacaq.
Yeni iş yerlərinin açılması ilə
yüksək intellektli
mütəxəssislərə də tələbat artır və bununla da ali təhsildə keyfiyyətin əhəmiyyəti
gündəmə gəlir.
Artıq
bir neçə ildir ki, tədris
yeni prinsiplərə
- Bolonya prosesinin tələblərinə əsasən
həyata keçirilir.
ATİ bu prosesi tam şəkildə həyata
keçirən ilk ali təhsil müəssisələrindən biri oldu. Əslində ATİ-nin işi yalnız
kadr hazırlığı
ilə yekunlaşmadı,
Azərbaycanın təhsil
mühitində bir çox yeniliklərə imza atdı. ATİ ikili diplom
praktikasını, tam semestr
praktikasını, xaricə
tələbələrin kütləvi
şəkildə göndərilməsi
kimi məsələləri
ilk dəfə tətbiq
edib. Tədris-təlim-təcrübə-tədqiqat modelinə üstünlük
veririk. Müxtəlif beynəlxalq qurumların,
assosiasiyaların üzvüyük,
dünyanın bir çox ölkələrinin
universitetləri ilə
əməkdaşlıq edirik.
İxtisasartırma, yenidən hazırlanma istiqamətində qısamüddətli
kurslar həyata keçiririk. 30-dan çox
sənaye nümayəndəsi
ATİ-də əlavə
təhsil proqramı üzrə təhsil alır. Bacarıqlı xidmət personalının
hazırlanması üçün
təlim mərkəzi
yaradılıb. Beynəlxalq Turizm
Bələdçiləri Federasiyası
ilə birlikdə Azərbaycanda bələdçilərin
beynəlxalq sertifikat alması ilə nəticələnən kurslar
təşkil olunub.
Bunların hamısı çox
önəmli addımlardır,
2014-cü ildə davam
edib, inşallah, növbəti illərdə
də davam edəcək.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 7.