Azərbaycanın
Fransa kanallarında reklamını 100 milyon nəfər izləyib
Azərbaycanın turizm potensialının nüfuzlu xarici telekanallarda yayımlanması tədbirləri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə Fransa televiziya kanalları arasında əməkdaşlıq uğurla davam etdirilir. Bunun məntiqi nəticəsi olaraq 2014-cü ildə Fransanın "TV5 Monde" və "France 24" telekanallarında ölkəmizin turizm potensialını təbliğ edən reklam çarxı nümayiş olunub.
"TV5 Monde" kanalından alınan məlumata əsasən qeyd etmək olar ki, bu müddət ərzində reklam çarxı ən baxımlı vaxtlarda (prime time) 378 dəfə nümayiş etdirilib və 4 milyona yaxın insan tərəfindən izlənilib. İzləyici sayında 2013-cü illə müqayisədə 15% artım müşahidə olunur. 2014-cü ildə adıçəkilən telekanalda ölkəmizin reklam çarxı 18 həftə yayımlanıb. Qeyd edək ki, həftə ərzində bu telekanalı fransız, ingilis və ərəb dillərində ümumilikdə 55 milyon tamaşaçı izləyir.
"TV5 Monde" telekanalının www.tv5monde.com veb səhifəsinə hər ay 5 milyon nəfər daxil olur.
Azərbaycana dair reklam çarxı
həmçinin "France24" telekanalında da yayımlanıb. Maraqlıdır ki, Şimali
Afrika, Yaxın Şərq və Avropada yayımı əhatə edən bu televiziya kanalını
həftə ərzində
45 milyon nəfər izləyir.
Ümumilikdə qeyd olunan telekanallarda
Azərbaycana həsr olunmuş reklam kampaniyasını 100 milyondan
artıq tamaşaçı
izləyib.
Fransa və digər fransızdilli turistlərin cəlb edilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycanın turizm potensialının bu ölkədə təbliğatının
2015-ci ildə də davam etdirilməsi üçün Mədəniyyət
və Turizm Nazirliyi ilə adıçəkilən telekanallar
arasında danışıqlar
davam etdirilir.
Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 5.